Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisasının fəaliyyətə başlamasının 25 illiyi münasibətilə “Gələcəyin hüquqşünasları” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Hüquqşünaslıq ixtisası 1996-cı ildə Tarix-filologiya fakültəsinin tərkibində tədrisə başlayıb, 1998-ci ildə isə İqtisad fakültəsinin nəzdində fəaliyyətini davam etdirib. Hazırda Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin tərkibində fəaliyyətini davam etdirən ixtisas daim dövlət qayğısının əhatəsində olub. Rektor bildirib ki, tələbələr ixtisasa dair nəzəri bilikləri mənimsəməklə bərabər, müasir tədris üsullarının təcrübi bazası rolunu oynayan laboratoriyalarda tədrisdə aldıqları nəzəri biliklərinin möhkəmləndirilməsi, yoxlanılması, təcrübi bacarıq və vərdişlərlə əlaqələndirilməsini öyrənirlər. Rektor ixtisasın 25 illiyi münasibətilə müəllim və tələbələri təbrik edib.
Hüquq fənləri kafedrasının dosenti Şükür Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyəsi əsasında yaradılan fakültəyə ilk illər muxtar respublikanın hüquq-mühafizə orqanlarında və dövlət strukturlarında çalışan səriştəli və təcrübəli mütəxəssislər cəlb olunub və 1997-ci ilin iyununda Hüquq fənləri kafedrası təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şöbə müdiri Səttar Zamanov, Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov həm bu ixtisasın məzunları, həm də kafedranın müəllimləri olmaqdan qürur duyduqlarını bildiriblər.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin şöbə müdiri Cahan Bayramova, türkiyəli məzun, İstanbul Ticarət Məhkəməsinin müdiri Abdurrahman Eyuboğlu univesitetin peşəkar hüquqşünas kadr hazırlığındakı rolundan danışıblar.
Tədbirə onlayn olaraq qatılan Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin şöbə rəisi, ədliyyə polkovniki Fikrət Vəliyev arzu və təbriklərini çatdırıb, uğurlar diləyiblər.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi