26 Dekabr 2024, Cümə axşamı

Otuz ildən çoxdur ki, tarixi torpaqları əlindən alınan sülhsevər xalqın səbir kasası daşdı. “Biz birlikdə güclüyük!” şüarı Qarabağın azadlıq çağırışına çevrildi. Vətən müharibəsi başlayan gündən ordumuz torpaqlarımızı düşməndən qarış-qarış aldı. Etiraf edək ki, hər birimiz Şuşanın düşməndən azad olunması xəbərini səbirsizliklə gözləyirdik. Ürəyimiz orada döyünürdü. İnanırdıq ki, Şuşa Azərbaycanın qəhrəman oğullarının şücaəti sayəsində yenidən bizə qayıdacaq. Hələ oktyabr ayında Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibəsində Ali Baş Komandan deyirdi: “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.


Həmin günlərdə Azərbaycan əsgəri sıx meşələrlə, dağlarla döyüşə-döyüşə Şuşaya doğru irəliləyirdi. Mənfurların heç vaxt ağlına belə, gəlməzdi ki, Azərbaycan əsgəri dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək Şuşaya çata bilər. Uca dağların başında yerləşən şəhərə çatmaq üçün keçilməz yolları çəkidə ağır, döyüşdə yüngül hesab edilən silahlarla günlərlə çörəksiz, susuz qalxdı dağ yuxarı Azərbaycan əsgəri. Belə Vətən sevgisinə dünya şahid olmamışdı. Dillərə dastan oldu igid oğullarımızın şücaəti. Dünya mətbuatı Azərbaycan əsgərinin igidliyindən, Şuşanın hansı çətin relyefdə, dumanlı dağları aşıb işğaldan azad etdiyindən yazdı. “Belə döyüş, belə dövlət, belə Vətən sevgisi görən olubmu? Demək çətindir. Bir müxbir kimi dünyanın bir sıra ölkələrini gəzmişəm, müharibə zonalarını müşahidə etmişəm. Beləsini görməmişəm. Azərbaycan əsgəri dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan-tər içərisində qalxırdı. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Budur, vətənpərvərlik! Budur, Vətən sevgisi! Budur, torpağa bağlılıq!”
Şuşanın azad edilməsi müharibənin dönüş nöqtəsi oldu. Bir payız səhəri yaz Günəşi doğuldu Şuşanın səmasında. O Günəşin şəfəqlərinin altında neçə-neçə igidin ruhu Şuşanın azad səmasında pərvazlandı. Şuşanın azadlıq günündən daha gözəl gün ola bilməzdi bu xalq üçün. Çünki həmin gün Şuşanın köksünə illərdir, sancılan, onun nəfəsini kəsən o yad cismi – erməni bayrağını qoparıb ayaqlar altına atdı igid oğullarımız. Əlində üçrəngli, ay-ulduzlu bayraq, dilində ulu öndərimizin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” kəlamı ilə Azərbaycan əsgəri Cıdır düzündə yallı getdi. Vaxtilə ermənilərin “Dağlarda toy” əməliyyatı ilə işğal etdikləri elə həmin dağlarda igid oğullarımız da onlara tarixboyu unuda bilməyəcəkləri toyu tutdu. Ali Baş Komandanın dediyi kimi, “İndi biz onlara elə toy tutduq ki, bu dərsi əbədi yadda saxlayacaqlar”.
Noyabr ayının 8-i Zəfər Günü kimi tariximizə düşdü. Ali Baş Komandan Şuşaya qəhrəman əsgərlərimizin döyüşə-döyüşə azad etdiyi torpaqlarda açdığı yolla getdi və onu “Zəfər yolu” adlandırdı: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”.

Möhtəşəm Zəfərin şəhərinə ilk səfər

Müzəffər Ali Baş Komandan Qarabağın tacı olan Şuşa şəhərinə ilk səfərini 2021-ci ilin yanvar ayında etmişdi. Bu həm də Azərbaycan Prezidentinin 2021-ci ildə regionlara ilk səfəri idi. 44 günlük Vətən müharibəsinin 42-ci günündə Şuşanın işğaldan azad olunması ən böyük hərbi-siyasi hadisə idisə, ilk daxili səfərin Şuşaya edilməsi də özlüyündə rəmzi əhəmiyyət, böyük məna kəsb edirdi. Müzəffər Sərkərdə üçün bu səfərin yanvarın 14-də gerçəkləşməsinin ayrı rəmzi mənası da var idi. Düz 39 il əvvəl, 1982-ci ilin 14 yanvarında Şuşada ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuş və həmin tədbirdə cənab İlham Əliyev də iştirak etmişdi.
Bu səfərin ölkə başçısı üçün xüsusi bir tarixi önəmi həm də ondan ibarət idi ki, O, son 30 ildə Şuşaya səfər edən ilk Azərbaycan Prezidenti idi. Bu müqəddəs ünvana qalib, 44 günlük müharibənin Müzəffər Ali Baş Komandanı kimi gəlmişdi.
“Bu dəfə Müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!” – deyən Azərbaycan Prezidenti öz siyasi gücü ilə dünyaya Şuşadan mesaj verdi. Şuşaya şəhərin fatehi, İkinci Qarabağ müharibəsinin Müzəffər Ali Baş Komandanı kimi gəldiyi Qarabağın ürəyində, Şuşa şəhərində Azərbaycan bayrağını ucaltdı. Həmin anlar tarixin yaddaşına qızıl hərflərlə yazılmaqla yanaşı, düşmənə də gözdağı oldu.

“Güllələnmiş heykəllər”in Şuşaya qayıdışı

Şuşa hər zaman tanınmış şəxsiyyətləri ilə seçilib. Şuşa Azərbaycanın bir çox ziyalılarının, o cümlədən şairlərin, yazıçıların yurdu olub. Ermənistanın Azərbaycan torpaqlarını, o cümlədən Şuşanı işğal etməsi nəticəsində digər ərazilərdə olduğu kimi, Şuşada da tarixi-mədəni abidələrimiz dağıdılıb, ev-muzeyləri qarət edilib. Onların arasında Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstləri, Vaqifin məqbərəsi, şəhərdə yerləşən qədim məscidlər mədəni, tarixi, dini tikililər var. Ermənilər tərəfindən vandalizm aktına məruz qalan abidə və tikililərin bir hissəsi məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə inşa edilmişdi. Prezident Şuşa səfərlərinin birində Xurşidbanu Natəvanın büstünü ümummilli liderimizin 1982-ci ilin yay aylarında açdığını deyir: “Mən də o vaxt atamla birlikdə burada idim. Bax buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparmışdılar. Görün nə qədər alçaq keyfiyyətli insan olmalısan ki, tarixi şəxsiyyətlərin xatirə büstlərini güllə ilə vurasan, təhqir edəsən, sonra aparıb bunu əritmək istəyəsən. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və ulu öndər Heydər Əliyevə müraciət etmişdi. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi”.
İllərdir, “Güllələnmiş heykəllər” adlandırılan Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Azərbaycan Prezidenti cənab İlham Əliyevlə ailəsinin Şuşaya səfəri ərəfəsində doğma yurduna, layiq olduğu yerə geri qaytarıldı.
Şuşaya ikinci səfərində 2021-ci ilin mart ayında Novruz bayramı ərəfəsində bu qədim şəhərdə illər sonra bayram tonqalı qalandı. O yanan tonqal illərdir, Şuşasız üşüyən qəlbləri isitdi. Həmin səfər sonrası Şuşadan ayrılarkən dövlətimizin başçısı deyirdi: “Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır. Aşağıda da Laçın dəhlizidir. Hava da yenə bizimlə həmrəydir. Günəş yolumuzu işıqlandırır. Bura isə Şuşa yarımstansiyasının binasıdır. Bu bina qısa müddət ərzində inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir. Keçən dəfə də yanvar ayında Şuşaya gələndə, Şuşaya yaxınlaşanda hava açıldı, Günəş bizi salamladı”.

“Xarıbülbül” musiqi festivalı Şanlı Qələbənin rəmzi kimi

7 may 2021-ci ildə Qarabağımızın almaz qaşı Şuşa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycanın Mədəniyyət Paytaxtı” elan edildi.
Mayın 12-də Azərbaycanın Mədəniyyət Paytaxtı 31 il sonra “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşıladı. İllər sonra Qarabağ şikəstəsinin sədası Şuşa dağlarında əks-səda verdi. Biz qayıtmışıq doğma dağlar, sən bizimsən, əbədiyyən də bizim olacaqsan, öz doğmalarının, – dedi. Cıdır düzündə iki gün davam edən musiqi festivalında Vətənimizin bütün bölgələrindən olan musiqiçilər öz ifaları ilə biz birik, bütöv Azərbaycanıq, – dedilər. Ölkə başçısı çıxışında deyirdi: “Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Təsadüfi deyil ki, birinci festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələri çıxış edəcəklər və bir daha biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk”. Həmin festival əziz bayramımız olan Ramazan ərəfəsində keçirildi. İştirakçılar Gövhər ağa məscidini ziyarət etdilər, namaz qılıb, Uca Tanrıya dualar oxudular. Həmin gün “Xarıbülbül” otelinin də açılışı oldu.

100 illik tarix və ya sarsılmaz birliyimizin növbəti
nümunəsi Şuşada yenidən tarixiləşdi

Sonrakı səfər iyun ayında baş tutdu. Bu dəfə türk xalqının əziz oğlu, qardaş Türkiyənin Prezidenti Rəcəb Təyyib Ərdoğan da gözəl Şuşamıza qonaq gəlmişdi. Həmin səfər çərçivəsində Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. Həmin Bəyannamə tarixi 100 il bundan öncə imzalanan Qars müqaviləsinin davamı idi. Azərbaycan üçün çox önəmli bir tarixdə – Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra imzalanan Bəyannamə həm də böyük rəmzi məna daşıyırdı. Bu məna həm də sarsılmaz birliyimizi ifadə edirdi.
1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan qardaş Türkiyə dövləti 100 il sonra – 2021-ci ildə Şuşa Bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin də qarantına çevrildi. Həmin gün Cıdır düzündə Qarabağ atları şahə qalxdı. “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya izləyənləri valeh etdi. Zəfər adlı Qarabağ atı və xarıbülbül çiçəyi qardaş ölkənin başçısına hədiyyə edildi. Ölkə başçısının milli musiqimizin sədaları altında rəqs edən sənətkarlara qoşulması isə vaxtilə sərxoş halda Cıdır düzündə yallı gedən düşmən baş nazirinə tutarlı cavab oldu. Bu mənzərəni izləyən azərbaycanlıların ürəyi dağa döndü.

Vətənin dörd bir yanından gələnlər gözəl Şuşanın
seyrinə çıxıb Vaqif poeziyasının işığında nurlandılar

Avqustun 29-da Şuşa yenə qollarını açıb Müzəffər Sərkərdəsini qarşıladı. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva şəhərdə bir sıra açılış və təməlqoyma mərasimlərində iştirak etdilər. Yenidənqurma işləri yekunlaşan “Qarabağ” otelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün, muzey-məqbərə kompleksinin, Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışı oldu. Ölkə Prezidenti Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə də tanış oldu.
İncəsənət beşiyi olan Şuşada digər mədəniyyət ocaqları kimi, Bülbülün ev-muzeyi də erməni vandalizminin qurbanı olmuşdu. Lakin Bülbülün ev-muzeyinin və böyük incəsənət xadiminin yeni hazırlanan büstünün də həmin gün həyata yenidən qayıtdığı gün oldu. Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada “Hotel və Konfrans Mərkəzi”nin və yeni yaşayış massivinin təməli atıldı. 30 avqustda Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil edildi. Həmin tədbirdə çıxış edən dövlət başçısı deyirdi: “Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər. Vaqifin içəridəki barelyefini, sinə daşını sökmüşdülər. Yəni onlara xas olan vandalizm törətmişdilər, necə ki, azad edilmiş bütün başqa torpaqlarda biz bunun şahidiyik. Məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və bu gün biz bu məqbərənin önündə Vaqif Poeziya Günlərinə start veririk. Vaqif Poeziya Günləri də bərpa edildi”.
Həmin gündən – o möhtəşəm zəfərdən bir il ötür. Bir ildə nələr oldu, necə dirçəldi işğaldan azad edilən torpaqlarımız buna şahidlik etdikcə qürurlandıq. Cənnətə döndükcə yurdumuz: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir”, – deyən dahi rəhbərin ruhu şad oldu. Biz dahi şəxsiyyətin arzuladığı kimi Şuşaya qayıtdıq. O Cənnət yurdumuzun hər saat, hər gün çiçəkləndiyinə şahidlik etdik. Ali Baş Komandanın dediyi kimi: “Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür”. İlahi ədalət bərpa edildi, Vətənimizin bir parçası olan Qarabağ, onun almaz qaşı Şuşa öz sahibinə qayıtdı. Və inanırıq ki, ulu öndərimizin də, cənnətimizin hər qarışı üçün canından keçən oğullarımızın da ruhu Şuşanın azad səmasından bu gözəl günləri görüb şad olur. Dahi şəxsiyyətin abidəsinin Şuşanın ən görkəmli yerində ucalacağı gün isə Qələbənin əsl təntənəsi olacaq.

Ramiyyə ƏKBƏROVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR