06 Noyabr 2024, Çərşənbə

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə agentliyin, turizm bürosunun əməkdaşları, media nümayəndələri olmaqla, ümumilikdə, 48 nəfərin iştirakı ilə muxtar respublikamıza media-tur təşkil olunub. Qonaqlar tur çərçivəsində muxtar respublikanın tarixi-mədəni, gəzməli-görməli yerlərində olub, Naxçıvanın tarixi, mədəniyyəti, istehsal potensialı barədə zəngin məlumat əldə ediblər. Media-turun 2-ci günü iştirakçılar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Nuh Peyğəmbərin türbəsi, “Badamlı Mineral Sular” MMC, Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, “Duzdağ” oteli və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Badamlı bulağı və Zorbulaq qonaqlarda böyük maraq yaradıb. Qonaqlardan bir neçəsi “Şərq qapısı” qəzetinə müsahibələrində media-turun əhəmiyyəti barədə danışıb, muxtar respublika ilə bağlı təəssüratlarını bölüşüblər.

 

Kənan Quluzadə – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədr müşaviri: – Azərbaycan Dövlət Turizm Agentliyi Naxçıvan Muxtar Respublikası Turizm Departamenti ilə birgə turizmin inkişafı istiqamətində 2020-2023-cü illəri əhatə edən xüsusi bir proqram hazırlayıb, bu proqram çərçivəsində media-tur təşkil olunub. Müxtəlif yöndə, təxminən, 30 KİV nümayəndəsi bu layihədə iştirak edir və deyə bilərəm ki, ikigünlük səfər çox uğurlu alındı. Bu tədbir iki mühüm amili özündə birləşdirir. Belə ki, biz turizm agentliyi olaraq jurnalistləri muxtar respublikanın turizm potensialı ilə yaxından tanış edirik, onlar da burada gördüklərini öz oxucularına, tamaşaçılarına çatdıracaq. Ümumilikdə isə hər birimizin məqsədi Azərbaycanımızın gözəl diyarını tanıtmaq, ölkəmizin inkişafına kiçik də olsa, töhfə verməkdir.

Onu da deyim ki, Naxçıvan Turizm destinasiyası hazır, populyar destinasiyadır. Belə ki, muxtar respublikada həm infrastruktur qurulub, həm də insan potensialı inkişaf etdirilib, yəni bu sahə üzrə kadrlar hazırlanıb. Bu mənada, pandemiyadan öncə Naxçıvanda turist sayının ilbəil artımının müşahidə olunması heç də təsadüfi deyil. Bir məsələni də qeyd etmək lazımdır ki, yaxın illər ərzində pandemiya ilə əlaqədar dünyada daha çox daxili turizm inkişaf edəcək. Məhz bu media-turun qarşısında duran vəzifə də muxtar respublikanın turizm potensialını daxildə, ölkənin digər bölgələrində daha geniş şəkildə təbliğ etməkdir. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları da bu məsələyə olduqca peşəkar şəkildə yanaşır. Düşünürəm ki, çox uğurlu nəticələr əldə edəcəyik.
Naxçıvanla bağlı təəssüratlarım barədə onu deyə bilərəm ki, mən buraya 2000-ci ilin əvvəllərində jurnalist olaraq gəlmişəm, sonralar bir neçə dəfə səfər etmişəm. Sonuncu dəfə isə 2019-cu ildə burada olmuşam. Əlbəttə ki, bugünkü ilk gördüyümdən yer-göy qədər fərqlidir. 20 il ərzində böyük dəyişikliklər gedib, qədim diyarımız əsl inkişaf, quruculuq yolu keçib, daha da gözəlləşib. Mən Naxçıvanı çox sevirəm, buranın xüsusi aurası var. Bu aura təkcə coğrafiya baxımından deyil, həm də naxçıvanlı dostlarımızın yaratdığı auradır.

Şahanə Rəhimova – Azvision.az internet portalının müxbiri: – Naxçıvanla əyani tanışlığımıza vəsilə olan media-tur çərçivəsində qədim diyarımızın bir sıra yerlərində olduq. İlk üz tutduğumuz ünvan ümummilli liderimizin adını daşıyan muzey oldu ki, burada mən dahi şəxsiyyətin həyatına, çoxşaxəli dövlətçilik fəaliyyətinə məxsus çox maraqlı, heç vaxt görmədiyim fotoları, eksponatları gördüm. Daha sonra Bayraq Meydanına getdik, oradakı muzeydə Naxçıvan xanlığının bayraqlarının fotoları, nümunələrini, ərazisini əks etdirən xəritə ilə tanışlıq məndə böyük təəssürat yaratdı. Möhtəşəm Əlincəqalaya səyahət də olduqca maraqlı anlarla yadda qaldı. Orada olarkən tariximizi bir daha vərəqlədik, Əlincəqala uğrunda Teymurləngin 14 illik mübarizəsi gözlərimiz önündə canlandı. Qalaya qalxanda, oranı öz gözlərimizlə görəndə bir daha dərk etdim ki, bizim ulu babalarımız necə mübariz, qətiyyətli olub. Məncə, turistlərin mütləq şəkildə gəlib-görməli yerlərdən biridir Əlincəqala. Naxçıvana gələsən, amma bu qədim abidəni ziyarət etməyəsən, olmaz. Bir jurnalist kimi qayıdanda mütləq şəkildə Naxçıvandan bir reportaj hazırlayacam. Naxçıvan mənim yaddaşımda çox müsbət xarakterik xüsusiyyətlərə malik bir diyar kimi qalacaq.
Nuranə İbrahimova – ARB Televiziyasının müxbiri: – Özüm ixtisasca tarixçiyəm. Az bir müddətdir jurnalistika ilə məşğulam. Çox sevirəm bu sahəni. Onun qazandırdığı üstün cəhətlərdən biri də budur ki, görmədiyim yerləri gəzib görürəm. Tarixdən Naxçıvanın Əlincəqala, Əshabi-Kəhf kimi bir çox qədim yerləri barədə məlumatlarımız olsa da, əyani şəkildə görmək, incəliklərinə tamaşa etmək baxımından media-tur vacib rol oynadı. Əlincəqalanın zirvəsinədək 1800-ə yaxın pillə qalxdıq, çox maraqlı anlar yaşadıq, əcdadlarımızın qəhrəmanlıqlarına heyran olduq. Batabat, Ağbulaq, ümumiyyətlə, Naxçıvanın hər bir yeri gözəldir, baxımlıdır, zövqoxşayandır. Küçələr çox genişdir, insanların təmizliyə riayət etməsi təqdirəlayiqdir. Sakitliyə böyük önəm verən bir insan kimi müsbət enerji aldım, ruhumu oxşadı bu diyar.

Onu da qeyd edim ki, Naxçıvanın turizm potensialı yetərincədir. Eyni vaxtda həm qədimliyi qorumaq, həm də müasirləşmək hər diyarın əldə edə bilməyəcəyi özəllikdir. Bir çox şəhərlər bunu bacarmır. Ya tarix restavrasiya adıyla dəyişdirilir, modernləşdirilir, ya da müasir görkəmində ciddi nöqsanlar olur. Ancaq çox sevindirici haldır ki, Naxçıvanda tarixiliklə müasirlik bütün incəlikləri ilə yüksək səviyyədə, vəhdət şəklində saxlanılır. Təbii ki, bütün bu amillər turizm cəlbediciliyini artırır. Əvvəllər Naxçıvana gediş-gəlişimiz elə də əlverişli deyildi, lakin torpaqlarımız azad olunduqdan sonra yaranan stiuasiya, açılacaq dəhliz gələcəkdə buraya tez-tez üz tutmağımıza imkan verəcək. Bu həm də xarici turistlərin Naxçıvana marağını, gəlişini artıracaq. Media-tur çərçivəsində gördüklərimin fotoşəklini çəkib sosial şəbəkələrdə də paylaşdım. Fikrimcə, Naxçıvanın gözəlliyi onun fərqliliyində, müxtəlifliyində, bir neçə amili bir arada tuta bilməsindədir və bunu bir yazıya sığdırmaq qeyri-mümkündür. Ona görə də qayıdandan sonra burada gördüklərim barədə bir neçə məqalə yazmağı düşünürəm.
Zeynəb Mirzəyeva – “Space” Televiziyasının müxbiri: – İkigünlük media-tur biz jurnalistlərin informasiyalılığı baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki beləcə hadisə yerində oluruq, həmin ərazilərin insanlarının nə düşündüyünün, nə hisslər keçirdiyinin yaxından şahidi olmaq şansı qazanırıq. Bu mənim Naxçıvana ilk gəlişimdir və qədim yurdumuz barədə zəngin məlumatlar əldə edə bildim. Möminə xatın türbəsi, Nuh Peyğəmbərin məzarüstü abidəsi çox maraqlı elementlər ilə zəngindir. Naxçıvanqaladakı eksponatlar da olduqca maraqlı, diqqətçəkicidir. Ümumiyyətlə, hər bir turistin maraq dairəsinə uyğun muxtar respublikanın imkanları mövcuddur.
Səidə Adelşinova – Azərbaycan Turizm Bürosunun Brend və marketinq kommunikasiyaları şöbəsinin sektor müdiri: – Muxtar respublikanın təbiətinə söz ola bilməz. Burada təbiətə qayğını, sevgini gördük. Ekoturizm, qış turizmi burada inkişaf edir. Bunları məhsul formasında turistlərə təqdim etmək çox vacibdir. Biz Azərbaycan haqqında buraxılan broşürlərdə müxtəlif regionların, o cümlədən Naxçıvanın tarixi abidələrini, mətbəx nümunələrini təbliğ edirik. Mətbəxi haqqında broşürlər xaricdə işləyən tur-operatorlar üçün nəzərdə tutulur və turistlərdə Naxçıvan haqqında ümumi təsəvvür yaradır. Eyni zamanda həmin broşürlərdə Naxçıvanın tarixi abidələrini göstərmək tariximizi tanıtmaq işində mühüm rol oynayır. Naxçıvan həm də özünün brend məhsulları ilə seçilən diyardır. “Sirab”, “Badamlı” kimi brendlərin böyük tarixi vardır. Bu kimi keyfiyyət göstəricisi olan məhsulların xaricdə təbliği ölkəmizin tanıdılmasında mühüm rol oynayır. Naxçıvan həm də təmiz, təhlükəsiz bölgədir. Avropa turistləri də belə yerləri axtarırlar. İnanıram ki, jurnalistlərin, blogerlərin buraya səfərindən sonra Naxçıvan daha da yaxşı tanınacaq, nəqliyyat dəhlizi işə düşəndən sonra isə buraya gələn turistlərin sayı da artacaq.
“Kaspi” qəzetinin əməkdaşı Rufik İsmayılovla həmsöhbət olduq: – Naxçıvan mənim doğma diyarımdır. Burada jurnalistika sahəsi üzrə təhsil almışam. "525-ci qəzetlə yanaşı Naxçıvanda – "Şərq qapısı"nda və televiziyada çalışmağım da mənə böyük təcrübə qazandırıb. Bura stabil, sakit, nizam-intizamlı bir yerdir. Naxçıvanda hər addımbaşı quruculuq, abadlıq işləri görülür. Mən 2008-ci ildən buradan çıxmışam, o zaman da qurulurdu, inkişaf etdirilirdi. Naxçıvan qədim tarixi olan abidələr diyarıdır. Burada mindən çox abidə qeydiyyata alınıb, pasportlaşdırılıb. Həm də görürük ki, insanlar abidələri qoruyur, bərpa edir və özündən sonrakı nəsillərə ötürürlər. Bunun özü də tariximizin yaşadılması, gələcəyə ötürülməsi baxımından təqdirəlayiq hadisədir. Naxçıvan qədim zamanlardan türklərin yaşadığı, qurub yaratdığı bir məkan olub. Sevindirici haldır ki, indiki nəsillər də bizdən əvvəlki nəsillərin ənənəsini yaşadır və sonrakı nəsillərə ötürürlər. Xoşbəxtik həm də ona görə ki, Azərbaycan xalqı olaraq Şanlı Qarabağ Zəfərinin şahidləri olduq, eyni zamanda o əvəzedilməz Qələbənin sevinc hisslərini yaşadıq. Naxçıvanlıların Vətən müharibəsindəki qəhrəmanlıq və şücaəti isə xüsusilə qürurvericidir. Böyük Qələbə sayəsində artıq Zəngəzur dəhlizinin istifadəyə verilməsi planlaşdırılır ki, bu nəqliyyat dəhlizi Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, bununla da uzun illərdir, blokada vəziyyətində olan muxtar respublika inkişafının yeni mərhələsinə qədəm qoyacaqdır.
“Baku” İnternet Televiziyasının müxbiri Orxan Qurbanov dedi ki, bir çoxları kimi mənim də Naxçıvana ilk səfərimdir. Sözün açığını desəm, iki gün, üç gün Naxçıvanı kəşf eləməyə kifayət etmir. Amma biz bu qısa müddətə əsas görməli yerləri sığdırdıq. Azərbaycanda gedən böyük tarixi proseslərə şahidlik eləmiş Əlincə qalasında olduq və qalanın əzəmətini gördük. Bundan əlavə, Naxçıvanın mərkəzi yerlərində şəhərin necə səliqəli, təmiz olduğunun şahidi olduq. Atabəylər dövründə Şərqdə qadına ilk ehtiram əlaməti olaraq tikilmiş Möminə xatın türbəsini, Xan Sarayını və digər yerləri ziyarət etdik. Hamısında ayrı bir tarix yaşayır. Naxçıvan Biznes Mərkəzinə, “Badamlı” Mineral Sular Zavoduna da getdik. Sevindiricidir ki, muxtar respublika ərazisində bir çox istehsal sahələri yaradılıb. Bu, həm idxalın qarşısını alır, bununla diyar öz tələbatını ödəyir, eyni zamanda bütün bu sahələr yeni iş yerləri deməkdir. Yeni iş yerləri də əhalinin, insanların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan Naxçıvan ölkəmizdə öz tələbatını ödəyən bir diyar kimi də özünəməxsus yer tutur.
Hüseyn Məmmədov – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Turizm Könüllüləri Təşkilatının direktoru: – Çox şəhərlərdə olmuşam. Bu şəhərləri Naxçıvanla müqayisə etdikdə deyə bilərəm ki, turistlər üçün burada daha diqqətçəkən məqamlar var. Tarixsevər turistlər üçün muxtar respublika ərazisindəki yerli, ölkə və dünya əhəmiyyətli abidələrlə əyani tanışlıq çoxları üçün maraqlıdır. Burada həddindən artıq böyük turizm potensialı var. Düşünürəm ki, bununla bağlı təbliğat işləri daha da gücləndirilməlidir. Beynəlxalq arenada, geniş auditoriyada Naxçıvanın turizm potensialı təbliğ olunmalıdır. Bu səfərimizin də əsas məqsədi elə Naxçıvanın turizm potensialını öyrənmək, araşdırmaq, buradakı Turizm Departamenti ilə birlikdə bir fəaliyyət planı hazırlamaqdır. İstərdik ki, gələcəkdə bütün dövlət turizm agentliyinin və Azərbaycan Turizm Bürosunun kollektivi ilə birlikdə işçi qrup yaradılsın, Naxçıvanın turizm ehtiyatları barədə işlər görülsün. Naxçıvanla bağlı çox iş görmək istəyirik. Əsas məqsədlərimizdən biri Naxçıvandakı zəngin turizm potensialını dünyaya tanıtmaqdır. Təşkil etdiyim turizm könüllüləri təşkilatının çox istərdik ki, burada bir nümayəndəliyi təsis olunsun və Naxçıvanda bildiyiniz kimi, bir çox ali təhsil və orta ixtisas təhsili müəssisələri fəaliyyət göstərir. Həmin gəncləri bu təşkilata cəlb edib, onları təlimatlandırıb maarifləndirməklə Naxçıvanda kadr potensialı ilə bağlı daha çox işlər görək.
Gülnar Əliyeva – qafqazinfo.az internet portalının müxbiri: – Naxçıvandakı təbiilik məndə xoş duyğular yaratdı. İnsanlarınız gülərüz və qonaqpərvərdir. Bu diyarda möhtəşəm ziyarətgahlar, muzeylər, bölgənin tarixini özündə əks etdirən, nəsillərə çatdıran tarixi abidələr var. Hər biri də bir-birindən gözəl və maraqlıdır. Onların qorunub saxlanılması böyük vətənpərvərliyin, tarixə bağlılığın nişanəsidir. Burada ən çox Əlincəqala tarixi abidəsi diqqətimi cəlb etdi. Oranın tarixiliyi sirli aləm kimi insanı heyran edir. Bizə məlumat verildi ki, çox yüksəklikdə yerləşən bu tarixi abidə əsrlərin yadigarı kimi bərpa olunub. Hər tərəfdə təmizlik, abadlıq hökm sürür. Abad binalar, geniş yollar, bu diyarın hər qarışı jurnalistlər üçün ilham mənbəyidir. Bakıya qayıdan kimi ilk işim buradakı ecazkar gözəllikləri qələmə almaq olacaq.
Rahim Hüseynov – “Real” Televiziyasının operatoru: – Naxçıvan haqqında ilk təəssüratım elə hava limanında yarandı. İstər müasir infrastruktur və xidmət şəraiti, istərsə də işçilərin davranışı, təqdirolunasıdır. Şəhər infrastrukturu elə qurulub ki, yolboyu nəzər saldıqca görürsən ki, heç bir nöqsan yoxdur. Naxçıvanda böyük inkişaf və tərəqqinin olması hər kəsin gözü qarşısındadır. Bütün bunların hamısı mərhələli şəkildə Naxçıvan Muxtar Respublikasının inkişafına, ən əsası isə insanların rahatlığına hesablanmış tədbirlər kimi daha böyük perspektivlər vəd edir. Bir azərbaycanlı kimi vətənimdə belə yüksək inkişafın olması məni qürurlandırır, sevindirir.

 Nail ƏSGƏROV
Güntac ŞAHMƏMMƏDLİ
Gülcamal TAHİROVA

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR