04 Noyabr 2024, Bazar ertəsi

Muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsi, ixracın və investisiyaların təşviqi, yerli məhsullarımızın ixrac coğrafiyasının genişləndirilməsi, iqtisadiyyata xarici investisiyaların cəlb edilməsi istiqamətində sistemli və ardıcıl işlər aparılır. Yerli məhsullarımızın daha çox tanıdılması və satışının artırılmasında biznes dairələrinin iştirakı ilə xarici ölkələrdə keçirilən müxtəlif formatlı işgüzar tədbirlər  əhəmiyyətli rola malikdir.

Bu sahədə sərgilər, işgüzar görüş və müzakirələr əlverişli mexanizm hesab oluna bilər. Belə tədbirlərdə qida, kənd təsərrüfatı, tekstil, tikinti, inşaat, kimya, sənaye və sair sahələr üzrə muxtar respublikada istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə dünyanın müxtəlif ölkələrində ixracatçılara tanıdılır və təşviq edilir.

Belə beynəlxalq tədbirlər 2021-ci ildə də davam etdirilir. Belə ki,  20-22 oktyabr 2021-ci il tarixlərində Azərbaycanın sərgi sənayesi üçün mühüm tədbirlərdən biri “Rebuild Karabakh” sərgisidir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgənin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirmək məqsədilə “Rebuild Karabakh”-Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi "Bakı Ekspo" Mərkəzində keçirilib.

Sərgi regionun inkişafına töhfə verən tikinti, kənd təsərrüfatı, təhlükəsizlik, energetika, telekommunikasiya, səhiyyə, təhsil və digər sahələrin nümayəndələrini bir platformada toplayaraq, effektiv əməkdaşlıqların qurulmasına, aktual müzakirələrin aparılmasına və yeni sərmayələrin cəlb edilməsinə təkan verib.

Elə bu məqsədlə sərgidə Naxçıvan Muxtar Respublikasında faəliyyət göstərən “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqına daxil olan “Naxçıvan Sement Zavodu” MMC, “Naxçıvan Tikinti Materialları İstehsalat Kompleksi” MMC, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-nin nümayəndələri iştirak edib. Sərgidə ayrılacaq xüsusi pavilyonda “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqına daxil olan müəssisələr tərəfindən istehsal olunan müxtəlif tikinti məhsulları və broşürlər nümayiş olunub.

Digər bir əhəmiyyətli sərgi 20-23 oktyabr 2021-ci il tarixlərində İstanbul şəhəri TÜYAP Sərgi  Mərkəzində keçirilmiş “26-cı Avrasiya Beynəlxalq Paketləmə Sənayesi Sərgisi”dir.

Paketləmə sektorunda son texnologiyaları tətbiq etməklə hazırlanmış yüksək keyfiyyətli çeşidlərin sərgilənməsi və xarici bazarlara inteqrasiya olunmaqla satış bazarının artırılması məqsədilə təşkil olunacaq sərgidə Türkiyənin yerli firmaları daxil olmaqla, Avropa, Asiya, Amerika, Yaxın Şərq, Afrika qitələrini təmsil edən qida sənayesində paketləmə sahəsində fəaliyyət göstərən şirkətlərin məhsulları nümayiş olunub.

Tədbirdə muxtar respublikanın iri sahibkarlıq subyektlərindən olan “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin, Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin və “Xalaoğlu” süd məhsulları istehsalı müəssisəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, cari ilin əvvəlindən Naxçıvan şirkətləri Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş “Mosbuild 2021” və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan “Gulfood 2021” sərgilərində iştirak edərək 100-dən çox çeşiddə məhsul nümayiş etdiriblər. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə cari ilin ötən dövrü ərzində 8-i onlayn olmaqla, keçirilən 21 beynəlxalq tədbirdə 46 sahibkarlıq subyektinin 62 nümayəndəsi uğurla təmsil olunublar.

Muxtar respublikada işgüzar mühitin davamlı olaraq yaxşılaşdırılması, sənaye istehsalının inkişaf etdirilməsi, özəl sektorun inkişafı Naxçıvan məhsullarının xarici bazarlara çıxış potensialını daha da artırır, yuxarıda qeyd olunan mexanizmlər isə biznes üçün əlavə imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

 

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR