07 Dekabr 2024, Şənbə

Polad iradədən və milli birlikdən doğan zəfərin günüdür

Çox vaxt deyirlər ki, xoşbəxtlik an məsələsidir, o, heç vaxt əbədi olmur. Xoşbəxtliyin an məsələsi olduğuna bir vaxtlar mən də inanmışdım. Ancaq bir il bundan əvvələ –  zəfər yürüşünə qədər, daha doğrusu. Xoşbəxtliyin əbədi olduğuna isə cəmi 44 gündə – Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman ordumuz Vətən müharibəsindəki parlaq qələbə ilə xalqımızı əbədi xoşbəxtliyə qovuşduranda  şahid oldum. Çünki torpaqlarımızı işğaldan qurtaranlar, xoşbəxtlik gətirənlər, əslində, xalqın ruhunu, mənəvi dünyasını da əsarətdən xilas etdilər. Onlar 30 il öncə ayaqyalın-başıaçıq öz torpaqlarından qovulan, hər şeyləri əlindən alınanların qisasını aldılar. Onlar hicranla vüsal arasındakı o dərin uçurumu bir göz qırpımında keçərək 30 ilin sürgün və həsrətinə son qoydular. Xalqın həsrətini bitirib ona qalibiyyət bəxş etdilər. Elə bir qalibiyyət, elə bir zəfər ki bundan sonra Azərbaycanın gələcək inkişafı məhz həmin tarix üzərində bərqərar olacaq. Bəli, Zəfər tarixi üzərində...

 

Çünki biz bu zəfərlə 30 illik həsrətə, 2 əsrlik münaqişəyə son qoyduq. Biz bu zəfərlə 30 il yol gözləyən xarıbülbülün həsrətinə son qoyduq. Biz bu zəfərlə düşmən ayağı altında əzilməkdən azad olan Cıdır düzünə yeni həyat verdik, Şuşanın dağlarının başından dumanı birdəfəlik götürdük. Bu zəfərlə Pənahəli xanın, Xurşudbanu Natəvanın ruhlarının öz yadigarına, göz bəbəyi Şuşaya qaytardıq. Bu zəfərlə “o gün olsun, Qarabağı düşmən tapdağından azad eləyək” fikrini reallığa çevirdik. Bəli, bu gün bütün şəhidlərimizin məzarda rahat uyuduğu ruhlarının, sözün əsl mənasında, şad olduğu gündür. Bu gün ulu öndərin vəsiyyətinin yerinə yetirildiyi gündür. Bu gün Xocalı soyqırımı qurbanlarının – Xocalıda şəhid olan uşaqlı-böyüklü bütün şəhidlərimizin bizə öz qanlarını, canlarını, haqlarını halal etdiyi gündür. Bu gün artıq torpaqlarımızın 20 faizini işğal altında olmadığını qürurla, inamla dediyimiz gündür. Bu gün günahsız körpələrin intiqamının alındığı gündür. Bu gün gözündən yaş axan şəhid anasının, çiynində həyat yoldaşının tabutunu daşıyan şəhid xanımının, qucağında atasının şəklini daşıyan şəhid övladının öz haqlarını Vətənə – bizə halal etdiyi, şəhid atasının başını dik tutduğu gündür. Bu gün 30 il öncə məcburi köçkün adını qazanmış soydaşlarımıza Qarabağın qucaq açdığı gündür. Bu gün illər öncə BMT tərəfindən qəbul edilən 4 qətnamənin ordumuz – igid oğullarımız tərəfindən öz qanlarıyla icra edildiyi gündür. Bu gün xalqımızın dəmir yumruğunu, polad iradəsini, milli birliyini, Zəfərini bütün dünyanın gördüyü gündür. Bu gün bizim günümüzdür. Bu gün Qarabağın günüdür. Bu gün illərdir, sənədlər, danışıq masaları üzərində qalan haqq-ədalətin bərqərar olduğu gündür. Bu gün igid oğullarımızın öz qanlarıyla məhz bu günü tarixə qızıl hərflərlə yazdığı gündür.

Bəli, bu gün o gündür. Həsrətlə gözlədiyimiz həmin o gün. 44 gün çəkdi Zəfər müharibəmiz. Bir yumruq olduq – dəmir bir yumruq. Bir birlik olduq, elə bir birlik ki, heç kim onu parçalaya bilmədi. Xalqımız bir oldu. Ali Baş Komandanın “dəmir yumruğ”unda cəm oldu, qəhrəman oldu. O qəhrəman ki qanı ilə, canı ilə tarix yazdı. O qəhrəman ki oğlunun tabutunun büründüyü bayrağı qucaqlayan, ürəyini dərd-qəm parçalayan şəhid anasıdır. O qəhrəman ki başını dik tutaraq “Mən Vətənimə bir oğul yetişdirmişəm. Nə böyük şərəfdir, İlahi!” – deyən şəhid atasıdır. O qəhrəman ki şəhid yoldaşının tabutunu öz çiyinlərində daşıyan şəhid xanımıdır. O qəhrəman ki şəhadətin nə olduğunu hələ tam dərk etməsə də, öz şəhid atasının tabutunun büründüyü bayrağı öpəndə gözündən qürur hissi yağan körpə şəhid övladıdır. O qəhrəman ki ağlaya-ağlaya öz körpəsinin cansız bədəninə sarılan çarəsiz, amma mərd atadır. Bəli, bu qəhrəman həm də Gəncədir, Bərdədir, Tərtərdir, Ağdamdır, Naxçıvandır! Bu qəhrəman Mədinədir, Xədicədir, Nigardır, Zəhradır və daha neçə belə günahsız körpədir. Bu qəhrəman ordumuza böyük məbləğdə yardım göstərənlərdən tutmuş, təqaüdünü orduya yardım fonduna keçirən ağsaqqal, xaricdə yaşayan azərbaycanlılar, ordumuza maddi və mənəvi dəstək olan qardaş ölkələrin vətəndaşları, hətta sosial şəbəkələrdə Azərbaycan xalqının haqq işinə sözü, yazısı ilə dəstək verən, mənfur düşmənə qarşı vuruşmaqda əzmkar, qəhrəman olmağı, ümumi amal və mənafe naminə öz şəxsi mənafeyini, canını, malını qurban verməyi bacaran, eyni zamanda ölkəmizin azadlığı, ərazi bütövlüyü naminə inciklikləri, siyasi ambisiyaları bir kənara qoyaraq dəmir bir yumruq olaraq dövlət başçısının ətrafında birləşməyi bacaran Azərbaycan xalqıdır. Bəli, bu qəhrəman Azərbaycan xalqı və ən nəhayət, bu xalqı – bu tarix yazan qəhrəmanları dəmir bir yumruq halında birləşdirən vahid bir amal – Vətən sevgisidir.
Biz bu Vətən sevgisi ilə yalnız tarix yazmadıq, dünya ölkələri üçün arxamızca öyrəniləcək çox izlər buraxdıq. Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövr hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Bu müharibədə ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Qısa zamanda düşmən ordusunun yüzlərlə texnikası, minlərlə canlı qüvvəsinin məhv edilməsi hərbçilərimizin peşəkarlığı və cəsurluğundan xəbər verdi. Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Qazanılan zəfərlə ərazi bütövlüyümüz təmin edildi, ordumuzun gücü və imkanları bütün dünyaya nümayiş olundu, milli birliyimiz daha da möhkəmləndi, BMT-nin Dağlıq Qarabağla əlaqədar qətnamələrinin həyata keçirilməsi təmin edilmiş oldu, yalançı erməni uydurmalarını ifşa etməklə, bəşəriyyətə haqqın, ədalətin nə olduğunu sübut etdik. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya bir daha sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla, Vətən, xalq birliyi ilə qazanmaq olar. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində dediyi kimi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq”.
Özü də neçə qərinələr, əsrlər ötsə belə...
Bəli, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı hərb tariximizə daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Prezident cənab İlham Əliyevin Vətən müharibəsi zamanı təkbaşına apardığı siyasi-ideoloji mübarizə isə ordumuzu qələbəyə daha da ruhlandırdı. Ali Baş Komandan şiddətli döyüşlərin getdiyi ən çətin günlərdə nüfuzlu dünya informasiya agentliklərinə verdiyi dərin məzmunlu müsahibələrlə beynəlxalq ictimai rəydə də müharibəni qazandı. Dünya ölkələri Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin timsalında yüksək hazırlığa, geniş dünyagörüşünə malik olan fərqli bir liderlə qarşılaşdı. Hərtərəfli hazırlıq səviyyəsi, yüksək intellektual qabiliyyəti, dönməz iradəsi və qətiyyəti ilə ölkə rəhbəri bütün təzyiqlərə cəsarətlə sinə gərdi, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident cənab İlham Əliyev Vətən müharibəsində qazandığı böyük zəfərlə çoxəsrlik Azərbaycan tarixinə müasir dövrün Müzəffər Ali Baş Komandanı kimi daxil oldu.
Biz həm qalib xalq kimi, həm Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi kimi xoşbəxt insanlarıq. Həm də ona görə xoşbəxt insanlarıq ki, yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən, bizi dağlı-aranlı Qarabağa tam sahibləndirən əbədi Lideri var.

Arzu ABDULLAYEV
Yeni Azərbaycan Partiyası
Universitet şəhərciyi ərazi ilk
partiya təşkilatının sədri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR