Muxtar respublikamızda milli iqtisadi inkişafa hədəflənən sənayeləşmə prosesləri yüksələn dinamika ilə davam etməkdədir. Elmə söykənən iqtisadiyyat qarşısında duran ən mühüm məsələ vaxt və məhsul itkisinə yol vermədən əmək məhsuldarlığına imkanlar açacaq istehsal proseslərinin fasiləsiz şəkildə qurulması, təminat qabiliyyətli olması və bütün tərəfləri ilə qənaətçiliyə önəm verilməsindən ibarətdir. Başqa sözlə, insanların fəaliyyətinin stimullaşdırılması, asanlaşdırılması və səmərəli təşkili mühüm məqsəd olaraq çıxış etməkdədir ki, burada da robototexnikanın rolu və önəmindən bəhs etmək yerinə düşər. Elə təsadüfi deyildir ki, qloballaşan dünya iqtisadiyyatı dayanıqlılığa və antiböhran sahəsindəki yetkinliyə meyillənməklə, eyni zamanda iqtisadi imkanlar sahəsində alternativliliyə də böyük həcmdə həm xərc nəzərdə tutur, həm də onu reallaşdırır. Bu sahədə robota dayanan avadanlıqların – robototexnikanın rolu hər addımda özünü göstərməkdədir.
Naxçıvan Dövlət Universiteti də yuxarıda göstərilən amillər üzrə daha dolğun, daha perspektivli tədbirlərə imza atmaqla elmi axtarışların və etibarlı tədris proseslərinin davamlılığını təmin etmişdir. Burada dövlətimizin gündəlik qayğı və diqqətilə yaradılmış sağlam tədris şəraiti bütün fakültələrin, ixtisasların və tələbələrin şaxələndirilməsinə imkan vermişdir. Bu isə, təbii ki, öz növbəsində, həm də yeni nəşrlərin işıq üzü görməsinə şərait yaratmış və ona səmərəlilik gətirmişdir. Fikrimizi əsaslandırmaq üçün qeyd edə bilərik ki, Memarlıq və mühəndislik fakültəsinin dekanı, kompüter elmləri üzrə mütəxəssis, professor Cavanşir Zeynalovun müəllifliyi ilə yenicə çap olunmuş “Robototexnikanın əsasları” adlı dərs vəsaitində zəruri məsələlər yer almışdır. Xüsusilə artıq geridə qalan tədris ilində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təməlini qoyduğu və tikintisi uğurla davam edən Texnoparkın səmərəli fəaliyyəti üçün də zəruri məsələlər dərs vəsaitinin aktuallığını ifadə etməkdədir.
Dərs vəsaiti 8 fəsildən ibarət olmaqla, 336 səhifə həcmindədir. Vəsaitdə araşdırmaya cəlb olunan məsələlər: robotların yaranma tarixi, robototexnikanın əsasları, layihələndirmənin əsasları, robotların hazırlanması üçün alətlər, materiallar və avadanlıqlar, robototexniki konstruksiyaların elementləri, robotun idarə olunması, robotun naviqasiyası, təhsildə ekzotik robotlar elmi cəhətdən əsaslandırılmışdır.
Yüksək elmi və texniki nailiyyətlərin sürətlə davam etdiyi, bununla da innovasiyalı iqtisadiyyatların sonsuz bir tələbata çevrilmiş olduğu yeni inkişaf mərhələsində robototexnika ilə bağlı nəşrlərin çap olunması mühüm elmi nailiyyətdir. “Robototexnikanın əsasları” adlı dərs vəsaiti müvafiq elm sahələrinin birlikdə öyrənilməsinə imkan verəcək. Digər tərəfdən strukturlaşma və idarəetmə baxımından da ölkəmizdə robototexnika sahəsində və yüksək texnologiyalaşma proseslərində bu dərs vəsaitinin istifadəsinə ehtiyac olacaqdır.
Dərs vəsaitində göstərilir ki, tarixi və elmi inkişaf proseslərində robotların yaradılması sahəsində bir sıra cəhdlər edilmişdir.
Təbii ki, robototexnikanın əsaslarının öyrənilməsində qarşılaşdığımız reallıq robotların gördükləri işlərin nədən ibarət olduğunun müəyyənləşdirilməsindən ibarətdir. Bununla bağlı olaraq dərs vəsaitində əsaslandırılır ki, robotlar insanlar üçün təhlükəli sayıla biləcək yerlərdə, məsələn, kosmosda, mədənlərdə və suyun altında müxtəlif proseslərin icrasında istifadə oluna bilər. Əsərdə robotların daha çox təhlükəsiz iş şəraitinin təmin olunması məqsədilə istifadə edilməsi məqamına da toxunulur. Yəni radioaktiv maddələrin, zərərli kimyəvi birləşmələrin və insan sağlamlığı üçün təhlükə yaradan xəstəliklərə səbəb olan bakteriyaların olduğu yerlərdə də faydalı ola bilər.
Yeni dərs vəsaiti elmə dayanan inkişafın hazırkı mərhələsində iqtisadi prioritetlərin əlçatanlığının təmin edilməsində və reallaşmasında mühüm əhəmiyyətə malik olacaq. İstehsal və xidmət sektorlarında məhsuldarlıq səviyyəsinin yüksəldilməsi, məkanından asılı olmayaraq, istənilən ərazi hüdudları üçün ciddi tələbat formalaşan və bununla da günümüzün fəal iştirakçısına çevrilən robotlar özündə sensor, idarəetmə sistemi, çeviklik və avtonomluq əks etdirən və bununla da mexatron qurğu olan “canlı”dır. Çünki o, mədənlərdə, kosmosda, dənizlərdə, əlçatması çətin olan müxtəlif sahələrdə mürəkkəb işlər görür, təbii sərvətlər hasil edir və komplekt hissələri avtomobillərə quraşdırır. Müəllif robotlar vasitəsilə alınan nəticələrə daha pozitiv yanaşır və belə bir qənaətə gəlir ki, yaxın gələcəkdə daha da təkmilləşdirilmiş avtomatik idarə olunan avtomobillər, ev işlərinin görülməsi və müəyyən tələblər üzrə ixtisaslaşmış avadanlığın yığılması məqsədilə robototexnik qurğular yaradılacaqdır.
Dərs vəsaitində robotlarla işlərin daha intensiv xarakterə malik olmaqla reallaşmasına yer verilir və sənaye robotları, tökmə robotlar, mexaniki emal robotları, quraşdırıcı (montaj) robotlar, boyayıcı robotlar, inşaat robotları, çeşidləyici – qablaşdırıcı robotlar, nəqliyyat robotları, kənd təsərrüfatı robotları, məişət robotları kimi təsnifləşdirilir.
Ölkələrin müdafiə sənayesinin inkişafında və təhlükəsizliyinin etibarlı təmin edilməsində daha sıx istifadə olunan hava PUA-ları (Pilotsuz Uçan Aparat) da dərs vəsaitində əsaslandırılmışdır. Bu anlayışın, müşahidə və kəşfiyyat, düşmənə endirilən zərbələrin koordinasiyası, öz ətrafında simsiz rabitə şəbəkələrinin yaradılması kimi hava missiyalarının icra olunması üçün nəzərdə tutulduğu göstərilmişdir. Robototexnikanın inkişafında mexanika üzrə biliklərin öyrənilməsi zəruriliyi ilə seçilir. Həmin biliklər bir çox fiziki hadisələri dərk etmək məqsədilə öyrənilir. Bunlar, əsasən, konstruksiyada tətbiq olunan müxtəlif hissələr arasında gücün necə paylanılmasını əsas götürür. Həmçinin ağırlıq mərkəzinin harada yerləşməsi də diqqət tələb edir. Proseslərin gedişində sürtünmə, yerləşmə, sürət, cismin təcili və sair kimi amillər zəruri hesab olunur. Robototexnika öyrənilərkən Nyutonun qanunları, ətalət (inersiya) materialların xassəsindən ibarət olan məsələlər daha qabarıq ortaya çıxır.
Oxucu əsərdə robototexnika ilə bağlı olan prosesləri ardıcıl, qarşılıqlı əlaqədə, bir-birinin əhəmiyyətini üzə çıxarmaqla öyrənir. Dərs vəsaitində layihələndirmənin də əsas prinsiplərinə nəzər yetirilmiş, avtomatlaşdırılmış layihələndirmə sistemlərinə baxılmış, onun təminat növləri aydınlaşdırılmış, bu sistemdə modelləşdirmə vasitələri göstərilmişdir. Orada additiv istehsal texnologiyasının mahiyyəti izah edilmiş, mexaniki və elektrik alətlər haqqında bəhs olunmuş, elektron komponentlərin təsiri öyrənilmişdir. Müasir dövrümüzlə aktuallığını artıran məsələ olaraq robotların qidalanma sistemləri, bu sahədə icraçı qurğular haqqında təqdimat verilmiş sensor sistemləri, yerləşdirmə sensorları barədə məlumatlar yer almışdır.
Vəsaitdə, həmçinin robototexnik sistemlərin idarə olunması tipləri, onun idarə olunmasının arxitekturası əsaslandırılmışdır. Əhatəli şəkillərə əsaslanan dərs vəsaitində avtonom və yarımavtonom robotların izahı verilməklə, idarəetmənin kabel, infraqırmızı pult, radio, mobil telefon vasitəsilə təşəkkül tapan formalarına işıq salınmışdır. Dərs vəsaitinin mövzuları içərisində naviqasiyanın təmin olunma sistemi, robotun hərəkətinin təşkil olunma üsulları, intellektual robotun idarəetmə sisteminin xüsusiyyətləri barəsində geniş təqdimat verilir. Eyni zamanda təhsildə ekzotik robotlar, süni neyronlar və neyron şəbəkələr, sadə analoq robotun hazırlanması və digər zəruri amillər yer almışdır.
Dərs vəsaitində təqdim edilmiş mövzular şəkillər, düsturlar, sxemlər və digər üsul, metod və vasitələrlə izah olunmuşdur. Hər bölmənin sonunda yoxlama sualları verilmiş və tələbələrin (oxucunun) mənimsəmə bacarıqlarının təkmilləşdirilməsi nəzərə alınmışdır.
Beləliklə, yeni işıq üzü görən “Robototexnikanın əsasları” uyğun fənlərin və ümumilikdə, iqtisadiyyatın sahə strukturu üzrə bütün istiqamətlərin informasiya təminatı, avtomatlaşdırılması, dinamikliyi, çevikliyi və perspektivliliyinin təmin olunması baxımından həm axtarılandır, həm də özünün dolğunluğu ilə əlçatandır. Məhz buna görə əminliklə, demək olar ki, dərs vəsaiti tədqiqatçıların istinad etmiş olduqları mənbə kimi oxucunun maraqlandığı suallara əhatəli cavab tapmaq baxımından böyük əhəmiyyətə malikdir.
Məftun Əliyev
Naxçıvan Dövlət Universitetinin dosenti