26 Aprel 2024, Cümə

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir. Bu münasibətlə oktyabrın 23-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin, AMEA Naxçıvan Bölməsinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib

 

Tədbir iştirakçıları əvvəlcə şair-dramaturqun və onun ailə üzvlərinin uyuduğu Hüseyn Cavid məqbərəsini ziyarət edib, Cavidlər məzarı üzərinə tər güllər düzüblər. Hüseyn Cavidin Naxçıvan şəhərindəki Ev Muzeyinin ekspozisiyası ilə tanışlıqdan sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında davam etdirilən tədbirdə giriş sözü ilə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevmilli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış böyük söz ustadının ümumbəşəri, həmişəyaşar yaradıcılığından bəhs edib, Hüseyn Cavid şəxsiyyətinə və irsinə göstərilən dövlət qayğısından danışıb.

Vurğulanıb ki, mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yardan Hüseyn Cavid yaradıcılığı ilə Şərqin estetik fikir tarixini və dünya romantizm ənənələrini yeni ideyalarla zənginləşdirmişdir.

“Mənim Tanrım gözəllikdir, sevgidir”, - deyən Hüseyn Cavid poeziyasında dərin həyat fəlsəfəsi, sağlam məntiq, insan kamalına möhkəm inam öz əksini tapmışdır. Ədibin lirik yaradıcılığının ədəbiyyatımıza bir töhfəsi də söz sənətimizə ümumtürk məfkurəsi gətirməsi olmuşdur.

Bildirilib ki, ömrünün son anına qədər öz böyük iradəsindən və ümumbəşəri əqidəsindən dönməyən Cavid 1937-ci ilin qanlı burulğanının qurbanı olmuşdur. 1938-1940-cı illərdə keçmiş SSRİ ərazisindəki ən uzaq və ən soyuq həbs düşərgəsində sürgündə olmuş, 5 dekabr 1941-ci ildə Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində sürgündə ikən vəfat etmişdir.

H.Cavidin, onun yaradıcılığının xalqımıza qaytarılmasında və təbliğində ümummilli lider Heydər Əliyevin rolundan söhbət açan natiq qeyd edib ki, Ulu öndər Heydər Əliyevin böyük səyləri və cəsarəti sayəsində Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn olunub.Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə ədibin məzarı üzərində 1996-cı ildə məqbərə ucaldılıb, Naxçıvanda və Bakıda Hüseyn Cavidin ev muzeyləri açılıb.Ümummilli liderimizin himayəsi ilə 1982-ci ildə Hüseyn Cavidin 100 illik yubileyi Azərbaycanda təntənəli şəkildə qeyd edilib. 2002 və 2012-ci illərdə böyük ədibin 120 və 130 illik yubileyləri Ölkə Prezidentinin sərəncamları ilə Azərbaycanda geniş qeyd olunmuşdur. 1992-ci ildə 110, 2007-ci ildə 125 və 2017-ci ildə 135 illik yubileyləri Naxçıvanda keçirilmişdir.  Qüdrətli dövlət xadimi Heydər Əliyevlə başlanan ədəbiyyatın hərtərəfli himayə olunması yolu bu gün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin tapşırığı əsasında Hüseyn Cavidin əsərləri külliyyatı 5 cilddə nəfis şəkildə çap olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev çıxış edərək dahi mütəfəkkirin keşməkeşli həyat yolundan və Azərbaycan ədəbiyyatına bəxş etdiyi bənzərsiz  yaradıcılıq irsindən bəhs edib.        

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən Hüseyn Cavidin əsərləri əsasında ədəbi-bədii kompozisiya və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyinin üzvlərinin  ifasında Hüseyn Cavidin “Ana” dramı əsasında hazırlanmış səhnəciktəqdim olunmuşdur.

Sonda Hüseyn Cavid məqbərəsinin açılış mərasimində ümummilli lider Heydər Əliyevin çıxışından bir hissə nümayiş etdirilmişdir.

 

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR