01 Noyabr 2024, Cümə

Hər il noyabrın 17-si Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzi kimi muxtar respublikamızda qaldırıldığı gün kimi qeyd olunur.


1990-cı il noyabrın 17-si Naxçıvanın müstəqillik tarixinə çox əhəmiyyətli tarixi gün kimi düşmüşdür. Xalqımızın həyatında dönüş nöqtəsi sayılan həmin əlamətdar hadisə ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyulunda Naxçıvana qayıdışı və bu qədim Azərbaycan diyarında milli dövlətçiliyimizin bərpası istiqamətində atdığı tarixi addımlar, nəinki Naxçıvanı, bütövlükdə, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli bir dövrdə Naxçıvana rəhbərlik edən dahi liderin milli dövlət quruculuğu sahəsində qəbul etdiyi mühüm qərarlar Azərbaycanın müstəqil, demokratik və dünyəvi dövlət kimi gələcək fəaliyyətinin siyasi və ideoloji əsaslarını müəyyən etdi. Bu dövrdə xalqda milli özünüdərki gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar atıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olundu, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Bununla əlaqədar ümummilli lider Heydər Əliyevin öz əli ilə yazdığı Ali Məclisin Qərarında deyilirdi:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərara alır:
1) İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2) Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət Himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3) Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağının, bütövlükdə, Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.
Bundan sonra yeni qəbul olunmuş bayraq zala gətirilmiş, beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi ucaldılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda rəsmi bayraq kimi qəbul edildi. Bu tarixi videolar var... Ancaq, eyni zamanda mən istərdim ki, hər kəs bu tarixi bilsin və müstəqilliyin əsas səbəbkarlarını tanısın. Bizim müstəqilliyimizə gedən yol məhz 17 noyabr 1990-cı ildən başlamışdır ki, indi dövlət bayrağımız olan üçrəngli bayraq dövlət bayrağı kimi təsis edildi...”
1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında Qərar qəbul olunmuşdur. Böyük dövlət xadimi Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Dövlət Bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olundu, Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında normativ aktlar qəbul edildi. Ulu öndərimizin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında üçrəngli bayrağımız dövlət rəmzi kimi təsbit edilib. Burada göstərilir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bayrağımızdakı mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.
Ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”. Görkəmli dövlət xadiminin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Dövlət başçısının 2007-ci il 17 noyabr tarixli Sərəncamına əsasən Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılmışdır. “Ginnes” dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkəmizin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılmışdır. Belə bayraq meydanlarından biri də dövlət atributlarımıza sevgi və hörmətin göstəricisi kimi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasındadır. Muxtar respublikamızda dövlət rəmzlərinin qorunması, yaşadılması və təbliğinə böyük diqqət göstərilir, dövlət rəmzlərimiz və atributlarımız daim uca tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncam bu baxımdan mühüm əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də Dövlət Bayrağı Meydanı və Muzeyinin təntənəli açılış mərasimi keçirilmişdir. Naxçıvan şəhərindəki Bayraq Meydanında unikal quruluşa malik Bayraq Muzeyi yaradılmışdır. Dövlət Bayrağı Muzeyi Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşir. Bayraq dirəyinin ətrafında yaradılmış muzey səkkizguşəlidir. Meydanda dalğalanan Dövlət Bayrağının uzunluğu 20, eni 10, bayraq dirəyinin hündürlüyü isə 57 metrdir. Muzeydə nümayiş olunan ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul edilən “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərarın surəti və həmin tarixi günə aid fotoşəkillər, tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları dövlətçilik tariximizi, Naxçıvanda mövcud olmuş qədim dövlətlərin tarixini öyrənməyə geniş imkanlar yaradır, gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işində mühüm rol oynayır.
Naxçıvan şəhərindəki Bayraq Meydanından sonra muxtar respublikanın digər bölgələrində də istifadəyə verilən Bayraq meydanlarında üçrəngli bayrağımız dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisi, qələbənin simvolu kimi əbədi yüksəkliyə qaldırılmışdır. Bu il 8 Noyabr – Zəfər Günündə Kəngərli rayonda Bayraq Meydanının istifadəyə verilməsi mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edilməlidir, müstəqil dövlət kimi Azərbaycan bütün ərazisinin sahibi olmalıdır, öz sərhədlərinə tam nəzarət etmək hüququna nail olmalıdır”. Ulu öndərin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad etmiş, Azərbaycan düşmən üzərində tarixi Qələbə qazanmışdır. Əgər 1993-cü ildə ümummilli liderimiz Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edərək Milli Qurtuluşa qovuşdurmuşsa, bu yolu uğurla davam etdirən ölkə Prezidentinin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımız işğaldan azad olunmuş, ərazi bütövlüyümüz tam təmin edilmişdir.
Bu gün üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır. Qürurverici haldır ki, illər öncə cənab Prezidentimizin dediyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” ifadələri bu gün artıq reallığa çevrilmişdir. Ötən il 44 günlük Vətən müharibəsində Müzəffər Ordumuzun peşəkarlığı, Ali Baş Komandanımızın qətiyyətli iradəsi sayəsində tarixi Qələbə qazandıq. İndi əzəmətli Azərbaycan bayrağı əzəli, qədim torpaqlarımız olan, yenidən dirçəldilən, qurulan Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Hadrutda, Suqovuşanda, Ağdamda, Kəlbəcərdə, Laçında, Şuşada, digər kənd və qəsəbələrimizdə, xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində dalğalanır.
Xalqımız onu nicat yoluna çıxaran, dövlətçiliyimiz, müstəqilliyimiz yolunda mütərəqqi addımın atıldığı, Azərbaycanın müstəqillik rəmzi sayılan Dövlət Bayrağının muxtar respublikada qaldırıldığı 17 noyabr gününü heç zaman unutmayacaq, gələcək nəsillər dahi siyasətçinin Naxçıvandan başladığı tarixi xilaskarlıq missiyasını daim hörmət və ehtiramla xatırlayacaqlar.

“Şərq qapısı”

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR