Qars müqaviləsi– 100
Bu il oktyabr ayının 13-də Beynəlxalq Qars müqaviləsinin imzalanmasının 100 illiyi tamam olub. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2021-ci il 8 fevral tarixli Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “...Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir”.
Ötən əsrin əvvəllərində Rusiyada baş verən fevral inqilabının qələbəsindən və oktyabr çevrilişindən sonra ucqarlarda da vəziyyət xeyli ağırlaşmışdı. Bu zaman imperiyanın tərkib hissəsi kimi Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da gərgin vəziyyət yaranmışdı. Muxtariyyət ərəfəsində Naxçıvan diyarında baş verən hadisələr, Andranik başda olmaqla erməni quldurlarının törətdikləri milli qırğınlar, bununla əlaqədar olaraq dəhşətli və faciəli şəkil almış ictimai və siyasi vəziyyət Cənubi Qafqaz hüdudları çərçivəsindən kənara çıxaraq beynəlxalq problemə çevrilmişdi.
O zaman Naxçıvan regionunu idarə etmək üçün 1918-ci ilin ortalarında Cəfərqulu xanın başçılığı ilə Naxçıvanın vətənpərvər qüvvələrini, müəllim və ziyalıları birləşdirən Müsəlman Milli Komitəsi yaradılmışdı. Naxçıvanda yaradılan Milli Komitə əhalisi azərbaycanlılardan ibarət olan Mehri, Ordubad, Culfa, Şahbuz, Şərur-Dərələyəz bölgələrini öz himayəsi altına almışdı. Lakin bu ərazi və torpaqlar üzərində “böyük Ermənistan” yaratmaq xəyalı ilə yaşayan ermənilər həmin əraziləri işğal etmək niyyətlərindən biranlıq da olsa əl çəkmək istəmirdilər və indi də bu xülya ilə yaşayırlar. AXC dövründə olduğu kimi, bolşevik hakimiyyəti dövründə də Azərbaycana qarşı iddia olunan ərazi məsələləri davam etdirilirdi ki, bu ərazilər də, əsasən, Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ idi.
1920-ci il iyulun 28-də Naxçıvan sovetləşdi, ertəsi gün – iyulun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı “Sovet Sosialist Respublikası” adlandırdı. 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov (Bektaşi) Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova məktub yazaraq Naxçıvanın Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olduğunu elan etdi və ona birləşməyə hazır olduğunu bildirdi.
29 noyabr 1920-ci ildə Azərbaycan torpaqlarında Ermənistan SSR yaradılmasından və ertəsi gün – noyabrın 30-da N.Nərimanovun verdiyi bəyanatın qəzetlərdə saxtalaşdırılmış şəkildə nəşr edilməsindən sonra ermənilərin Naxçıvana olan iddiaları daha da genişləndi. Bu zaman V.Lenin, İ.Stalin və S.Orcenikidze Naxçıvanın Ermənistana verilməsi ideyasını müdafiə edirdilər. 1920-ci il dekabrın 2-də Gümrüdə Ermənistan hökuməti ilə Türkiyə arasında imzalanmış müqaviləyə görə Naxçıvan, Şərur və Şahtaxtıda səsvermə əsasında xüsusi idarəçilik yaradılmalı idi və Ermənistan onun işinə qarışmamağı öz öhdəsinə götürürdü. Ermənistan sovetləşdikdən sonra sovet rəhbərlərinin anti-Azərbaycan siyasəti nəticəsində Zəngəzur ərazisinin böyük bir hissəsi Ermənistan SSR-ə verildi. Bu tarixi Azərbaycan torpaqlarının hesabına Ermənistan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1921-ci il tarixli Qərarı ilə Ermənistan SSR-in tərkibində sayca 9-cu olan Zəngəzur qəzası yaradıldı. Zəngəzurun Ermənistana verilməsilə Naxçıvan bölgəsi Azərbaycanın əsas hissəsindən ayrı salındı, nəticədə, onun muxtariyyəti məsələsi gündəliyə gəldi. Bu məsələlərdən bəhs edən ulu öndər Heydər Əliyev qeyd edirdi ki, “Əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də, Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.
Sovet rəhbərlərinin Azərbaycana qarşı bu cür mənfi münasibətinə və N.Nərimanovun Naxçıvanla bağlı 1 dekabr 1920-ci il tarixli bəyanatına görə dekabrın 5-də Naxçıvan əhalisinin etirazları başlandı. Naxçıvanda vəziyyət kəskinləşdiyinə görə respublika rəhbərliyi İnqilab Komitəsinin üzvü, Ədliyyə komissarı Behbud ağa Şahtaxtinskini Naxçıvana göndərdi. Naxçıvanın muxtariyyət statusu qazanmasında və daşnak təcavüzünə qarşı əhalinin təşkilatlanmasında B.Şahtaxtinski mühüm rol oynadı. Belə ki, Behbud ağa Şahtaxtinski Rusiya XKS-nin sədri V.İ.Leninə göndərdiyi məktublarda və teleqramlarda Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin gələcəyindən duyulan narahatlığı çatdırmış, həmin mahalların milli tərkibi və coğrafiyasına dair geniş arayışlar və Naxçıvan bölgəsi ilə bağlı faydalı təkliflər vermişdir.
Ermənilər öz iddialarından əl çəkmədikləri üçün Naxçıvan məsələsi ilə əlaqədar əhalinin fikrini öyrənmək məqsədilə Behbud ağa Şahtaxtinskinin təşəbbüsü ilə 1921-ci ilin əvvəllərində Naxçıvanda “Rusiya, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilmiş rəy sorğusunda (referendumda) bölgə əhalisinin 90 faizdən çoxu Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verdi”.
Naxçıvan məsələsi Türkiyə və Rusiya arasında Moskvada keçirilən görüşlərdə də qızğın müzakirə obyekti olmuşdur. Türk heyəti 2 dekabr 1920-ci il tarixli Gümrü müqaviləsinin qüvvədə olduğunu müdafiə edərkən rus nümayəndələri bu anlaşmanı, dolayısı ilə Türkiyənin Naxçıvan üzərində himayə haqqı olduğunu qəbul etmirdilər. 9 mart tarixli görüşlərdə Naxçıvanın muxtar statusa sahib olması və başqa bir dövlətə verilməməsi şərti ilə himayəsinin Azərbaycana verilməsi qərarlaşdırılan, digər məsələləri də özündə ehtiva edən Moskva müqaviləsi 16 mart 1921-ci ildə imzalanmışdı. Türkiyə nümayəndə heyəti Naxçıvanı Türkiyənin himayəsinə ala bilməsə də, regionun Azərbaycan türklərinin əlində qalması təmin edilmiş və Naxçıvan əhalisi bir daha soyqırımına uğrayacağı halda Türk ordusunun buna biganə qalmayacağı rəsmi olaraq sənədləşdirilmişdi.
Beləliklə, Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında imzalanmış 16 maddə və 2 əlavədən ibarət Moskva müqaviləsində təsbit edildi. Naxçıvan bölgəsinin Azərbaycan Respublikasının himayəsi altında və həmin vilayətin Azərbaycan tərəfindən heç bir üçüncü dövlətə güzəşt edilməməsi şərti ilə muxtar ərazi təşkil etməsi müqavilənin üçüncü maddəsində razılaşdırılmışdı. Bu maddə Naxçıvanın taleyinin həll edilməsində tarixi əhəmiyyətə malik oldu. Bu müqavilə, eyni zamanda Rusiya ilə Türkiyə arasında mövcud olan problemləri də həll etdi.
Naxçıvanın ərazi məsələsinin müəyyənləşdirilməsi və onun muxtariyyət statusu əldə etməsində Qars müqaviləsinin rolu danılmazdır. Naxçıvanın ərazi bütövlüyünün qorunmasında, onun dövlətçilik mövcudiyyətinin qorunmasında müstəsna rolu olan Qars müqaviləsi çox ağır bir şəraitdə bağlanmışdır.
1921-ci il sentyabrın 26-da başlayan Qars konfransı oktyabrın 13-də dostluq haqqında bir tərəfdən Azərbaycan Sovet Sosialist Respublikası, Ermənistan Sovet Sosialist Respublikası və Gürcüstan Sovet Sosialist Respublikası, digər tərəfdən Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında Rusiya Sovet Federativ Sosialist Respublikasının iştirakı ilə bağlanmış müqavilə ilə başa çatdı. Tərəflər Dostluq Müqaviləsi imzalamaq məqsədilə danışıqlara başlamağı qərara aldılar. Bu məqsədlə Türkiyə Böyük Millət Məclisi Hökuməti Böyük Millət Məclisində Ədirnə millət vəkili və Şərq Cəbhəsinin komandanı Kazım Qarabəkir Paşanı, Böyük Millət Məclisində Burdur millət vəkili Vəli bəyi, İctimai işlər statskatibinin keçmiş müavini Mutar bəyi və Türkiyənin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Məmduh Şövkət bəyi, Azərbaycan Sovet Sosialist Respublikası Hökuməti Dövlət Nəzarəti Xalq Komissarı Behbud ağa Şahtaxtinskini, Ermənistan Sovet Sosialist Respublikası Hökuməti Xarici İşlər üzrə Xalq Komissarı Əsgənaz Mravyanı və Daxili İşlər üzrə Xalq Komissarı Poqos Makinzyanı, Gürcüstan Sovet Sosialist Respublikası Hökuməti Hərbi və Dəniz İşləri üzrə Xalq Komissarı Şalva Eliavanı və Xarici İşlər və Maliyyə İşləri üzrə Xalq Komissarı Aleksandr Svanidzeni, Rusiya Sovet Federativ Sosialist Respublikası Hökuməti Latviyadakı nümayəndə Yakov Qanetskini səlahiyyətli nümayəndə təyin etdilər. Müvəkkillər lazımi və qanuni formada olan səlahiyyətlər mübadiləsindən sonra razılığa gəldilər.
Müqavilə Rusiya imperiyasının keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan qəzalarından ibarət, Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-in yaradılmasını təsbit etdi. Müqavilənin hazırlanması, razılaşdırılması və imzalanması prosesində Naxçıvan ölkəsinin mənafeyini konfransda müdafiə etmək üçün Naxçıvan SSR-in XKS Şərur rayonunun Cəlilkənd sakini Tağı Səfiyevi Qarsa ezam etmişdi.
Müqavilənin müddətsiz imzalanması bölgənin gələcək taleyi üçün də böyük əhəmiyyət kəsb etmişdir. 18 gün davam edən və 6 dəfə işinə fasilə verilən Qars konfransında Moskva müqaviləsinin maddələri bir daha təsdiq edildi. Qars müqaviləsi əvvəlki müqavilənin şərtlərini daha da möhkəmləndirdi. Zorla siyasiləşdirilmiş Naxçıvan məsələsi məhz bu müqavilələrlə əhalinin arzu və tələbinə uyğun olaraq həll edilmişdi. Bu halda Naxçıvanın Azərbaycanın tərkibində muxtar respublika kimi qalması imkanı reallaşmışdır.
Müqavilənin ratifikasiya olunmasını nəzərdə tutan sonuncu – 20-ci maddədə ratifikasiya fərmanlarının mübadiləsinin İrəvanda həyata keçirilməsi qeyd olunmuşdu. Qars müqaviləsi onun imzalanmasından sonra dərhal qüvvəyə minən 6, 14, 15, 16, 18 və 19-cu maddələr istisna olmaqla, ratifikasiya fərmanlarının mübadilə olunduğu andan qüvvəyə minməli idi. Müqavilə Azərbaycan SSR MİK tərəfindən 3 mart 1922-ci ildə, Türkiyə Böyük Millət Məclisi tərəfindən 16 mart 1922-ci ildə, Ermənistan SSR MİK tərəfindən 20 mart 1922-ci ildə, Gürcüstan SSR MİK tərəfindən 14 iyun 1922-ci ildə ratifikasiya edilmiş və RSFSR-in iştirakı ilə ratifikasiya fərmanlarının mübadiləsi 11 sentyabr 1922-ci ildə İrəvanda keçirilmiş və həmin vaxtdan qüvvəyə minmişdir.
Xalqın əzmli müqaviməti və dönməz iradəsi, Türkiyənin yardımı, əsl milli siyasətçi və diplomat olan B.Şahtaxtinski kimi siyasi xadimlərin səyləri nəticəsində Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı. Naxçıvanın statusunun iki beynəlxalq müqavilədə əks olunması böyük siyasi əhəmiyyət kəsb edən bir faktdır.
Ümummilli lider Heydər Əliyev Naxçıvana rəhbərliyi dövrü, sonralar isə Azərbaycan Respublikasının Prezidenti kimi Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsində mühüm rol oynadı.
1998-ci il yanvar ayının 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında çıxış edən görkəmli siyasi xadim Heydər Əliyev bu məsələyə öz münasibətini bildirərək demişdir: “Məlumdur ki, 1920-ci ilin dekabr ayında Ermənistanda Sovet hakimiyyəti qurulan zaman Azərbaycan hökumətinin adından bəyan edilmişdir ki, Zəngəzur və Naxçıvan qəzaları Ermənistanın tərkibinə verilir… Sonra ermənilər həm Naxçıvana, həm də Dağlıq Qarabağa çox iddia etdilər. Məhz buna görə də Naxçıvanın Azərbaycanın tərkibində olması üçün 1921-ci ildə referendum keçirildi və Naxçıvan əhalisinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində olmasına səs verdi… Fikirləşmək lazımdır, nə üçün Naxçıvanın statusu beynəlxalq müqavilələrlə müəyyən olunubdur? Çünki o vaxtlar Naxçıvana göz dikənlər çox idi”.
Azərbaycan Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin 1999-cu il fevralın 4-də “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi” haqqında imzaladığı Fərmanda deyilir: “Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu RSFSR ilə Türkiyə arasında 1921-ci ilin martında imzalanmış Moskva müqaviləsində, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında 1921-ci ilin oktyabrında imzalanmış Qars müqaviləsində təsbit edildi. Naxçıvanın statusunun iki beynəlxalq müqavilədə əks olunması həm o dövrdə, həm də Azərbaycanın indiki dövründə böyük siyasi əhəmiyyət kəsb edən bir fakt kimi qiymətləndirilməlidir”.
1999-cu ilin oktyabr ayında Naxçıvanda keçirilən yubiley tədbirləri həm Qars müqaviləsinin ləğvi ilə bağlı iddialarla çıxış edən Ermənistan dövlətinin rəhbərlərinə Azərbaycanın rəsmi mövqeyinin nümayişi kimi, həm də Naxçıvanın muxtariyyət statusunun əhəmiyyətini sübut edən vacib fakt kimi qiymətləndirilə bilər.
Müəyyən dövrlərdə Qars müqaviləsinin ləğv olunmasına lüzumsuz cəhdlər edilmişdir. II Dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına çalışırdı. 2016-cı ildə bəzi rus deputatların müqavilənin ləğvi ilə bağlı tələbləri müxtəlif kütləvi informasiya vasitələrində gündəmə gəlmişdir. Əsası olmayan bu uğursuz cəhdlər tam iflasa uğramışdır.
Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası çox çətinliklərlə qarşılaşdı və erməni hücumları ilə üzləşdi. Naxçıvan Muxtar Respublikası mövcudluğu, bugünkü yaşayışı və nicatı üçün 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin burada yaşayıb işləməsinə, siyasi fəaliyyət göstərməsinə borcludur. Həmin illərdə muxtar respublika ümummilli liderin rəhbərliyi ilə qorunmuş və inkişafı təmin edilmişdir. 1995-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən cənab Vasif Talıbov Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu siyasi fəaliyyəti ilə sübut etdi. Ali Məclis Sədrinin rəhbərliyi ilə bölgədə mövcud olan problemlərin həllinə başlandı. İqtisadiyyatın dirçəlməsinə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına xüsusi fikir verildi. Muxtar respublikanın xarici əlaqələri xeyli artdı. Yeni iş yerləri yaradıldı. Naxçıvan Muxtar Respublikasında irimiqyaslı abadlıq, tikinti-quruculuq və bərpa işləri genişləndi. Bütün təsərrüfat sahələrinin, o cümlədən kənd təsərrüfatı və sənayenin inkişaf etdirildiyi Naxçıvan Muxtar Respublikasında rayon mərkəzləri və kəndlər tamamilə yenidən quruldu. Xalqın milli və mənəvi sərvətlərinin, böyük tarixi dəyərə malik abidələrin tədqiqi, mühafizəsi və bərpası sahəsində bir sıra mühüm dövlət qərarları qəbul edildi, onların qorunub saxlanması işində kompleks tədbirlər həyata keçirildi.
Bu gün inkişaf dövrünü yaşayan Naxçıvan muxtariyyət statusunun qarantı kimi Qars müqaviləsinin 100-cü ildönümünü qürur və fəxrlə qeyd edir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfəsini vermişdir. Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
Qars müqaviləsi Şərq cəbhəsində təhlükəsizliyin təmin edilməsində son və mühüm mərhələ olmuşdur. Bu müqavilə, əslində, 16 mart 1921-ci ildə imzalanan Moskva anlaşmasının yenidən təsdiqi idi. Fərq isə ondan ibarət idi ki, bu anlaşmanı sovetləşmiş Qafqaz ölkələri imzalamışdır. Qars müqaviləsi ilə Şərq sərhədimiz bu üç ölkə tərəfindən də təsdiq edilmiş və ziddiyyətli məsələlər aradan qaldırılmışdır. Bu tarixi müqavilənin imzalanmasından 100 il sonra məhz Ali Baş Komandan, Prezident cənab İlham Əliyev 15 iyun 2021-ci il tarixli Şuşa Bəyannaməsində Azərbaycanın Qars müqaviləsinə sadiqliyini təsdiq etməklə Qafqazda və dünyada ədalətli lider dövlətin, regionda sülhün və sabitliyin əsas etibarlı qarantının məhz Türkiyə olduğunu bir daha nümayiş etdirmiş oldu. Tarixi Qars müqaviləsinin hüquqi varisi kimi 100 il sonra imzalanan Şuşa Bəyannaməsi nəinki Azərbaycan-Türkiyə birliyini, qardaşlığını, əməkdaşlığını daha da möhkəmləndirəcək, hətta iki ölkənin birgə müdafiə olunmasını, bir-birini qorumasını və hərtərəfli dəstəkləməsini təmin edəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamına əsasən bu il müqavilənin 100 illiyi muxtar respublikamızda geniş qeyd edilir. İnanırıq ki, bu Sərəncamın işığında Qars müqaviləsinin tarixi yenidən və daha ciddi şəkildə araşdırılacaq, bu tarixi sənədlə Naxçıvanın muxtariyyət statusunun təsbiti və erməni işğalından qurtuluşu məsələlərinə bu günün prizmasından baxaraq daha dəqiq qiymət veriləcəkdir.
Yaşar RƏHİMOV
AMEA Naxçıvan Bölməsi, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru