08 Oktyabr 2024, Çərşənbə axşamı

Vətən müharibəsi zamanı torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək göstərdikləri şəxsi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Ordusunun şəhid zabiti, mayor Sadiq Həsənov “İgidliyə görə”, qazi əsgər Mövləddin Süleymanov “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar.


Noyabrın 17-də medalların təqdim edilməsi məqsədilə Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər muxtar respublikamızda da uğurla davam etdirilir. Son illər muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilib, hərbçi ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılıb.
Qeyd olunub ki, Vətən uğrunda canını qurban verənlərin əziz xatirəsi qəlbimizdə daim yaşayacaq. Onlardan mayor Həsənov Sadiq Əli oğlu 14 sentyabr 1986-cı ildə Naxçıvan şəhərində anadan olmuşdu. Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş Sadiq Həsənov işğal altında olan yurd yerlərimizin azad olunmasında əsl qəhrəmanlıq nümunəsi göstərib. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün döyüş tapşırıqlarını yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamına əsasən mayor Həsənov Sadiq Əli oğlu “İgidliyə görə” medalı ilə təltif olunub. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əsl qəhrəmanlıq göstərən oğullarımızdan əsgər Süleymanov Mövləddin Elman oğlu isə 2000-ci ildə Naxçıvan şəhərinin Tumbul kəndində anadan olub. Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Xalqımız belə igid oğullarla fəxr edir, onları vətənpərvər tərbiyə edən atalara, analara öz ehtiramını bildirir.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov çıxışında qeyd edib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2908 nəfər hərbi qulluqçusu şəhid olub, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. Vətənin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin 15 nəfəri Naxçıvan şəhər qeydiyyatında olub.
Diqqətə çatdırılıb ki, ölkəmizdə şəhid adı uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər. Həmçinin şəhid ailələrinə hərtərəfli qayğı göstərilir, sosial müdafiələri gücləndirilir, onlara mənzillər verilir.
Sonra Azərbaycan Ordusunun şəhid zabiti, mayor Sadiq Həsənovun atası Əli Həsənova “İgidliyə görə”, qazi əsgər Mövləddin Süleymanova isə “Şuşanın azad olunmasına görə” medalları təqdim olunub.
Şəhid atası və qazi verilən yüksək qiymətə, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

*           *           *

Babək Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə daha 4 şəhid ailəsinə və bir qaziyə medallar təqdim olunub.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyev bu il sentyabrın 23-də “Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq muxtar respublikada yaşayan şəhid ailələri və qazilərin evlə təmin olunması üçün 1 milyon manat ayrılıb. Bundan başqa, 8 Noyabr – Zəfər Günü ərəfəsində Ali Məclis Sədrinin diqqət və qayğısı ilə Naxçıvanda yaşayan daha 8 şəhid ailəsinə və qaziyə mənzil, sağlamlıq imkanları məhdudlaşmış 13 şəxsə isə minik avtomobillərinin təqdim olunması bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, sosial qayğılarının həll olunmasına göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
İcra başçısı bildirib ki, mənzillə təmin olunan şəhid ailələrindən biri, minik avtomobili verilən qazilərdən isə ikisi Babək rayon sakinidir.
Sonra medalların təqdimatı olub. Məlumat verilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 29 dekabr və 2021-ci il 24 iyun tarixli sərəncamlarına əsasən şəhid leytenant Məmmədov Ümid Fərman oğlu və Məmmədov Elvin Etibar oğlu “Cəsur döyüşçü”, şəhid leytenant Məmmədov Şəhriyar Müzəffər oğlu və Əliyev Ramil Qurban oğlu “İgidliyə görə” medalları ilə təltif olunublar. Qazi əsgər Əlirzayev Elşad Rəşid oğluna isə “Şuşanın azad olunmasına görə” medalı təqdim edilib.
Şəhid ailələri və qazi göstərilən diqqətə görə dövlətimizə minnətdarlıq ediblər.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR