21 Dekabr 2024, Şənbə

27 oktyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti tədbir keçirilib.

 M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Abonement yolu ilə oxuculara xidmət işinin təşkili” mövzusunda keçirilən açıq dərsdə Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya təminatı” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən açıq dərsi giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamı ilə bağlı məlumat vermiş,  Sərəncamın muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ilə müvafiq təşkilatlar arasında əməkdaşlığı genişləndirmək, peşəkar kadr potensialı hazırlamaq, tələbələrə elmi-nəzəri biliklərlə yanaşı, təcrübi biliklər də aşılamaq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının abonement şöbəsinin müdiri Nərmin Allahverdiyeva “Abonement yolu ilə oxuculara xidmət işinin təşkili” mövzusunda çıxış edərək bildirmişdir ki, kitabxanalarda oxuculara kitabxana xidməti həm abonement, həm də oxu zallarının köməyi ilə həyata keçirilir. Kitabxanaya müraciət edən oxucuların bir qismi abonement şöbəsinin, bir qismi isə oxu zallarının xidmətindən istifadə etməli olurlar. Elə hal da olur ki, oxucu bəzi kitabları abonementdən evdə oxumaq üçün ala bilir, bəziləri isə yeganə nüsxə olduğundan, yaxud həmin kitab başqa oxucunun istifadəsində olduğu üçün ala bilmir. Belə olduqda oxucu həmin kitabı oxu zalında yəni kitabxana şəraitində istifadə etməli olur. Abonement şöbəsi müstəqil şöbə olub, kitabxana fondunda mövcud olan çap məhsullarının kitabxanadan kənar şəraitdə oxucuların istifadəsinə verilməsini təşkil edir. Çap məhsulları oxucuların istifadəsinə müəyyən müddətə və müəyyən miqdarda olması şərtləri ilə verilir. Oxucular üçün yaranan bu imkanların müqabilində oxucular da kitabxanadan istifadə qaydalarına riayət etməli, kitabların vaxtında qaytarılmasına məsuliyyət hissi ilə yanaşmalıdır. Belə ki, istifadə qaydalarına müvafiq olaraq götürülən hər bir çap məhsulu yaxşı mühafizə olunmaqla bərabər, həm də müəyyən edilmiş vaxtda kitabxanaya qaytarılmalıdır. Çünki evə götürülən hər bir çap məhsulu başqa oxucular tərfindən də soruşula bilər.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR