21 Dekabr 2024, Şənbə

İqtisadi inkişafın əsas şərti kimi makroiqtisadi sabitliyin qorunması məqsədilə bank sektoru tərəfindən davamlı olaraq həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında real sektora kredit qoyuluşunun artması və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının yaxşılaşdırılması nəticəsində bank sektorunun maliyyə dayanıqlılığı cari ilin ötən 9 ayı ərzində də uğurla təmin olunub. İqtisadiyyata kredit qoyuluşunda müsbət dinamika qorunub saxlanılıb. Belə ki, ötən dövr ərzində muxtar respublikada verilmiş kreditin həcmi 164 milyon 900 min manata çatdırılıb. Verilmiş kreditlərin 81,9 faizi və ya 135 milyon manatı kommunal, sosial və şəxsi istehlak, 7,9 faizi və ya 13 milyon manatı kənd təsərrüfatı, 5,2 faizi və ya 8,6 milyon manatı sənaye, 2,9 faizi və ya 4,8 milyon manatı ipoteka, 2,1 faizi və ya 3,5 milyon manatı topdan və pərakəndə ticarət, səhiyyə və sosial xidmətlərin inkişafına yönləndirilmişdir.


Ötən ilin müvafiq dövrü ilə müqayisədə ən çox artım məhz kənd təsərrüfatı üzrə yönləndirilmiş kreditlərdə olmuşdur. Belə ki, bu sahə üzrə artım 33,7 faiz təşkil etmişdir. Kənd təsərrüfatı üzrə verilmiş kreditlərdə 84,7 faiz payla heyvandarlıq ən yüksək çəkiyə malik olmuş, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlar və ailə təsərrüfatları 11 milyon manatdan çox kredit resursu ilə təmin edilmişdir. Kənd təsərrüfatı yönümlü kreditlər arasında bitkiçilik 9,3 faizlə ikinci yerdə qərarlaşmış, kartofçuluğun inkişafı məqsədilə 346,9 min, bostan-tərəvəz əkinlərinə 344,8 min, taxılçılığa 293,4 min, qarğıdalı əkinlərinə 17,5 min, istixana təsərrüfatının yaradılmasına isə 202,3 min manat kredit verilmişdir. Kənd təsərrüfatının digər sahələrinin inkişafı da diqqətdən kənarda qalmamış, arıçılığın inkişafına 437,9 min, quşçuluğun inkişafına 209,4 min, meyvəçilik, üzümçülük, bağçılıq və tingçiliyin inkişafına 127,2 min, kənd təsərrüfatı məhsullarının emalı məqsədilə isə 15 min manat kredit yönləndirilmişdir.
Ümumilikdə, cari ilin ötən 9 ayında kreditlərin 153,1 milyon manatı bankların öz vəsaiti, 9,4 milyon manatı bank olmayan kredit təşkilatlarının, 1,6 milyon manatı Sahibkarlığın İnkişafı Fondunun, 800 min manatı isə Naxçıvan İpoteka Fondunun vəsaitləri hesabına verilmişdir.
Banklar tərəfindən muxtar respublikanın real sektoruna kredit qoyuluşu bundan sonrakı dövrlərdə də uğurla həyata keçiriləcəkdir.

Rəşad Quliyev
Azərbaycan Respublikası Mərkəzi Bankının
Naxçıvan Muxtar Respublikası İdarəsinin
Kredit təşkilatlarının fəaliyyətinə nəzarət
şöbəsinin aparıcı mütəxəssisi

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR