21 Dekabr 2024, Şənbə

2021-ci il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü tamam olur.


1920-ci ilin avqustunda imzalanmış ədalətsiz Sevr sazişi Türkiyənin dövlətçiliyini və gələcəyini təhlükə altında qoymuşdu. Türk xalqı bu ədalətsizliklə barışmayaraq 1919-cu ildə ölkədə milli azadlıq mübarizəsinə başladı. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurtuluş savaşı aparan türk ordusu ölkəni işğal etmiş düşmənə sarsıdıcı zərbə vuraraq 1922-ci ilin avqustunda böyük zəfər qazandı. Bu zəfər türk xalqının 1919-cu ildə başladığı istiqlal mücadiləsinin zirvəsi oldu və 1923-cü il oktyabrın 29-da müstəqil Türkiyə Respublikası yaradıldı.
Bu gün güclü iqtisadiyyatı, qüdrətli ordusu, demokratiya və hüquqa bağlılığı ilə Türkiyə Respublikası beynəlxalq aləmdə söz sahibi ölkələrdən biridir. Tarix boyu böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar. Hər iki dövlətin müstəqillik tarixi ağır və qanlı müharibələrdən keçsə də, ümummilli lider Heydər Əliyevin və Mustafa Kamal Atatürkün güclü siyasi iradəsi, qətiyyəti, xalqı irəliyə aparmaq əzmi məxsus olduqları xalqı və dövləti yaşatmış, bu gün də yaşadır. Ulu öndər Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur".Ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə - 1992-ci il martın 24-də Türkiyəyə ilk rəsmi səfəri zamanı “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq protokolu” imzalanmışdır. Bu səfərin nəticələri uğurlu olmuş, 1992-ci ilin 28 mayında Sədərək-Dilucu körpüsü istifadəyə verilmiş, dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə sürətlə inkişaf etmişdir.

Bu gün Azərbaycan-Türkiyə əməkdaşlığı ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkələrimiz regionda və beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayır, bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Ötən il 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə qardaş ölkələrin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə, bəlkə də, ən yüksək səviyyədədir”.
Qarşılıqlı əməkdaşlığın ən yüksək göstəricisinin nəticəsidir ki, 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentləri 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bildirərək “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzaladılar. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə davamlı inkişafını təmin edəcəkdir. Eyni zamanda Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Bununla yanaşı, tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri də Bəyannamədə qeyd olunmuşdur. Sənəddə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılması və bunun davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi nəqliyyat-kommunikasiyalarının intensivləşməsinə töhfə kimi dəyərləndirilmişdir.
Bu gün ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında iqtisadi-ticarət, təhsil, səhiyyə, turizm, mədəniyyət, ordu quruculuğu və nəqliyyat sahələrində əlaqələr uğurla inkişaf etdirilir. 2019-cu il avqustun 15-də Türkiyə ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa hava dəhlizi açılmışdır. Naxçıvan Muxtar Respublikasında Türkiyəyə məxsus sahibkarlıq subyektləri fəaliyyət göstərir. Muxtar respublikanın ali təhsil ocaqlarında yüzlərlə Türkiyə vətəndaşı müxtəlif ixtisaslar üzrə təhsil alırlar. “Erasmus+” və “Mövlana” proqramları çərçivəsində Naxçıvan Dövlət Universiteti 60-dan çox Türkiyə universiteti ilə tələbə və müəllim mobilliyi sahəsində əməkdaşlıq müqaviləsi imzalamışdır. Ordu quruculuğu sahəsində də əməkdaşlıq tədbirləri yeni mərhələyə qədəm qoymuşdur. Artıq ənənə halını almış birgə hərbi təlimlər bunun əyani ifadəsidir.
Azərbaycan-Türkiyə əlaqələri davamlıdır. İkitərəfli münasibətlərimiz bundan sonra da uğurla inkişaf edəcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri regionda əmin-amanlığın və sabitliyin qorunmasına mühüm töhfədir. Qarşılıqlı faydalı əməkdaşlıq, həyata keçirilən birgə layihələr strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir”.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR