Oktyabr bu yurda qara qış da gətirdi, al-əlvan çiçəkli yaz da
Lal Arazın sahilində qulaqbatıran hayqırtılar,
yanan ürəklər, sönən çıraqlar
Xatırlamıram... Mən deyim on, siz deyin on beş il öncə... Araz çayı boyunca dolambac yollarla irəliləyirdi avtobus. Çayın o tayından dağıdılmış, viran edilmiş evlər dəyirdi gözə. Bu evlər o evlər idi ki, bir zamanlar zəngilanlılara doğma ocaq, isti qucaqdı. Baxdıqca ürəkdağlayan mənzərədən boylanan o evlər kədər, iztirab, tənhalıq, çarəsizlik, tükənmişlik hayqırışlarıyla “bizi qurtarın bu zülmdən” deyirdilər, sanki. Dili olsa, yalvarar, gözü olsa, qan ağlayardı, bəlkə də, o daşlar, o divarlar... Arazın həzin laylasını dinləyərək onun qoynuna sığınan bu evlər elə Araz qədər dərdli idi. Bu, hicran dərdi idi. Vətənindən qoparılan yurdun Vətən həsrəti dərdi...
29 oktyabr 1993-cü il... Zəngilanın işğal günü idi bu qanlı-qadalı gün. Zəngilanlıların mənəvi sıxıntılarının və öz Vətənində qaçqınlıq ağrılarının başladığı gün idi. Həmin günlərdə rayon mühasirəyə düşsə də, gözü dönmüş yağı düşmənin ordu hissələrinə qarşı Zəngilan tək döyüşürdü. Çətinliklə də olsa, hücumların qarşısı alınırdı. Əlverişli yüksəkliklər uğrunda ağır döyüşlər gedirdi. Mərmi, güllə səsləri gecəli-gündüzlü Zəngilanın aydın səmasına qara buludlar gətirirdi. Döyüşlər səngimirdi. Çox gərgin günlər yaşanırdı. Qətiyyət, vətənsevərlik düşmənin niyyətini çilikləyirdi. Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğal olunması Zəngilanın müdafiəsini xeyli çətinləşdirmişdi. Düşmən həm Mehri, həm Qafan, həm də Cəbrayılın qəsb olunmuş ərazilərindən rayonun mərkəzinə və kəndlərinə qoşun yeritdi.
Rayonda yaradılmış özünümüdafiə dəstələrinin fədakarlığı ilə zəngilanlılar düşmənin hücumlarını dəf etsə də, böyük strateji əhəmiyyətə malik olan yüksəkliklər ermənilərin əlində cəmləşmişdi. O vaxt baş verən bu hadisə “Şayıflı faciəsi” kimi tarixin qara səhifəsinə yazıldı. Həmişə Zəngilana yağlı tikə kimi baxan ermənilərin arzusu gerçəkləşdi. 1988-ci ildən başlayaraq 1993-cü ilin oktyabrına kimi ön cəbhəyə çevrilsə də, Qubadlının, Cəbrayılın işğalı Zəngilan rayonunu blokadaya saldı. Bir neçə ay blokada şəraitində yaşadı. Ermənilər Zəngilanda ikinci bir Xocalı faciəsi törədəcəkdilər ki, zəngilanlılar güclü erməni hücumlarına tab gətirməyib, köməksiz qaldıqlarından yeganə çıxış yolu kimi Araz çayını keçməyə cəhd etdilər. Bu zaman lal axan Arazın sularına əbədi qərq oldu bir çox soydaşımız. Torpaqlarımız uğrunda gedən döyüşlərdə zəngilanlılar 235 şəhid verdilər. 200-dən çox adam ömürlük şikəst oldu, yüzlərlə ailə başsız qaldı. Əhali öz doğma el-obasından didərgin düşdü.
Min bir zəhmətlə daşı daş üstə qoyub, özünə isti ocaq quran insanlar evini atıb ayaqyalın getməyə məcbur oldular. Ancaq bütün bu çəkdikləri acılar yandırılan evlərinin tüstüsünün ərşə dirənməsini izləmək qədər ağır gəlməmişdi zəngilanlılara. Yurdundan didərgin düşmüş neçə-neçə qaçqın, köçkün bu həsrətə dözə bilmədi. Ağır dərd onların qəddini əydi, yurd həsrəti neçə-neçə insanın ürəyini yandırdı. Yuvasından didərgin düşənlər də bax beləcə o həsrət tonqalının alovunda qovrulurdular.
Oğuz yurdundakı tarixi izlər
Zəngilanın çox qədim keçmişi var. Alimlərin apardığı arxeoloji qazıntılar nəticəsində məlum olub ki, eramızdan öncə də burada yaşayış məskənləri olub. Şahi-şərfan şəhəri, Məmmədbəyli türbəsi, Muğanlı günbəzi, Dəlikdaş abidəsi, Ağ Oyuq düzündəki Koroğlu daşı üzərində Orxon Yenisey əlifbası ilə yazılan daş kitabə və neçə-neçə tarixi izlər bu yerlərin qədimliyindən xəbər verir. XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzviniyə aid mənbələrdə Zəngilanın əsasının hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulduğu qeyd olunub. Zəngilan şəhərinin əsl adı Pircavan, yaxud da Pirçivan olub. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı imiş. İlk adı Pircavan оlan bu şəhər isə yalnız 1957-ci ildən Zəngilan adlandırılıb və 1967-ci ildə bu inzibati ərazi dairəsinə şəhər statusu verilib.
Əsrarəngiz Zəngilandakı zəngin təbii sərvətlər
Bir zamanlar Vətənimizin od tutub yanan xəritəsindən bir qədim türk yurdu, Oğuz elinin bir parçası kimi boylanır Zəngilan – təbiətin neçə-neçə möcüzəsinin, tarixi-memarlıq abidəsinin, qədim qalaların, uca dağların, sıx meşələrin, dərələrin, çayların, bulaqların məskəni kimi. Burada səhərlər çıxan Günəşi öncə Rəzdərə, Qaraöyün, Qazanşı, Zərnəli, Sobu zirvələri bağrına basır, mamırlardan süzülən buz bulaqların min-min damcısı sübh şəfəqlərini muncuq-muncuq doğrayır. Qədimlik, ululuq hər gün öz beşiyindən təkrar baş qaldırır.
Zəngilan cənnətməkan yurd idi. Dərdimizdən hali olan dağlar, meşələr, mərcan gözlü bulaqlar... Zəngəzur dağlarının şəlalə hörüklü sularından yaranan Araz, Həkəri, Oxçu, Bəsit, Baharlı çayları... Bar-bəhərli bağları, Beşkər, Süsən, Top meşələri vardı. Zəngilan özünün Bəsitçay çinar meşəsi ilə şöhrət qazanmışdı. Dünyada ikinci, Avropada yeganə olan bu təbii çinarlığın ümumi sahəsi 117 hektara çatırdı, 1974-cü ildə dövlət qoruğu elan edilmişdi.
20 oktyabr 2020-ci il...
Zəngilanın zəfər zənginin çalındığı o gün...
Zəngilana gedən yol Cocuq Mərcanlının həndəvərindən ötüb keçir. İndi bu yol olduqca hamar, rahat və çox genişdir. Zəngilanın işğaldan azad edilməsi yolun görkəmini də gözəlləşdirəcək. Bu yolu ruhun cana qayıdışı kimi gedəcəyik. Azərbaycan əsgərinin qüdrətinin nişanəsi kimi ağır-əziz edəcəyik, qurbanlar kəsəcəyik bu yollarda, nəzir-niyazlar deyəcəyik müqəddəs torpağımızın qayıdışına.
2016-cı ilin Aprel döyüşlərindən sonra Zəngilana aparacaq yollar bir neçə kilometr qısaldığına görə ürəyi Vətən həsrəti ilə döyünən yurdsevər zəngilanlıları əsrarəngiz və təkrarolunmaz təbiətə, zəngin yeraltı və yerüstü sərvətlərə, qədim tarixə malik doğma və unudulmaz Zəngilanımıza bir az da yaxınlaşdırdı. “Aprel döyüşlərinin davamı bizi Zəngilanla qovuşduracaq!” inamıyla gecələri gündüz edirdik...
Davamı 2020-ci ilin sentyabrın 27-də gəldi. Ermənilərin hücumuna qarşı keçirilən əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdi. Döyüşlərdə ordumuz neçə-neçə strateji yüksəkliyi, kəndləri, qəsəbələri işğaldan azad etdi. Suqovuşan, Hadrut, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Laçının, Kəlbəcərin bir çox kəndləri işğaldan azad edildi, Azərbaycan əsgəri Xudafərin körpüsündə Azərbaycan bayrağını dalğalandırdı.
Və yenə oktyabr gəldi. Yox, bu dəfə Zəngilana qara qış gətirmək üçün deyil, al-əlvan çiçəkli yazı yaşatmaq üçün... Bu dəfə gəlişiylə yurdumuza Zəngilanın zəfər sevincini gətirdi oktyabr... Qalib sərkərdə, Müzəffər Ali Baş Komandanın xalqa bəyan etdiyi “Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində azad edilən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri!..” qələbə müjdəsi qəlbi yurd sevgisiylə döyünən zəngilanlıların hər daşına, hər qayasına, kəhrizinə, bulağına, yaylağına, oylağına getmək üçün bir quştək qanad çalıb, ruh cana qayıdan təki Zəngilana qayıtmaq istəyini daha da alovlandırdı.
Həsrətdən vüsala gedəcək bu qatarlar
Birinci Qarabağ müharibəsinin açdığı yaraya İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə məlhəm oldu. Fevralın 14-də Prezident cənab İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlini qoydu. “Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə, ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”, – deyən dövlət başçımızın bu müjdəsi 30 il hicran alovunda alışıb yanan zəngilanlıların tükənməyən ümidlərini parlaq şəfəqlə saçan nurlu üfüqə çevirdi.
Zəngilanı Naxçıvana, Naxçıvanı bütöv Azərbaycana qovuşduracaq bu yollar
Bu gün Naxçıvanla Zəngilanı, təxminən, 40 kilometrlik məsafə ayırır ki, haqqında danışılan Zəngəzur dəhlizi də məhz həmin əraziləri birləşdirir. Bu il aprelin 26-da cənab Prezident, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olarkən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimi keçirildi. Təməlqoymadan dərhal sonra layihənin icrasına başlanıldı. İşğaldan azad olunmuş ərazilərdə dövlət başçımızın tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanıldı. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayan möhtəşəm işlər idi. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun həm də strateji əhəmiyyəti var. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və illərdir, blokadada qalan Naxçıvanı bütöv Azərbaycana əbədi qovuşduracaq. Elə may ayının 10-da Prezident cənab İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Ordubadda dəmir yolu stansiyası ilə tanış olduqdan sonra verdiyi müsahibəsində vurğuladığı fikirlər də xalqımızda daha böyük əminlik yaratdı: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan, təqribən, 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki açılmalıdır və açılacaqdır”.
Aydın səmalarda bərq vuracaq “ağ göyərçinlər”
“...Zəngilan Beynəlxalq Hava Limanının təməl daşını qoyduq. Yaxın gələcəkdə Zəngilanda beynəlxalq hava limanı inşa ediləcək”. Zəngilanda beynəlxalq hava limanının təməlqoyma mərasimində cənab Prezidentin söylədiyi bu fikirləri dinləyərkən necə də qürurlandıq xalq olaraq... Çünki həyata keçirilən bu tədbir Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün atılan mühüm addım idi. “Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və Şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır”. Bəli, ölkə başçısının da dediyi kimi Zəngilanda hava limanının tikilib istifadəyə verilməsi Azərbaycan üçün Şərqə yeni qapı açacaq. Başqa sözlə, Zəngəzur dəhlizinin açılması növbəti tarixi nailiyyət olacaq və Şərqi Zəngəzurdan Qərbi Zəngəzura uzanan bu nəqliyyat arteriyası, nəinki region ölkələri, eyni zamanda geniş anlamda iqtisadi fəallığı təmin edəcək.
“Ağıllı kənd”də ağlabatan, ürəyəyatan işlər
İlk olaraq Zəngilan rayonunun Ağalı kəndində təməli qoyulan “Ağıllı kənd” layihəsi... Bəs nədir mahiyyəti bu layihənin? Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri, ağıllı texnologiyalar əsasında bir-birindən gözəl, gözoxşayan binalar... Suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu unikal sistem... Azad edilmiş ərazilərdə salınan ilk “Ağıllı kənd”in sakinləri olmaqdan qürur hissi keçirən vətəndaşlar əminəm ki, bu layihə əsasında aparılan tikinti-quruculuq işlərinin yekununu və tezliklə kəndə qayıtmaq, burada həmişəlik yaşamağı səbirsizliklə gözləyirlər.
Yurd nisgilindən pöhrələnmiş sevinclərə
Bu gün xalq olaraq hər birimiz xoşbəxtik, qürurluyuq, alnıaçıq, başıucayıq. Çünki artıq soydaşlarımız doğma ocaq həsrəti, yurd nisgili ilə deyil, xoşbəxt sabahlara açılan pöhrələnmiş sevinclərlə yaşayır. Artıq al-əlvan Süsən dağları, səfalı Şükrətaz yaylağı, Çinarlı meşəsi, Bəsitçay, Oxçuçay düşmən əsarətindən qurtulub. Erməni xislətindən daşı daş üstündə qalmayan Zəngilanın qədim yurd yerlərində indi həyat yenidən canlanır. bu gün artıq bir ildir ki, müzəffər Ordumuzun rəşadəti, şəhid və qazilərimizin qəhrəmanlıqları sayəsində üçrəngli bayrağımızın Zəngilanda yenidən dalğalandığı o xoş sabahlara addımlayırıq. Övladlarının bəxtəvər gününü görüb bəxtiyar olan ana yurdum Azərbaycan! Sən artıq bütövsən, əbədisən, əzəlisən! Sən xoşbəxt övladlarının qoynuna sığındığı qibləgahsan, səcdəgahsan! Sən müqəddəs Vətənsən! Duaların qəbul oldu, anam Azərbaycan! Allah səni hifz etdi. İllər sonra qovuşduğun hər parçanla dünya durduqca var ol, azad, müstəqil, məsud, şanlı Azərbaycan!
Gülcamal TAHİROVA