22 Dekabr 2024, Bazar

Naxçıvanda infeksiyaların, yoluxucu xəstəliklərin yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə növbəti genişmiqyaslı dezinfeksiya tədbirlərinə başlanılıb. Tibbi-profilaktik tədbirlər noyabrın 21-dək davam etdiriləcək.


Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzinin və Dövlət Baytarlıq Xidmətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında viruslara yoluxmanın qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə növbəti intensiv qabaqlayıcı profilaktik tədbirlərə başlanılıb. Xüsusilə insanların intensiv istifadə etdiyi mərkəzlərdə dezinfeksiya işləri icra edilir.
Bu məqsədlə tərtib olunan qrafik əsasında səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin 5 xüsusi təyinatlı avtomobilinin iştirakı ilə Naxçıvan şəhərinin avtomobil yolları dərmanlanıb. Belə ki, şəhərin Heydər Əliyev prospekti, Əziz Əliyev, Cəlil Məmmədquluzadə, İstiqlal, Nəsrəddin Tusi, Atatürk, İdris Məmmədov və digər küçələrinin avtomobil yolları və piyada səkiləri dezinfeksiya olunub. Şəxsi heyətin iştirakı ilə Heydər Əliyev Muzeyinin, Naxçıvan Dövlət Musiqili Dram Teatrının, İstiqlal və Çənlibel məhəllələrindəki yaşayış binalarının girişi, ətrafı və zirzəmiləri, “Görüş yeri” kafesi, Əyləncə adası və Sahil Parkı istirahət mərkəzləri, Avtovağzal Kompleksi, ticarət və alış-veriş mərkəzləri, marketlər, bazarlar və digər ictimai yerlər və ətrafı dərmanlanıb. Ümumilikdə, Naxçıvan şəhərində 1 milyon 808 min kvadratmetrdən çox ərazidə dezinfeksiya işləri aparılıb.
Əhalinin yoluxucu xəstəliklərdən qorunması istiqamətində dərmanlama tədbirləri muxtar respublikanın rayonlarında da həyata keçirilib. Qrafik əsasında Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarının avtomobil yolları 7 xüsusi texnikanın köməyi ilə dezinfeksiyaedici maddələrlə yuyulub. Həmçinin ictimai yaşayış binalarında, ticarət mərkəzlərində, avtovağzallarda, uşaq bağçalarında, tibb müəssisələrində, kənd mərkəzlərində, məscidlərdə, mərasim evlərində, insanların sıx toplaşdıqları digər yerlərdə dezinfeksiyaedici maddələrlə tibbi-profilaktik tədbirlər həyata keçirilib.
Ümumilikdə, muxtar respublikanın rayonlarında 835 min kvadratmetrdən çox sahədə dezinfeksiya işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR