04 Noyabr 2024, Bazar ertəsi

30 illik bir həsrətdə idi Azərbaycanın dilbər guşəsi olan Qarabağ. 1990-cı illərdə imperialist güclərin köməyi ilə Ermənistan tərəfindən işğal olunmuşdu bu torpaqlar. İllərdir, doğma Azərbaycanın, musiqi, gözəllik, poeziya aşiqi olan xalqımızın xiffətini edirdi Xarı bülbül, İsa bulağı, Xan qızı Natəvanın isti ocağı. Cıdır düzündə düşmən at oynadır, yallı gedir, ürəyini üzürdü bu torpağın. Azğın düşmən hərdən Şuşa, Murov və digər  yüksəkliklərdən  gülləbaran edirdi Aran Qarabağı və ətrafdakı əraziləri. Xalqımız şəhid verir, torpaq acısı ilə yaşayırdı.

...Bir gün, 2020-ci ilin sentyabrın 27-də düşmən yenə də öz xislətinə sadiq qalıb onlarla üz-üzə olan mövqelərdən mülki əhalimizə, səngərlərimizə atəş açmağa başladı. Mülki əhali və əsgərlərimiz şəhid oldu. Yaşayış məskənləri düşmən təcavüzündən xəsarət aldı. Bu dəfə isə artıq son hədd idi. 30 il idi ki, hər bir əsgərin, zabitin, xaqlımızın gözlədiyi an gəldi , Ali Baş Komandan cənab İlham Əliyev düşmənin hücumunun qarşısını almaq üçün çoxdan gözlənilən döyüş əmrini verdi.  Bu artıq müqəddəs savaş idi. Qəlbimizdə, ürəyimizdə yaşatdığımız 30 illik həsrətin, kinin, məkrli düşmənin davranışlarına qarşı yığılmış intiqamın savaşı idi. İşğalçıya qarşı Qisas hissi o qədər güclü idi ki, müharibənin ilk günlərində Azərbaycan əsgəri ildırım sürəti ilə irəli şığıdı. Neçə-neçə kəndlərimiz, şəhərlərimiz düşməndən azad olundu. Hər dəfə bu şad  xəbərləri isə məhz ölkə başçısının dilindən eşitmək necə də xoş , qürurverici idi. Çünki bu cümlələrə, sözlərə, xəbərlərə 30 il idi ki, təşnə idik, susamışdıq qələbə  müjdəsinə.

 

Dünya çaşqınlıq içində idi. Sayca və texniki baxımdan ən güclü orduya malik dövlətlər 21-ci əsrdə yeni döyüş taktikasını tətbiq edən türkün  gücünə , savaş qüdrətinə heyran qalmışdı. Bu dəfə ən müasir silahlarla təchiz olunmuş Azərbaycan Ordusu döyüşü yerdən yox, göydən aparırdı. Çünki bu savaş torpaq uğurunda, vətən üçün, deməli ən müqəddəs sayılan hisslər, duyğular, məqamlar üçün aparılırdı. Bu artıq yerin deyil, bizə qələbə xeyir duası verən Göylərin də savaşı idi. Bu günlərdə düşmənin ən güclü səngərlərini, 4-5 qat gücləndirilmiş istehkam sədlərini “bıçaq yağı kəsən kimi” yarıb keçən Ordumuz səngərdə, ön cəbhədə vuruşur, Ali Baş Komandan isə xalqımızla birlikdə arxa cəbhədə döyüşürdü. Hərb taktikamızın, əsgərlərimizin qarşısında dayana bilməyən düşmən dinc əhalini, Tərtər, Goranboy, Bərdə, Ağcabədini atəşə tutur, sivil  adamları, uşaqları, qocaları qətlə yetirir, öz zəifliyini gizlətmək üçün hər cür şərəfsizliyə, savaş qanunlarından kənara çıxan yollara əl atırdı. Hətta Gəncə kimi bir şəhərə raket zərbələri endirməklə xalqımızın gözünü qorxutmağa, təşviş  yaratmağa cəhd edirdi. Amma yanılırdı. Çünki bu, 1990-cı illərin əvvəlindəki yox,  21-ci  əsrin Azərbaycanı və içində uzun illərin nifrətini silaha çevirən  Azərbaycan xalqı idi.

Həmin günlər ən böyük savaşı məhz ölkə başçısı, Ali Baş Komandan aparırdı. Həm səngərdəki əsgərlərə mükəmməl döyüş layihələri təqdim edir,  həm də uğurlarımıza sevinməyən, ermənilərin tərəfini saxlayan qərb dünyasının təzyiqlərinin qarşısında mətnliklə dayanırdı. O günlərdə 30-a yaxın əcnəbi televiziya və məşhur informasiya agentliklərinin müxbirlərinin qərəzli suallarına tutarlı cavablar verərək ikinci sual üçün yer qoymurdu. Bu isə xalqı və döyüşən əsgəri ruhlandıran ən mühüm amil idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qarşısında toplanıb könüllü cəbhəyə getmək istəyən gənclərin, yaşlıların vətənpərvərliyi də dünyanı nəinki heyrətə, hətta dəhşətə salmışdı. Bu isə təbii ki, dostlarımızı sevindirir, düşmənlərimizi isə qorxutmaqla yanaşı, bizimlə hesablaşmağa vadar edirdi.  Cəbhədəki əsgərlərin əhval ruhiyyəsi də tamam ayrı idi. Ən maraqlı məqamlardan biri də hər gün müəyyən saatlarda ölkə başçısının televiziya vasitəsilə çıxış edərək , azad olunmuş ərazilərin müjdəsini verməsi idi.

Bu müharibədə minlərlə şəhidimiz oldu. Onların hər biri özünəməxsus igidliyi ilə seçildi. Öz vətən sevgisini, torpaq məhəbbətini sərgilədi. Sübut etdilər ki, bu torpağı canlarından artıq istəyirlər. 44 günlük müharibədə hər bir əsgərin və zabitin idealına çevrilən, xəyanət nəticəsində şəhid olan, amma sirli təbəssümü ilə hər kəsə sanki döyüş ruhu verən, səngər generalı kimi ad çıxaran  general Polad Həşimov, onun qisasını almaq üçün düşmənin yüksək rütbəli zabitlərini, hətta generalını əlbəyaxa döyüşdə öldürərək, özü də şəhadətə yüksələn 19 yaşlı igidimiz, indi hər bir yeniyetmənin dilinin əzbəri olan Cəbrayıl Dövlətzadə, həmişə öndə getdiyi üçün qorxmaz komandir,  hərbi xidməti Naxçıvandan başlayan, doğulduğu Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olan polkovnik Şükür Həmidov, döyüşarası sakitlikdə öz əsgər yoldaşlarını daha da ruhlandırmaq, onlara əlavə motivasiya vermək üçün bircə nəqəratlıq mahnısı ilə bütün Azərbaycanın, türk dünyasının sevimlisinə çevrilən, özü ilə bərabər "Vətən yaxşıdır" mahnısına əbədiyyət qazandıran Xudayar Yusifzadə və nə qədər bu kimi qəhrəmanların hər birinin mübarizəsi  və döyüş yolu bir örnəkdir, tarixdir, əbədiyyətdir.

Bu müqəddəs savaşda Naxçıvan Dövlət Universitetinin jurnalist  tələbələri də öz kövrək qələmlərini süngüyə, silaha çevirib düşmənlə mübarizə apardılar, döyüşlərdə qəhrəmanlıqla döyüşən qazilərimiz, şəhidlərimiz haqqında yazılar yazdılar, məqalələr çap etdirdilər, verilişlər hazırladılar. Sözlə döyüşən bir əsgər kimi onlar da vətənin keşiyində dayandılar, informasiya cəbhəsində döyüşdülər, vuruşdular.    

... Nəhayət o gün gəldi, özünü çox güclü sayan düşmən Azərbaycan ordusunun hücumlarının qarşısında  cəmi 44 gün geri çəkilə bildi. Bu əzmin, qüdrətin, xalq birliyinin , gücün qarşısında tab gətirə bilməyib təslim oldu. Bu təslim olma anının ən pik, kuliminasiya nöqtəsi isə Şuşa zəfəri oldu. Qafqazın gözəli, Azərbaycanın əbədi mədəniyyət beşiyi Şuşa azad edildi.

Biz dövlət olaraq  4 əsr idi ki, qarış-qarış kəsilib pay verilən, xəyanət nəticəsində kimlərəsə bağışlanan, ərazisində yad dövlətlər yaradılan, bir sözlə işğal olan  Azərbaycan torpaqlarını geri qaytara bilməmişdik. Amma bu 44 günlük müharibənin Baş sərkərdəsi, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı  cənab İlham Əliyev yeni tarix yazdı. İşğal edilən Qarabağı 30 ildən sonra geri qaytardı. Bu şanlı tariximizdir. Biz nə xoşbəxtik ki, bunun şahidi olduq.

Artıq bir il ötür o şanlı gündən, Qarabağ zəfərindən. Bir ildir ki, biz qələbə sevincini yaşayır, düşmən tərəfindən talan, viran olan Qarabağı dirçəldirik. Biz qələbənin eyforiyasını yaşadıqca, dostlarımız sevinir,  düşmənlərimiz rəzil  olur. Bəli, bu gün Azərbaycan dünyada qalib ölkə kimi tanınır. Çünki biz Zəfər çalmışıq!  

 

İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universitetinin Jurnalsitika

ixtisasının III kurs tələbəsi

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR