22 Dekabr 2024, Bazar

Müasirləşən kəndlərimiz

Dərvişlər kəndi müasirlik donunda

Naxçıvanın bütün fəsilləri gözəldir, özəlliklərlə doludur deyiminin həqiqət olduğunu bu qədim diyara yolu düşənlər də görürlər. Başıqarlı dağlarının yamaclarında xalıya bənzər sarımtıl-yaşılı mənzərələr, dumanında itərək bir qədər sonra qızılı Günəş şüaları altında bərq vuran görüntülər insan ovqatına bir dinclik gətirir. Belə yurd yerində yaşamağın sevincini bir daha yaşayırsan.

 

Əlincəqaladan baxanda iki göz də borc almaq istəyirsən, Gəmiqaya səni ulu keçmişə qaytarır, Batabatın, illərdir ki, üzməkdən doymayan “Üzən ada”sı, iki saatdan bir Nəhəcirdə və Əshabi-Kəhfdə sirli-soraqlı gurultu ilə bir neçə metr hündürlüyə qalxan su fəvvarəsi...
Burada yadıma rus kosmonavtı Leonovun sözləri düşür: “Kosmosdan Yer kürəsi son dərəcə gözəl, çəhrayı bir rəngdə görünür. Yerə qayıdandan sonra hara yolum düşürdüsə, həmin rəngi axtarırdım. Nəhayət, Naxçıvanda tapdım. Kosmosdan baxanda bütün Yer kürəsi Naxçıvan torpağının rəngində görünür”.

Bütün bunlar qədim Naxçıvanı, sözün həqiqi mənasında, gözəlliklər diyarı kimi tanıdıb, son illərdə isə insan əli ilə yaradılan yeni gözəlliklərin bolluğuna düşmüşük. Dünən 3-4 saata qət etdiyimiz yolu bu gün 15-20 dəqiqəyə başa vururuq. Mədəniyyətin yoldan başladığını təsdiq edərək hər hansı ucqar sərhəd, dağlıq, ən kiçik belə yaşayış məntəqəsinə üz tutsaq, şəhərlərimizdə, qəsəbələrimizdə gördüklərimiz məktəb, səhiyyə, rabitə ocaqlarından seçilməyən binalar bizi qarşılayır. Bu yeniliklərin hər yerdə şahidi olur, onları yaradanlara ürəyimizdə minnətdarlığı­mızı bildiririk. Elə paytaxt şəhərimizdən muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayon mərkəzinə, oradan isə kiçik Dərvişlər kəndinə gedən yol da bir vaxtlar görmədiyimiz, indi isə bizi artıq adət etdiyimiz reallığa çevrilmiş müasir inkişafla tanış edir. İlk olaraq yollar... Dövlət standartlarına tam cavab verən səviyyədə qurulmuş yollar insanların, avtomobillərin tam rahatlığına hesablanıb. Getdiyimiz Dərvişlər kəndinin daxili yollarına da quruculuq tədbirlərindən pay düşüb. Ümumi uzunluğu 4,8 kilometr yola asfalt örtük salınıb, kənddaxili yollara qum-çınqıl qatı verilib, su keçidləri qoyulub, beton su kanalı çəkilərək oktyabr ayının 25-də istifadəyə verilib.

Kənddə quruculuq tədbirləri çərçivəsində 2037 metr yeni fiber-optik, yeraltı kabel, hava xətti çəkilib. Elektrik təsərrüfatı tamamilə yenilənib, ağac dayaqlara beton gövdə bərkidilib, bəzi məsafədə məftil naqillər kabel xətti ilə əvəz edilib, hava elektrik verilişi xətti çəkilib, yerüstü elektrik xətti yeraltı kabel xətti ilə, 2 az güclü transformator 1 ədəd 400 KVA-lıq transformatorla əvəz edilib. Bundan başqa, yeni tikililərə qaz xətti, içməli su xətti çəkilib, 2350 poqonometr qaz xəttində təmir-bərpa işləri aparılıb, subartezian quyusuna 2 paylayıcı quraşdırılıb. Həmin gün kənddə əsl bayram sevinci yaşanıb – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə bir neçə obyekt sakinlərin istifadəsinə verilib.
Bu, kənd tam orta məktəbinin yeni binasıdır. Hazırda burada 44 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 23 müəllim məşğul olur. Ötən tədris ilində məktəbi bitirən 7 məzundan 5-i ali, 1-i orta ixtisas məktəblərinə qəbul olunub. Ümumilikdə, son 5 ildə məktəbin məzunu olmuş 26 nəfərdən 21-i tələbə sevincini yaşayıb.
Yeni məktəb binası 2 mərtəbədən ibarətdir. Müasir arxitektura üslubu ilə gözoxşayan 198 şagird yerlik təhsil ocağında 11 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, hərbi kabinə, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, 3282 kitab fondu olan kitabxana, qarderob, idman zalı və təsərrüfat otağı yerləşir. STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılıb, eyni zamanda kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, yeni nəşr edilən ədəbiyyat və dərsliklərlə təchiz olunub.

Məktəbdə internetə çıxışı olan 22 kompüter və 4 elektron lövhə müəllim və şagirdlərin ixtiyarına verilib. Həmin gün elektron lövhəli sinifdə Naxçıvan Dövlət Tarix Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Moskva və Qars müqavilələri” mövzusunda keçilən interaktiv dərs izlənilib.
Məktəbin kimya, biologiya və fizika laboratoriyaları həmin fənlərin tədrisi səviyyəsini daha da yüksəltməyə imkan verib.
Dərvişlər kənd tam orta məktəbinin idman zalı, həmçinin açıq idman qurğuları bədən tərbiyəsi dərslərinin günün tələblərinə uyğun tədrisinə şərait yaradıb. Təhsil ocağında basketbol və tennis idman növləri üzrə idman klubları şagirdlərin bu idman növləri ilə müntəzəm məşğul olmalarına unikal şərait yaradıb. Hər cür təchizata malik olan hərbi kabinədə şagirdlər ilkin hərbi biliklərə yiyələnir, şahmat sinfində isə onların hərtərəfli inkişafı təmin edilir.
– İstər-istəməz yadıma orta məktəbdə oxuduğum və müəllim işlədiyim ilk illər düşür. O vaxt heç kimin ağlına gəlməzdi ki, bir zamanlar muxtar respublikada belə məktəblər tikiləcək, övladlarımız ali təhsil ocaqlarının auditoriyalarından seçilməyən siniflərdə elmlərin sirlərinə yiyələnəcəklər, – bu sözləri məktəbin müəllimi Şahidə İsmayılova deyir: – Son illər qədim diyarımızın kənd yaşayış məntəqələrinə xüsusi diqqət və qayğı göstərilir, yaşayış məntəqələri müasirləşir, kəndlərdə şəhər infrastrukturu yaradılır, kompleks quruculuq işləri aparılır, yeni sosial obyektlər istifadəyə verilir. Sevinirik ki, artıq bizim kəndimiz də müasir yaşayış məntəqələri sırasındadır. Bütün bunlar muxtar respublikada insan amilinə göstərilən dövlət qayğısının ifadəsidir. Bu gün Dərvişlər kənd tam orta məktəbində təhsil alan şagirdlər, onlara dərs deyən müəllimlər böyük sevinc içərisindədirlər. Artıq şagirdlər ən müasir təhsil şəraitinə malik məktəbdə elmlərin sirlərinə yiyələnirlər.
Sahilə İsmayılova onu da xüsusi vurğulayır: – Təhsil kimi strateji bir sahə ilə məşğul olanlar yaxşı bilirlər ki, qazanılan nailiyyətlərin artırılmasının təməlində müəllim-şagird münasibətlərinin düzgün qurulması dayanır. Ölkəmizin gələcəyi də məhz təhsilli və vətənpərvər gənclərdən asılıdır. Ona görə də Dərvişlər məktəbində də gənclərin bu ruhda hazırlanması diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Dərvişlər kənd tam orta məktəbinin kollektivini yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: “Yeni məktəb binası müasir tədrisin tələblərinə tam cavab verir. Bu da müəllimlərə öz vəzifələrini layiqincə yerinə yetirməyə və şagirdlərin yaxşı təhsil almasına imkan verəcəkdir. Yaradılan şəraitdən səmərəli istifadə etməli, müəllimlər tələbkar, şagirdlər çalışqan olmalı, məktəblə ailə arasında sıx əlaqə qurulmalıdır... Gənc­lərin təlim-tərbiyəsi təkcə məktəbin işi deyil, ailələr də təlim-tərbiyə işinə cəlb olunmalı, məktəb-ailə münasibətləri formalaşmalı, inkişaf etdirilməlidir”.
Ali Məclisin Sədri bildirib ki, bu, gənclərin hazırlanmasında əsas amildir və ailənin təlim-tərbiyədən kənarda qalmamasını təmin edir. Ona görə də məktəb işi ümumxalq işi kimi qəbul edilməli, müəllim-valideyn münasibətləri davamlı olmalıdır. Bu da imkan verəcək ki, gənclər həm təhsilli və vətənpərvər, həm də milli dəyərlər əsasında yetişsinlər.
Məktəbin pedaqoji kollektivi ilk günlərdən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün Ali Məclis Sədrinin tövsiyələrini özünün fəaliyyət proqramına çevirib. Bu da belə deməyə əsas verir ki, Dərvişlər kənd tam orta məktəbinin qazanacağı uğurların sayı daha da artacaq.
Bu, Dərvişlər kənd mərkəzidir. Yeni binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub və 38 yerlik zal yerləşir. 48 internet istifadəçisi olan kəndin rabitə evində 256 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Dərvişlər kəndinin sakinlərinə daha bir qayğının ifadəsi kimi kənd mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsinin yaradılmasını göstərmək olar. Burada məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz olunub. Kənd ziyalısı Dilarə Hüseynova səhiyyə ocağında elə ilk günlərdən sakinlərə mədəni tibbi xidmət göstərildiyini diqqətimizə çatdırdı və vurğuladı ki, belə qayğı hər birimizi ürəkdən sevindirir, arxamızda güclü iqtisadiyyata malik dövlətin dayanması ilə fəxr edirik.
Son illərin kompleks quruculuq tədbirlərində xidmət mərkəzlərinin tikintisi geniş yer alıb. Oktyabr ayının 25-də Dərvişlər kəndində də yeni xidmət mərkəzinin açılışı olub.
Burada bərbərxana, gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Bütün sahələrdə xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 5 nəfər işlə təmin edilib. Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir.
Dərvişlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Cəlil Rəsulovla kənddə inzibati binası yenidən qurularaq istifadəyə verilən Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsində də olduq.
Məlumdur ki, Şərur rayonunun torpaqları öz münbitliyi ilə bölgədə müxtəlif meyvələrin, əkinçilik məhsullarının yetişdirilməsinə imkan verir. Belə təbii şərait və dövlət qayğısından səmərəli istifadə edən torpaq mülkiyyətçiləri, sahibkarlar, ailə təsərrüfatları hər il uğurlarını artırmaqla muxtar respublikanın daxili bazarına öz töhfələrini verirlər. Bu işdə adıçəkilən məntəqənin böyük rolu var. Məntəqənin balansına 8,1 hektar torpaq sahəsi verilib. Bu torpaqların 2,8 hektarından kolleksiya meyvə bağı, 2 hektarından taxılçılıq, 0,8 hektarından təcrübə sahəsi, 2 hektarından yağlı dənli bitkilər sahəsi və 0,5 hektarından köməkçi sahə kimi istifadə olunur.
Həmin gün kənd sakinləri ilə görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Bu gün Dərvişlər kəndində həyata keçirilən işlər əhalinin rahat yaşayışına xidmət edir. Bu işlərin görülməsi üçün ölkənin gərək imkanları olsun. Azərbaycanda bütün bunlar vardır. Ulu öndər Heydər Əliyev siyasi xətti ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. İqtisadi imkanlar artdıqca həyata keçirilən quruculuq işlərinin miqyası da genişlənir, yeni iş yerləri açılır. Eyni zamanda iqtisadi imkanlar imkan verdi ki, işğal altında olan torpaqlarımız azad olundu. Bu gün həmin ərazilərdə quruculuq işlərinin həyata keçirilməsinə başlanılıb, bu ərazilər də yaxın zamanlarda ölkəmizin abad, məhsuldar və gözəl guşələrindən birinə çevriləcəkdir. Kənddə yaradılan şərait torpaqlardan səmərəli istifadə etməyə imkan verəcək. Kəndin 200 hektara yaxın məhsuldar torpaq sahəsi vardır. Su ilə təminatda, məhsulların satışının həyata keçirilməsində heç bir problem yoxdur. Ona görə də torpaqlar əkilməli, kəndin abadlığı bundan sonra da davam etdirilməli, qurulanlar qorunub saxlanılmalıdır”.
Söhbətimizin əvvəlində Naxçıvanın gözəlliklərinin hər birimiz üçün qürur mənbəyi olduğu barədə danışdıq. Son illərdə insan əli ilə yaradılan yeniliklərin sayının gündən-günə çoxalması qürurumuzu daha da artırır, qurub-yaratmaq əzmimizi yüksəldir. Bu da xüsusi qeyd olunmalıdır: Yaşlı və orta nəsil Naxçıvanımızın yenicə müstəqillik qazandığımız illərdəki görkəmini yaxşı xatırlayır. Bu günlə tarixə dönmüş o dövrü müqayisə belə, etmək olmaz. Necə deyərlər, görünən dağa bələdçi lazım deyil.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “...Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR