Noyabrın 5-də – Zəfər Günü ərəfəsində 8 şəhid ailəsinə və 1 qaziyə mənzil, sağlamlıqları məhdudlaşmış 13 şəxsə isə avtomobil təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 8 noyabrın Azərbaycanda Zəfər Günü olduğunu qeyd etmiş, əlamətdar gün ərəfəsində şəhidlərin əziz xatirəsinə ehtiramını bildirmişdir.
Ali Məclisin Sədri demişdir: 2020-ci ilin 27 sentyabr - 8 noyabr tarixlərində Azərbaycan işğal altındakı torpaqlarımızı azad etmək məqsədilə Vətən müharibəsinə başlamış və tarixi Qələbə qazanmışdır. Şanlı qələbəmiz ulu öndər Heydər Əliyevin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur. Belə bir fikir vardır ki, döyüş meydanında qələbənin qazanılması üçün hərbi və iqtisadi güclə bərabər, Vətən sevgisi və milli birlik də vacibdir. Vətən müharibəsi Azərbaycanda lider-xalq-dövlət birliyinin daha bir ifadəsi oldu.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir”. İkinci Qarabağ müharibəsində Azərbaycan dövlətinin ən böyük gücü də iqtisadi və hərbi qüdrəti ilə yanaşı, həm də malik olduğu vətənpərvər insanları oldu. İgid oğullarımız əsl vətənpərvərlik nümunəsi göstərərək xalqımıza böyük Zəfər qazandırdılar. Bütövlükdə, Vətən müharibəsi Azərbaycan tarixinin Zəfər salnaməsinə çevrildi. Bu salnamə gələcək nəsillər üçün vətənpərvərlik, milli birlik və həmrəylik nümunəsidir.
“Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında şəhid adı uca tutulur, şəhid ailələrinə və sağlamlığını itirmiş müharibə iştirakçılarına mənzillər və avtomobillər təqdim edilir. Zəfər Günü ərəfəsində Naxçıvanda şəhid ailələrinə və qazilərə yeni mənzillərin və avtomobillərin təqdim olunması da bu tədbirlərin davamıdır”, – deyən Ali Məclisin Sədri çıxışını ölkə Prezidentinin fikirləri ilə tamamlamışdır: “Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi... İndi isə bizim üçün yeni dövr başlayır – quruculuq dövrü... Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək”.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim etmişdir.
Şəhid atası Hümbət Rzayev və qazilər dövlətin onlar üçün yaratdığı şəraitə və göstərilən qayğıya görə minnətdarlıq etmişlər.
Mənzillə təmin olunan Aygül İbrahimova demişdir: “Həyat yoldaşım şəhid çavuş Ruzi İbrahimov 2018-ci ildə keçirilən Günnüt əməliyyatının iştirakçısı olmuş, İkinci Qarabağ müharibəsində isə Vətənə olan borcunu layiqincə yerinə yetirərək şəhidlik zirvəsinə yüksəlmişdir. Ölkəmizdə şəhid adı daim uca tutulur, onların ailə üzvlərinə diqqət və qayğı göstərilir. Bütün bunlara görə minnətdarlıq edirik”.
Tədbir çay süfrəsi arxasında davam etmişdir.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Sədərək rayonunun Heydərabad, Kəngərli rayonunun Qıvraq qəsəbələrində, Şərur, Babək və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulmuş, lazımi kommunal şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti