Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası oktyabr ayında muxtar respublikanın teleradiolarının fəaliyyətini izləyib, Ali Məclis Sədrinin Fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin teleradiolarda icrasını diqqətdə saxlayıb.
Oktyabr ayında Naxçıvan televiziyasının öz teleməhsulları efirin 72 faizini təşkil edib. Hesabat ayında verilişlərin növbəti 109 sayı efirə təqdim olunub. Naxçıvan radiosunun efiri mütəmadi olaraq izlənilib, radionun müxtəlif istiqamətlər üzrə monitorinqi aparılıb, proqram siyasəti və şəbəkəsi nəzarətdə saxlanılıb. Radio ay ərzində 487 saat efirdə olub. Ümumi efirin 45 faizi radionun öz istehsalı olan verilişlər olub. Ay ərzində 155 veriliş və canlı proqram, 359 konsert proqramı təqdim edilib.
Şura “Kanal 35” televiziyasının oktyabr ayındakı fəaliyyətini yaxından izləyib, təhsilyönümlü verilişlərlə yanaşı, vətənpərvərlik aşılayan proqramlar diqqətdə saxlanılıb. Televiziya muxtar respublikada təhsil yenilikləri, bu sahədə görülən işlər haqqında tamaşaçılara ətraflı məlumat verib, əsasən, uşaq və yeniyetmələrin diqqətini cəlb edən tədris proqramları efirə təqdim edilib. Muxtar respublikamıza həsr olunmuş telematerialların yayımı istiqamətində 23 film televiziyada yayımlanıb. “Naxçıvanın səsi” radiosunun efiri də izlənilib, təqdim edilən konsert proqramları və canlı verilişlərin təhlili aparılıb. Bəhs edilən dövrdə radio 472 saat efirdə olub, efir müddətinin 77 saatını canlı proqramlar təşkil edib.
Naxçıvan Dövlət Universitet Televiziyası oktyabr ayında fəaliyyətini bir qədər genişləndirib, efirə yayımlanıb, təhsilyönümlü verilişlərin sayı artırılıb. Belə ki, televiziyada yaradıcı işin keyfiyyəti nisbətən artırılıb, televiziya jurnalistikasına bələd yaradıcı əməkdaşlar efirə cəlb edilib. Bununla yanaşı, şura əməkdaşının televiziya ilə yaradıcı əlaqələrinin genişləndirilməsi qarşıya məqsəd qoyulub, oktyabr ayında bu istiqamətdə görüş keçirilib.
Hesabat dövründə şura tərəfindən Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əldə edilən nailiyyətlər, burada aparılan infrastruktur quruculuğu ilə bağlı mərkəzi mətbuat orqanları üçün 73-ü mətbuat xidmətlərinin materialları olmaqla, 137 xəbər, 12 müsahibə, 3 analitik material, 6 video süjet verilib.
Naxçıvan Muxtar Respublikası
Televiziya və Radio Şurası