21 Dekabr 2024, Şənbə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli Sərəncamı ilə hər il oktyabrın 13-ü ölkə­mizdə dəmiryolçuların peşə bayramı kimi qeyd olunur.
Dəmir yolu təsərrüfatının ən sürətli inkişafı ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illəri əhatə edir. 1969-cu ildə respublikaya rəhbər seçilən ulu öndərin təşəbbüsü sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və inkişafa təkan verilmişdir. Belə ki, dəmir yolu üçün ən əsas amil sayılan yol təsərrüfatının və stansiyaların inkişafı ön plana çəkilmiş, yeni vağzal binaları inşa olunmuş, stansiyalarda yoldəyişən və işarəvermə qurğularının tam dispetçer mərkəzləşməsinə qoşulması təmin edilmişdir. Əgər 1969-cu ilə qədər dəmir yolunda 159 stansiya var idisə, qısa müddətdə onların sayı 176 olmuş, həmin dövrdə çəkilmiş yeni dəmir yolu xətlərinin uzunluğu 482,8 kilometrə, elektrikləşdirilmiş sahənin uzunluğu isə 1284 kilometrə çatdırılmışdır.

Ötən əsrin 90-cı illərində baş verən hadisələr, xüsusilə də erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi və bir milyondan artıq azərbaycanlının qaçqın düşməsinə gətirib çıxaran təcavüz nəticəsində Azərbaycan dəmir yoluna da ciddi ziyan dəymişdir. Belə ki, 240 kilometrdən çox dəmir yolu xətti erməni təcavüzünə məruz qalmış, Mehri-Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas ərazisindən təcrid edilərək blokadaya düşmüş və dəmir yolu əlaqəsi kəsilmişdir.
1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərən ulu öndər dəmir yolu infrastrukturunun dağılmasının qarşısını almış, daxili yük və sərnişin daşınmasında dəmir yolu nəqliyyatından istifadə olunmuşdur. Ümummilli liderin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qaydışından sonra isə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dəmiryol nəqliyyatı da özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu qayğıdan muxtar respublikanın dəmir­yol təsərrüfatına da xeyli pay düşmüşdür. Son illər Naxçıvan, Şərur, Şahtaxtı, Culfa, Ordubad sərnişin vağzalı binalarında, 12 stansiyanın İdarəetmə mərkəzlərində, cəmiyyət aparatının, eləcə də İnfra­struktur İdarəsinin inzibati binalarında əlavə olaraq 20-yə yaxın inzibati və yardımçı binada yüksək səviyyədə əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə İnkişaf Proqramı” muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına təkan vermişdir. İnkişaf proqramına uyğun olaraq mühüm dəmiryol qovşağı olan Culfa stansiyasında yerləşən Yük və Sərnişin Daşımaları İdarəsinin inzibati binası, Culfa Lokomotiv Deposu, Lokomotiv Briqadalarının İdarəedilməsi Mərkəzi və Radiorabitə sexi binası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi istiqamətində görülən işlərin davamı olaraq Qarabörk və Vəlidağ stansiyalarında yükləmə və boşaltma meydanı yaradılmışdır. 2011-ci ilin may ayından isə Vəlidağ stansiyasından Qarabörk stansiyasına qum-çınqıl, Şahtaxtı stansiyasından isə Naxçıvan və Qarabörk stansiyalarına travertin-mərmər bloklarının daşınmasına başlanılmışdır. Həmçinin Culfa stansiyasında “Naxçıvan terminalkompleks” Birliyi üçün 258 poqonometr, Naxçıvan stansiyasında isə 220 poqonometr uzunluğunda dəmir yolu xətti çəkilmişdir.
Culfa sərhəd-keçid stansiyası ərazisində də yenidənqurma işləri aparılmış, Culfa dartı yarımstansiyasının binası əsaslı təmir olunmuşdur. Ötən müddətdə Naxçıvan, Ordubad, Şərur və Şahtaxtı stansiyalarında yolların və elektrik mərkəzləşdirmə qurğularının texniki vəziyyəti yaxşılaşdırılmış, qatarların təhlükəsiz hərəkəti təmin edilmişdir. 2014-cü il dekabr ayının 26-da İnfrastruktur İdarəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş, Naxçıvan, Qarğalıq və Qıvraq dartı yarımstansiyalarında aparılan əsaslı təmir işləri başa çatdırılmışdır.
2016-cı ilin fevralın 23-də Tehran şəhərində “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Saziş imzalanmışdır. İmzalanan sazişə əsasən 2017-ci il dekabr ayının 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd qatarı fəaliyyətə başlamışdır. Bununla əlaqədar Bakı şəhərindən 3 yeni sərnişin vaqonu gətirilmişdir. Naxçıvan və Culfa stansiyalarında sərnişinlərin gömrük və sərhəd-buraxılışı qeydiyyatının asanlaşdırılması məqsədilə yeni müasir avadanlıqlar alınaraq quraşdırılmış, stansiyalarda əlavə olaraq miqrasiya və viza xidmətləri yaradılmışdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvan dəmir yolu xəttinə birləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Muxtar respublikada aparılan tikinti-quruculuq işlərinin geniş vüsət alması “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyindəki obyektlərin də simasını xeyli dəyişib. Bu tədbirlərin davamı olaraq 2018-ci il aprelin 2-də Ordubad dəmiryol sərnişin vağzalı və Yol Sahəsinin inzibati binaları, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binaları, yük anbarı, sərnişin və yük platformaları kompleks tikinti, yenidənqurma və əsaslı təmir işlərindən sonra istifadəyə verilmişdir. Bakı şəhərindən Avropa istehsalı olan 8 yeni oturacaq tipli sərnişin vaqonu alınıb gətirilmişdir. Vaqonlarda kombinasiya edilmiş istilik və soyutma sistemləri quraşdırılmış, sərnişinlərə internetdən, eləcə də televizorlardan istifadə etmək imkanı yaradılmış, hər vaqonda 2 nəzarət kamerası quraşdırılmışdır.
Xidməti ərazidə zəruri infrastrukturların yaradılması və maddi-texniki təminatın yaxşılaşdırılması məqsədilə Ordubad-Culfa sahəsində hərəkət edən yük-sərnişin qatarlarında dartı vasitəsi kimi istifadə olunması üçün 2019-cu ildə 1 ədəd ÇME-3 seriyalı 6069 saylı yeni manevr teplovozu Gürcüstan və Türkiyə üzərindən keçməklə muxtar respublikaya gətirilmişdir. Yaradılan şəraitin nəticəsidir ki, cari ilin 9 ayında cəmiyyət üzrə 98 min 290 sərnişin və 64 min 561 kiloqram yük daşınmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün ulu öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda bütün sahələr inkişaf etdirilir. Bu inkişaf dəmir yolu nəqliyyatını da əhatə etmişdir. Hər bir müstəqil ölkədə ən vacib sahələrdən biri də dəmir yolu nəqliyyatıdır. Çünki dəmir yolu nəqliyyatının inkişafı ölkə­nin müstəqilliyinin və iqtisadi qüdrətinin göstəricisidir. Blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikada da dəmir yolu təsərrüfatı qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilir”.
Cari ildə vaqon və lokomotivlərin normal və fasiləsiz istismarının təmin olunması məqsədilə qabaqlayıcı tədbirlər görülərək Bakı şəhərindən zəruri ehtiyat hissələri tədarük edilmiş, Naxçıvan stansiyası ərazisində sərnişin vaqonlarının yuyulması üçün məntəqənin tikintisi başa çatdırılaraq uzunluğu 50 poqonometr olan dəmir yolu çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən müddət ərzində “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq işlər görülmüşdür. Belə ki, dəmir yollarının əsaslı təmiri, yenidən qurulması və Türkiyə Respublikasının dəmir yolları ilə birləşdirilməsi məqsədilə Culfa-Sədərək sahəsində yeni ikili dəmir yolunun çəkilməsi istiqamətində ilkin layihələndirmə işləri həyata keçirilmişdir.
Bütün inzibati, texniki və yardımçı, vağzal binalarında, həmçinin sərnişin vaqonlarında təhlükəli pandemiyaya qarşı zəruri qabaqlayıcı tədbirlər görülərək dezinfeksiya işləri həyata keçirilmiş və bu işlər davam etdirilir.
Dəmir yolu nəqliyyatı sisteminin idarə olunmasında ixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət yetirilir. Naxçıvan Dövlər Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr üçün müasir əyani dərs vəsaitləri ilə təmin olunan auditoriyalar istifadəyə verilmişdir. Dəmiryolçu peşəsinin sirlərinin dərindən öyrənilməsi, praktik biliklərin artırılması və kadrların hazırlanması məqsədilə hər il tələbələr dəmir yolunun ayrı-ayrı strukturlarında istehsalat təcrübəsi keçirlər. Hazırda universiteti və kolleci bitirmiş 21 məzun dəmir yolunun bölmələrində müvafiq vəzifələrdə çalışırlar.
Ötən ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təcavüzünün qarşısını almaq məqsədilə ölkəmiz Vətən müharibəsinə başladı və rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək tarixi qələbə qazandı. Məğlub olan düşmən noyabrın 10-da kapitulyasiya haqqında Bəyanatı imzalamağa məcbur oldu. Üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunduğu kimi, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi bərpa olunur. Dəhliz region dövlətlərinin istifadəsi üçün zəmin yaradacaq.
Bu il mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvana növbəti səfəri zamanı Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olarkən Zəngəzur dəhlizinin əhəmiyyətini bir daha qeyd edərək demişdir: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan, təqribən, 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki açılmalıdır və açılacaqdır”.
2021-ci ilin iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Sənəddə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılması və bunun davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi nəqliyyat-kommunikasiyalarının intensivləşməsinə töhfə kimi dəyərləndirilmişdir.

Dəmir yolunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, yaradılan nümunəvi iş şəraiti, dəmiryolçulara göstərilən dövlət qayğısı onların əməyinə verilən ən yüksək qiymətdir. Belə ki, ötən illər ərzində dövlətimiz tərəfindən muxtar respublika dəmiryolçularının əməyi yüksək qiymətləndirilərək onlardan 2-si Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 1-i “Şöhrət” ordeninə, 3-ü “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adına layiq görülmüş, 27-si isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Dəmiryolçular bundan sonra da işlərini günün tələbləri səviyyəsində quracaq, sərnişinlərə yüksək səviyyədə nəqliyyat xidməti göstərəcək və muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli
Cəmiyyətinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR