Odlar yurdu Azərbaycanımızın ən qədim yaşayış məskənlərindən biri olan Naxçıvan coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri ilə turizmin inkişafı üçün əlverişli şərait yaradır. Bu diyarda, yurdumuza əsrlərin, qərinələrin yadigarı olan yüzlərlə təbiət və tarixi abidələr – Möminə xatın, Qarabağlar, Yusif ibn Küseyir, Gülüstan türbələri, bir-birindən zəngin, yaşı minilliklərə dayanan – Gəmiqaya, Kilit mağarası, Əlincə qalası, Əshabi-Kəhf, gözoxşayan gözəlliyi ilə təbiətin bütün əlvan çalarlarını özündə əks etdirən Batabat yaylağı, Göy-göl, Ağbulaq, Duzdağ və bunun kimi təbiət möcüzələri cəmləşərək analoqu olmayan turizm potensialını özündə yaşadır. Sözügedən təbiət gözəllikləri yurdumuzun hüdudlarından kənarda da minlərlə turistə məhz Naxçıvanın bu füsunkarlığını görmək üçün qucaq açır.
Bunun nəticəsidir ki, dövlətimiz tərəfindən turizm sektorunun inkişafı istiqamətində bir sıra uğurlu layihələr icra edilməkdədir. Elə ötən günlər ərzində, xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə təşkilatçılığı ilə turizmin inkişafı istiqamətində muxtar respublikamıza təxminən 50 nəfərlik bir media-turun təşkil edilməsi qeyd olunan uğurlu layihələrin davamıdır. Media-turun əsas məqsədi diyarımızın turizm potensialını qələm sahiblərinin, media nümayəndələrinin gözü ilə kütləvi informasiya vasitələrində işıqlandırmaq və geniş ictimaiyyətə çatdırmaqdır. Yüksək təşkilatçılığı ilə seçilən media-turun iştirakçıları diyarımızdan zəngin təəssüratlarla ayrıldılar.
“Baku” İnternet Televiziyasının operatoru Elgün Hümbətovla həmsöhbət olarkən söylədi ki, Naxçıvan, həqiqətən, zəngin coğrafi mühiti, füsunkar təbiəti ilə bura üz tutan hər bir kəsi özünə heyran qoyur. İlk dəfədir, səfər etməyimə baxmayaraq, heç bir yadlıq və özgəlik hiss etmirəm. Düşünürəm ki, insanların istiqanlı olması, qonaqpərvərliyi bizdə bu cür müsbət təəssüratlar yaradır. Həqiqətən, bu vaxtacan Naxçıvan haqqında eşitdiyim gözəl fikirlərin əyani sübutunu burada olduğum iki gün müddətində daha yaxından gördüm, şahid oldum.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Gülnar Mustafayeva isə media-turu Azərbaycan Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikası Turizm Departamenti ilə birgə turizmin inkişafı istiqamətində 2020-2023-cü illəri əhatə edən xüsusi proqram çərçivəsində təşkil olunan növbəti layihə kimi yüksək qiymətləndirərək dedi ki, bir jurnalist nöqteyi-nəzərindən mövzuya yanaşsaq, həm bir qonaq kimi burada olan turizm potensialı haqqında ətraflı məlumatlar qazandıq, həm də qədim diyarımız olan Naxçıvanın tarixi ilə yaxından maraqlandıq.
Azad Azərbaycan Televiziyasının müxbiri Əli Novruzəliyev budəfəki səfəri zamanı əldə etdiyi materialların hesabında müxtəlif səpkilərdə, rəngarəng və mövzu dairəsi geniş olacaq reportajlar hazırlayacağını bildirdi. Qeyd etdi ki, Əlincə qalası haqqında yaranan müsbət fikirləri və yaradıcılıq hissləri tam fərqli olacaq. O, turda iştirak etmiş bütün jurnalist həmkarlarının öz yaradıcılıqlarında burada şahid olduqları gözəllikləri işıqlandıracaqlarına əminliyini bildirdi.
Muxtar respublikamızda iki gün müddətində təşkil olunan media-turun jurnalist həmkarlarımıza qazandırdığı zəngin təəssüratlar onların yaradıcılığında öz əksini taparaq, sosial şəbəkələrdə, mətbuatda və informasiya saytlarında geniş izləyici kütləsi qazanıb. İnamla demək olar ki, medi-tur Naxçıvanda mövcud olan geniş turizm imkanlarını ictimaiyyətə çatdırmaq məqsədinə nail olub.
Naxçıvanın çoxəsrlik tarixinin canlı şahidi, məğrurluq və əyilməzliyin simvolu olan Əlincə qalası həmkarımız “Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılovun reportajının əsas süjet xəttini təşkil edir. Müəllif “Naxçıvanın əyilməzlik simvolu” adlı məqaləsində yazır: “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin birgə təşəbbüsü ilə 21-22 oktyabr tarixlərdə Naxçıvan şəhərinə təşkil edilən media-tur zamanı bu tarixi abidələrin bir qismini görmək, bölgənin turizm potensialı ilə yaxından tanış olmaq imkanımız yarandı. Ən böyük təəssüratı isə Əlincə qalası yaratdı. İlk növbədə, qeyd olunmalıdır ki, Naxçıvandakı abidələrin içərisində qalaların özünəməxsus yeri var. Muxtar respublika qalatipli yaşayış yerləri ilə zəngin diyardır. Bu ərazidə qalaların çoxluğunun başlıca səbəbi Naxçıvanın əlverişli coğrafi mövqeyinin, zəngin təbii sərvətlərinin, şəhər mədəniyyətinin və inkişaf etmiş sənətkarlığının yadelli işğalçıların diqqətini cəlb etməsidir. Mübariz xalqın daş yaddaşı sayılan Əlincəqala da yadellilərə qarşı uzun illər sinə gərən, onlara qarşı mübarizə aparan xalqın sığınacaq, müdafiə məkanı olub.”
“Yeni Müsavat” qəzetinin jurnalisti Xalidə Gəray “Dəyişən Naxçıvan, sirli abidələr, daima sərhəd keçmək məcburiyyətində olanlar” başlıqlı məqaləsində tur çərçivəsində yaşadığı hissləri qələmə alaraq yazır: “Əksər həmkarlarım, elə mənim üçün də bu ilk səfər idi. Bu səbəbdən yalnız televiziya ekranlarında, fotolarda gördüyümüz, o torpaqda böyüyüb, ərsəyə gələn insanların dilindən eşitdiyimiz, uzun illər blokada şəraitində qəhrəmancasına yaşayıb, inkişaf edən Naxçıvanı ziyarət etməyi səbirsizliklə gözləyirdik. Həm də ilk dəfə olaraq qədim yurda Ermənistanın üzərindən uçaraq yetişəcəyimizin həyəcanını yaşayırdıq...
Bir neçə ilə təəccübləndirəcək dərəcədə sürətlə dəyişən şəhər, təmiz, səliqəli küçələr və qanunlara riayət edən sakinlər...” Bloger Kübra Məhərrəmovanın da “Çalışın, naxçıvanlı dostlarınız çox olsun” başlıqlı məqaləsi zəngin təəssüratların işığında qələmə alınmış yaradıcılıq nümunəsi kimi oxucu kütləsi tərəfindən böyük maraqla qarşılanıb.
Bəli, əziz oxucularımız. Bəşər sivilizasiyasının mədəniyyət ocağı olan Naxçıvanımız, milli-mənəvi dəyərləri, çoxəsrlik tarixi, zəngin mətbəx nümunələri ilə qədimlik və müasirliyin çiyin-çiyinə addımladığı bir ünvan kimi daim ona üz tutan qonaqların diqqət mərkəzində olub. Elə mövzumuzda da sizə təqdim etdiyimiz müsahibələrdə, qələm sahiblərinin zəngin təəssüratlarının bir yerdə cəm olduğu yaradıcılıq nümunələrində də bunun bir daha şahidi oluruq.
Məcid RƏŞADƏTOĞLU