26 Dekabr 2024, Cümə axşamı

“Şərq qapısı” – 100

Doğma torpağa bağlılıq insanı həmişə qürurlandıran, buna görə fəxr edib adını yaşatmağa çalışdığı ən ali duyğulardan biridir. Bu mənada, ana nəvazişi qədər səmimi olan torpaq təəssübü heç bir çətinlik qarşısında sınmadan hər bir kəsin həyatına, onun qurub-yaratmaq arzusuna məna verən ən bariz vətənpərvərlik nümunəsidir. Yaşadığı torpağın hər qarışını özünün ad-sanı kimi qorumaq isə Azərbaycan xalqının çoxəsrlik şanlı mübarizəsinin tarixində qalın səhifələrlə iz qoymuşdur. Elə birəsrlik tarixə malik “Şərq qapısı” qəzetinin səhifələrində doğma yurd yerlərimizin adını əsassız şəkildə hansısa səbəbdən dəyişdirmiş imperiyaya qarşı aparılan mübarizə kimi. 

 

Son yüz ildə Naxçıvanın ictimai-siyasi həyatında, əhalinin maariflənməsi və informasiya tələbatının ödənilməsində mühüm rol oynamış “Şərq qapısı” qəzeti ən keçilməz senzura dövrlərində belə, müxtəlif mövzularla çıxış edərək vətənpərvərlik hisslərinin təbliği, milli maraqlarımızın qorunması və dəyərlərimizin yaşadılması istiqamətində mühüm xidmətlər göstərmiş, cəsarətli yazılarla bu gün qürurla vərəqlənəcək arxiv yaratmışdır. Bu istiqamətdə olan yazılar Naxçıvanın tanınmış insanları, yurdumuzun sərvətləri, təbiət gözəllikləri, respublika hüdudlarından kənarda məşhur olan Naxçıvan məhsulları haqqında olmaqla, əslində, bu gün üçün də qiymətli tarixi mənbədir. Ötən dövrlərdə, sovet ideologiyasının qaynar çağındakı qəzetin nüsxələrinə nəzər saldıqda mərkəzdən göstərilən hər cür təzyiqlərə baxmayaraq, tarixi mövzuda yazılmış hər bir məqalə yazıldığı dövr üçün aydın yol olmaqla, bu gün üçün də zamanının haqsızlıqlarına qarşı bir kükrəyiş olduğunu seçə bilirik. Elə qədim Oğuz-türk yurdu Şərurun adının dəyişdirilməsinə qarşı da üsyan edib onu başlıqlarda yaşadan məqalələr kimi.
Şərur Naxçıvanda ən qədim insan məskənlərinin mövcud olduğu bölgələrdəndir. Tarixçilərimiz rayon ərazisindəki Qazma mağarası, Ovçulartəpə, Qızqala və Oğlanqala abidələrinin bu yurdun tarixini öz daş yaddaşında yaşatdığını sübut ediblər. “Şərur” sözünün etimologiyası da həmişə tədqiqatçıların diqqətini çəkmiş, müxtəlif fikirlər irəli sürülmüşdür. Bu ad “Kitabi-Dədə Qorqud” dastanında “Şəruk” kimi xatırlanmış, xalq arasında “Şərur” və daha çox isə “Şəril” kimi işlədilmiş, bu istiqamətdə araşdırmalar aparan tədqiqatçılar “Şərur” adının türk mənşəli olması barədə yekdil fikrə gəlmişlər.
Rəsmi mənbələrə əsasən 1870-ci ildə yaradılmış Şərur-Dərələyəz qəzasının əsasında 1930-cu ildə Şərur rayonu təşkil olunsa da, 1964-cü ilədək “Noraşen”, 28 fevral 1991-ci il tarixədək isə “İliç” adlandırılmışdır. Şübhəsiz, bu qədər qədim tarixə malik olan, təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında adı ilə tanınan bu yurd yerimizə belə qondarma adlar yapışdırılması köklü-budaqlı bar ağacına qurumuş budağı zorla calaq etmək kimi mənasız cəhddən başqa bir nəticə verməmiş, son nəticədə, insanların yurd sevgisi və sağlam düşüncəsi qalib gəlmişdir. Bu mübarizəni isə ozamankı ziyalılar qəzetin səhifələrindəki çıxışlarında hər addımda aparırdılar.
Həmin dövrlərdə qəzetin səhifələrində diqqəti cəlb edən ilk “Şərur” başlıqlı yazı 11 oktyabr 1967-ci il tarixli nömrəsindəki “Şərur düzlərinin bərəkəti artır” adlı məqalədir. Burada müəllif Şərurun güclü kənd təsərrüfatı potensialından söhbət açaraq torpağa bağlı insanların halal əməyindən bəhs etmişdir. Başlığa çıxarılmış doğma “Şərur” adının ilk təcrübəsini uğurla davam etdirən qəzet daha sonra – 2 noyabr 1972-ci il tarixli nömrəsində “Şərurun pərisi” adlı oçerki ilə daha cəsarətli addım atmış, yazıda Şərur elinin əmək qəhrəmanlarından bəhs etmişdir. Diqqəti çəkən maraqlı bir cəhət də odur ki, burada “İliç” kəlməsini heç işlətməmişdir. Ümumiyyətlə, 1970-ci illərdən sonra qəzetin bütün digər sahələrdə olduğu kimi, bu mövzuya yanaşmada da xeyli dərəcədə aydınlandığını göstərmək olar ki, burada da, şübhəsiz, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə respublikada milli oyanış hisslərinin güclənməsi mühüm amil olmuşdur.
Sonrakı illərdə qəzet “Şərur” mövzusuna davam edərək 7 noyabr 1972-ci il tarixdə rayonda çıxan “İşıqlı yol” qəzeti əməkdaşının imzası ilə “Şərurun ağ günləri” adlı geniş məqalə dərc etmişdir. Burada müəllif Şərurun gözəlliklərindən danışaraq oxucunu, sanki virtual olaraq bu torpağa səyahətə dəvət edir. Yazıda diqqətçəkən məqam müəllifin yazının başlığı ilə birgə mətn daxilində 10 dəfə “Şərur” adını təkrarlayaraq oxucu təfəkkürünə onun canlı diffuziyasına nail olmasıdır. Təxminən, 1 ay sonra 17 dekabr 1972-ci il tarixdəki “Şərurun dan ulduzu” başlıqlı yazısında da bu torpağın zəhmətkeş əmək adamlarından bəhs olunaraq mövzuya davam edilir.
Şərur torpağını cənnətməkan edən qəhrəman insanların həyatını işıqlandıran qəzet 8 mart 1977-ci il tarixli nömrəsində “Şərur qızları”, 24 iyul 1981-ci il tarixli nömrəsində“Şərurun igid oğlu”, 12 avqust 1982-ci il tarixli nömrəsində “Şərurun nəğməkar qızı”, 29 may 1988-ci il tarixli nömrəsində “Şərurun əsgər oğulları” başlıqlı yazıları ilə bu mövzunu davam etdirmişdir. “Şərur qızları” adlı yazıda qəzet Şərur torpağının yetirmələri – Sosialist Əməyi qəhrəmanları – Bahar Talıbova, Raziyyə Rüstəmova, Fatma İmamquliyeva, Tamam Əliyeva, Növrəstə Quliyeva və digər qadın əmək qəhrəmanlarının həyat və əmək fəaliyyətləri haqqında geniş məlumatlar verərək, bugünkü oxucular üçün də qiymətli mənbə yaratmışdır.
Şərur torpağının yetirdiyi yaradıcı insanlar onun şöhrətini hər yerə yayıblar. Şərurun qədim mədəniyyət abidələri, xalq yaradıcılığı nümunələri insanların yaddaşında yaşadılmış və Azərbaycan xalqının milli sərvəti kimi dünya mirasına qazandırılmışdır. Bu mənada, “Şərur yallısı” hələ ötən əsrin 60-cı illərindən başlayaraq xalqımızın qədim mədəniyyətini layiqincə təmsil etmiş, ansambl keçmiş ittifaq şəhərlərində və çox sayda xarici ölkədə qastrol səfərlərində olmuş, uğurlu çıxışlar etmişdir. “Şərq qapısı” qəzeti də zaman-zaman bu mövzuya toxunaraq “Şərur” səfərə hazırlaşır” (20 iyul 1973-cü il), “Arpaçay nəğmələri” (21 fevral 1974-cü il), “Şərur” xalq yallı ansamblı” (5 may 1976-cı il), “Şərur yallıları” (29 oktyabr 1980-ci il), “Yallı Şərurun ruhudur” (12 dekabr 1986-cı il), “Şərur torpağının musiqi sovqatı” (30 avqust 1987-ci il), “Şərur” beynəlxalq festivalda” (13 sentyabr 1988-ci il) başlıqlı yazıları ilə bu dəyərli mənəvi sərvətə sahib çıxmış, onu öz adı ilə təbliğ edərək tarixi missiyasını yerinə yetirmişdir. Şərurun öz adı ilə onun mədəni həyatının güzgüsü olmuş digər yazıları da xeyli saydadır. Qəzetin 27 iyul 1985-ci il tarixli nömrəsində “Şərur qönçələri”nin təravəti”, 23 noyabr 1986-cı il tarixli nömrəsindəki “Şərur qönçələri”, 25 oktyabr 1988-ci il tarixli nömrəsindəki “Şərur toyları”, 26 dekabr 1989-cu il tarixli nömrəsindəki “Şərurda çillə bayramı” adlı yazılar buna misal ola bilər.
Sovet hakimiyyəti illərində Şərur rayonu inzibati ərazisində olmuş qədim yurd yerimiz Kərki kəndində yaşayan insanların həyat və məşğuliyyətindən bəhs edən 16 may 1979-cu il tarixli nömrədə rast gəldiyimiz “Şərurda Quba alması” adlı yazı bu gün ikiqat həyəcanla oxunur. Xain düşmən təcavüzü nəticəsində işğal olunmuş Kərkinin 40 il əvvəlki mənzərəsini görmək və bu torpaqların tarixi Şərur-Dərələyəz mahalının bir parçası kimi tanımaq baxımından mərhum tarixçi alim, Şərur elinin şair oğlu Vaqif Məmmədovun imzasını daşıyan bu yazı çox qiymətlidir. O dövrdə tarixi mövzuda Şərur diyarı barədə digər yazılar isə qəzetin 22 sentyabr 1988-ci il nömrəsindəki “Şərur tapıntıları”, bir gün sonra 23 sentyabr 1988-ci il nömrəsindəki “Şərur qədim diyardır” başlıqları ilə diqqəti cəlb edir.
Sovet hakimiyyəti dövründə “Şərq qapısı” qəzeti “Şərur” başlıqlı yazıları ilə bərəkətli Şərur torpağından, onun sosial-iqtisadi və mədəni inkişafından da kifayət qədər bəhs etməklə odövrkü oxucuların qəlbində taxt qurmuşdur. “Şərurun taxılı” (3 sentyabr 1980-ci il), “Qonaqpərvər Şərur” (10 dekabr 1980-ci il), “Şərurun işıqlı sabahı” (17 aprel 1981-ci il), “Şərur dönüb gülüstana” (8 sentyabr 1982-ci il), “Şərurda yeni müəssisə” (3 mart 1983-cü il), “Şərur torpağında” (13 fevral 1985-ci il) başlıqlı məqalələr məhz o dövrdəki yazarların düşüncə məhsulu olmaqla, bu gün birəsrlik tarixə malik qəzetin səhifələrini bəzəməkdədir.
Mövzu ilə bağlı apardığımız araşdırmada “Şərq qapısı” qəzetinin səhifələrində rast gəldiyimiz və zaman baxımından da təsadüf ola bilməyəcək ən maraqlı yazı, bəlkə də, qəzetin 7 mart 1986-cı il tarixli nömrəsindəki “Şərurda çörək bayramı” adlı məqalədir. O dövrdə Şərur şəhərindəki yeni “Şərur çörəyi” mağazasının açılışından, buradakı bayram əhvali-ruhiyyəsindən bəhs edən bu yazının həmin günlərdə Moskvada keçirilən Kommunist Partiyasının XXVII qurultayı materiallarının dərc olunduğu 12 səhifəlik qəzetdə yer alması, fikrimizcə, doğma “Şərur” adının bu torpağa birdəfəlik qaytarılması üçün qəzetin də apardığı mübarizənin ən parlaq nümunəsi ola bilər. Və bu mənada, təxminən, iki il sonra 7 avqust 1988-ci ildə qəzetdə getmiş “Biganə qalmayaq” adlı məqalə tarixən xalqımızın məruz qaldığı haqsızlıqlara, onun yurd yerlərinin, tarixi məkanlarının, tamamən yad-yabançı adlarla çağırılmasına qarşı kəskin etiraz notunda gözəl bir yazıdır. Məqalə müəllifi, filologiya elmləri namizədi Arif Əliyev hansısa əsassız cəhdlərlə deformasiya olunmuş, yaxud başqalaşdırılmış yurd yerləri adlarımızın özünə qaytarılması üçün cəmiyyətə ziyalı çağırışı edir, ozamankı “Şərq qapısı” oxucuları timsalında səsini on minlərlə insana duyururdu.
100 illik yubileyini qeyd edən Azərbaycan mətbuatında özünəməxsus izlər qoymuş “Şərq qapısı” qəzeti yaxın keçmişimizdəki bu mübarizəsində də qələbə qazanmağı bacardı. Yazının əvvəlində də qeyd etdiyimiz kimi Şərurun rəsmən 28 fevral 1991-ci il tarixədək davam etmiş “İliç” adından qəzet düz 5 ay əvvəl “imtina edərək” son dəfə 29 sentyabr 1990-cı il tarixli bir yazısı ilə onunla “vidalaşdı”. Artıq 30 sentyabr 1990-cı il tarixdə dərc olunmuş “Vəlidağın sükutu pozulmuşdur” başlıqlı yazıda Sədərək-Türkiyə yolunun inşasında çalışan Şərur rayonunun yol inşaatçılarının əməyindən bəhs edilirdi. Bundan sonra doğma Şərur onun yurda bağlı insanlarının rəsmi ünvanı, ziyalıların böyük hərflərlə yazılan imzası olacaqdı.

“Şərq qapısı” qəzetinin 40-50 il əvvəl başlatdığı bu böyük vətənpərvərlik missiyası bu gün dövlət siyasəti səviyyəsində uğurla davam etdirilir. Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi, Naxçıvanın ən qədim dövrlərdən Azərbaycan türklərinə məxsusluğu ilə bağlı elmi materialların sayı artırılmalıdır.

Əli CABBAROV
Məqalə “Şərq qapısı” qəzetinin 100 illiyi münasibətilə keçirilən
yaradıcılıq müsabiqəsinə təqdim edilir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR