06 Dekabr 2024, Cümə

Bəzi insanlar ömrüboyu, kimi bilmədən, kimi də bilərək, şüurlu şəkildə öz əlilə ömrünə balta çalır. Həm də bunu adi hal, həyat norması kimi qəbul edir, iradəsinin zəyifliyindən doğan həyat tərzinə, seçdiyi yola, pis vərdişlərə haqq qazandırmağa çalışır. Lakin qarşıda onu nələrin gözlədiyindən xəbərsiz olur. Baxmayaraq ki, həkimlərimiz dəfələrlə çağırışlar edirlər, bəzi preparatlardan kənar olmağı məsləhət görürlər, lakin buna əməl etməyənlər düşdüyü vəziyyətlə həkimə müraciət edirlər. Bu an isə onlar üçün artıq çox gec olur. 

 

Müasir dövrümüzdə ən böyük bəlalardan biri də bəzi insanların, xüsusilə də qadınların sonunu düşünmədən arıqlamaq üçün qeyri-sağlam yollara əl atmasıdır. “Təki arıqlayım”,– deyərək təhlükəli arıqlama dərmanları qəbul etməklə sağlamlıqlarını risk altına qoyub dərdinə çarə axtaranlar bəla tapırlar. Bir çox hallarda piylənmədən əziyyət çəkənlər, deformasiyaya uğramış bədən quruluşuna sahib olanlar, eləcə də ideal bədənə malik olmaq istəyənlər həkimə müraciət etmək, idmanla məşğul olmaq əvəzinə, haqqında elə də ətraflı məlumat əldə etmədikləri, ziyanları haqda xəbərdar olmadıqları dərman preparatlarına üstünlük verirlər. Arıqlamaq istəyi onları reseptsiz, həkim məsləhəti olmadan dərman qəbul etməyə sövq edir. Ta ki problem yaranana qədər.

Hər bir insanın öz bədən quruluşu var. Tutaq ki, 40 yaşlı bir qadın özünü gənc göstərmək üçün bu cür vasitələrə əl atır. Bu, yolverilən deyil. Belə dərmanlar isə ən yaxşı halda, sadəcə kömək etmir, aludəçiliyə yaşıl işıq yandırır, ən pis halda isə insan həyatı təhlükə ilə üz-üzə qalır, xərçəngə səbəb olur, ölüm kabusuna çevrilir.
Arıqlama dərmanları çarədirmi? Onların əksəriyyətinin üzərində Azərbaycan dilində yox, digər dillərdə yazılar var, amma məzmuna aid şərh yoxdur. Bir neçə il bundan əvvəl Avropada “Payuytsi” çayında və həbində sibutramin aşkar edilərək təhlükəli hesab olunub. Buna görə həmin dərmanın satışı qadağan edilib. Həmçinin həkimlər belə dərmanların infarkt və insult xəstəliklərinin inkişafına kömək etdiyini aşkarlayıblar. Bir sıra hallarda isə dərmanlar vasitəsilə arıqlayanların fiziki qabiliyyətlərinin çox ciddi şəkildə pozulması müşahidə olunur. Xüsusən internet vasitəsilə satılan və reklam olunan dərmanların alıcılarının kifayət qədər olması problemi daha da qəlizləşdirir. Bəzi saytlarda və pərakəndə satış mağazalarında satılan dərmanların əksəriyyətinin “təbii”, “100 faiz bitki mənşəli” olduğu iddia edilsə də, bu tip məhsulların göstərilməyən zərərli maddələr daşıdığı məlumdur. Həmin ünvanlarda “Çəkinizi bizə etibar edin”, “Arıqlamaq istəyənlərin nəzərinə”, “İlk kapsuldan effekt”, “Arıqlamaq artıq asanlaşdı” kimi elanlara istənilən qədər rast gəlmək olur.
Bəs mütəxəssislər nə deyir? Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim dietoloqu Sona Cəlilova bildirir ki, arıqlamaq üçün istifadə edilən həmin dərmanların heç bir tibbi əsası yoxdur. Çünki təbabətdə arıqlama dərmanı deyilən bir anlayış yoxdur. Arıqlamaq düzgün şəkildə, sağlamlığa zərər vurulmadan, dietoloqun köməyi ilə ola bilər.
“Sağlam şəkildə, mütəxəssislərin köməyi ilə yavaş-yavaş arıqlamaq çətin olduqda sehrli bir çubuq axtarırıq. Bu zaman arıqlama dərmanlarına müraciət olunur”, – deyən həkim onu da əlavə edir ki, bu dərmanlar ya mədə-bağırsaq sistemini, ya da iştahı pozur. Deməli, lazımlı qidalar orqanizmə daxil olmayıb. Bundan sonra orqanizmin immuniteti aşağı düşür, gərginlik baş verir. Bəzi “arıqlama dərmanları” isə ishal yaradır. Bağırsaqların fəaliyyəti pozulur. Orqanizm üçün zəruri qida bədənə sorulmadan xaric olunur. İşlədicilərin, mədənin, bağırsaqların işi, orqanizmin balansı pozulur. Orqanizmə normal vitaminlər daxil olmayanda isə digər orqanlarda da problemlər yaranır. Daha sonra həmin şəxs o dərmanı qəbul etmək istəməsə də, bədən tələb edir. Arıqlamaq üçün çaylar da bura aiddir. Bunun üçün hökmən həkim məsləhəti olmalıdır. Müxtəlif çaylarla arıqlayıb sonra dəfələrlə artıq çəki alan insanları müşahidə etmişəm. Çünki sağlam üsullarla deyil, yanlış üsulla çəki atanda hüceyrələr ac olur, adi su içəndə də kökəlmə baş verir.
Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov bildirir ki, muxtar respublikada belə hallara rast gəlinməsə də, yenə də maarifləndirmə vacibdir. Məsələ ondadır ki, arıqlayanlar daim özünə nəzarət etməyə, yemək istəyini boğmağa, üstünlük verdiyi yeməkləri dəyişməyə, qəbul etdiyi qidanın həcmini hesablamağa məcburdurlar. Pəhriz pozulanda isə vəziyyət daha da pisləşir. Bu halda problemlərin sırasına psixoloji əzablar da əlavə olunur. Arıqlama dərmanlarının uzun müddət istifadəsi bəzən aludəçiliyə çevrilir, vərdiş yaranır və narkomaniyaya gedən yolda yaşıl işıq yanır. Necə ki, xərçəng, vərəm, digər ağır xəstəliklər arıqladır, bu dərmanlar da arıqladır və sonda öldürür. Lakin bu arıqlamaq o arıqlamaqdan deyil. Elə ki arıqlama başladı, demək ölümə yaxınlaşırsan. Belə ağılsız metodla arıqlamağı seçənlərə demək istəyirəm ki, birincisi, bu, cinayətdir, ikincisi, ölümdür. Bunu ağıllı insan etməz. Həmin dərmanlar psixostimulyator olduğundan yuxu pozulur, iştaha kəsilir, insan daim hərəkətdə olmaq istəyir. Amma təsiri getdikdən sonra insanda tükənmə, yorğunluq, süstlük yaranır. Bundan əlavə, mütəmadi istifadə zamanı beyin uzun müddət oyanıq qaldığı üçün psixoz baş verir. Bu zaman xəstədə aqressiya, hallüsinasiya meydana çıxır.
Rəşadət Nabatov bildirir ki, qadınlar bu metoddan daha çox istifadə edir və onun aludəçisinə çevrilirlər. Həmin qadınlardan biri başına gələnləri sosial şəbəkələrdə ictimailəşdirərək yazıb ki, bu dərmanlara aludə olandan sonra rəfiqəmin əl-ayaqlarını qurd basdı, çürüməyə başladı. Görəndə tanımadım. Ağlıma gəlməzdi ki, mən də belə olaram.
Rəşadət Nabatovun sözlərinə görə, 90-cı illərin əvvəllərində həkimlik praktikasında belə bir halla rastlaşıb: – 48 yaşlı qadının arıqlama dərmanlarına ümidi puça çıxdığından bizə üz tutmuşdu. Diaqnoz üçün öncə seçim etdik. Baş verənlər depressiyadır, yoxsa stress? Çünki kədərli olduğumuz hər anımız depressiya deyil. Müalicə üsulu müəyyənləşdirildi, psixiatr və psixoterapevt tərəfindən təyinatlar verildi. Bundan sonra xəstə reabilitasiyadan keçirildi. Nəticə tam sağalma ilə başa çatdı.
Artıq çəki təkcə istənilən paltarı geyinə bilməmək və ya kiminsə xoşuna gəlməmək kimi başa düşülsə də, əslində, bu, bir sıra xəstəliklərə, məsələn, diabetə tutulmaq riski deməkdir. Arıqlamaq üçün nəzərdə tutulan dərmanlar vitamin-mineral defisiti yaradır, qidalardan aldığımız vitaminlər bağırsaqlarımızda mənimsənilir. Nəticədə, bağırsaqda funksiya pozğunluğu vitamin və mineralların mənimsənilmədən orqanizmdən xaric olmasına gətirib çıxarır. Bu da saç tökülməsi, aqressiya, bir sıra qadın xəstəliklərinin yaranması ilə nəticələnir. Bundan başqa, bağırsaq divarında da zədələnmələr baş verir. Belə aludəçiliyin artması olduqca təhlükəli haldır və bunun qarşısı yalnız dövlətin deyil, bütün xalqın, ictimaiyyətin, toplumun, ailənin birgə səyi ilə alına bilər.
Bəs sağlam yolla arıqlamaq necə olmalıdır, necə edək ki, həm arıqlayaq, həm də sağlam olaq? Arıqlamaq üçün bir çox üsullar var məsələn: müxtəlif dietalar, yağlı və zülallı yeməklərin azaldılması və sair. Sağlam şəkildə arıqlamaq istəyənlər əvvəlcə həyəcanı kənarlaşdırmalı, çox güclü arıqladıcı vasitələrdən qaçmalıdırlar, arıqlamaq yavaş-yavaş, səbirlə və ən əsası bu işdən həzz alınaraq edilməlidir. Bütün bunlarla bərabər, fiziki aktivliyi də artırmaq lazımdır. Arıqlamaq istəyən insanlar əvvəlcə buna mənəvi cəhətdən hazır olmalıdırlar.
Mütəxəssislər qeyd edirlər ki, oturaq həyat tərzindən yaranan artıq çəkinin əsasında genetik amillə yanaşı, sözsüz ki, sosial həyat, yaşam tərzi, ətraf mühit dayanır. 30 il əvvəl muxtar respublika ərzaqla ancaq idxal hesabına az-çox təmin olunurdu. Heç vaxt görmədiyimiz, şama oxşar yağlardan istifadə olunurdu evlərdə. Ümidimiz geni dəyişdirilərək istehsalı çoxaldılan ərzaqlara qalmışdı. Yaşamaq üçün bu qidaları qəbul etmək məcburiyyətində idik. Bütün bunlar isə, təbii ki, artıq çəki almağa təkan verirdi. Lakin illərdir ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda ərzaq təhlükəsizliyi sahəsində mühüm dövlət tədbirləri həyata keçirilir. Naxçıvanda kənd təsərrüfatının mühüm sahələri üzrə Dövlət proqramlarının qəbul olunması, bazarlarımızda yerli məhsulların üstünlük təşkil etməsi, sağlam qidaların əhaliyə satılması sağlam həyata, uzunömürlülüyə açılan yoldur. Bütün bunlardan istifadə edib sağlam həyat tərzi yaşamaqla insanlar bədən çəkilərini müəyyən kiloda saxlamalıdırlar ki, gələcəkdə arıqlamaq üçün heç nəyə ehtiyac qalmasın.
Bəli, o dövrlə müqayisədə bu gün muxtar respublikada hər bir sahədə sağlam həyat tərzi hökm sürür. Geni dəyişdirilmiş məhsulların satışına illərdir ki, qadağa qoyulub. Xəstəlik yuvası olan çayxanalar sökülüb. Əvəzində yeni, müasir tələblər səviyyəsində insanlara xidmət edən, dövlət qurumlarının fəaliyyətini rahatlaşdıran inzibati binalar, məktəblər, kənd və xidmət mərkəzləri tikilib, insanların istifadəsinə verilib. Dövlət tərəfindən vətəndaşlara yerlərdə öz təsərrüfatlarını qurmaları üçün dəstək göstərilir, onlara texnika, lazım olan dərman vasitələri verilir. Yaradılan şərait də insanları torpağa möhkəm tellərlə bağlayıb. Artıq bir çox gənc ailə təsərrüfatı sahibidir. Bununla da onlar həm də ikiqat qazanc əldə edirlər: həm sağlamlıqlarında, həm də dolanışıqlarında. Bir vaxt çayxanalarda, bazarlarda vaxtlarını keçirən uşaq, yeniyetmə və gənclərlə müqayisədə bu gün həmin kateqoriyadan olan əhali qrupu muxtar respublikada sağlam həyat tərzi keçirməklə yüksək səviyyədə təhsil alır, ixtisaslı kadrlar kimi yetişir, idmanla məşğul olur, beynəlxalq idman yarışlarında iştirak edir, bütün sahələrdəki uğurları ilə Naxçıvanın adını ucaldırlar. Təbii ki, idman, sadəcə, yarışlarda iştirak demək deyil, idman həm də sağlam ruh, sağlam bədən, sağlam düşüncə deməkdir. Muxtar respublikada qadınların idmana cəlbi istiqamətində də mühüm işlər görülüb, müxtəlif idman federasiyaları üzrə qızlardan ibarət klublar yaradılıb, onların idman obyektlərindən istifadəsi təmin olunub.
Ümumdünya Səhiyyə Təşkilatı sağlamlığın tərifini belə verir: “Sağlamlıq fiziki, əqli və sosial rifahın bütöv bir şəkildə mövcud olması, xəstəliklərin və bəlanın insan bədənindən uzaq olmasıdır”. İnsan sağlamlığı, həmçinin yaşam şəraiti və resursların mövcudluq dərəcəsindən asılı olaraq dəyişir, bunlara yaşamaq üçün yer, müvafiq təhsil, ərzaq təminatı, maddi gəlir, sülh və əmin-amanlıq, sosial ədalət, bərabərlik və səmərəli ətraf mühit daxildir. Bütün bunlar isə muxtar diyarımızda mövcuddur. Naxçıvanın hər bir guşəsində park və xiyabanların salınması əhalinin asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayır. Hamı bilir ki, bütün digər insanlar kimi, artıq çəkidən qurtulmaq istəyənlər də daim açıq havada gəzməlidirlər. Onlar üçün oksigen çox əhəmiyyətlidir. Yəqin, 90-cı illərin Naxçıvanının təbiət mənzərələrini də xatırlayanlar az olmaz. Ümumiyyətlə, sovet dövründən az yaşıllaşdırılan diyarımız 90-cı illərin ağır blokadasına məruz qalanda olub-qalan yaşıllıqlar da insanların ölüm-qalım mücadiləsinin qurbanı oldu. Nəinki yol kənarlarında, meşələrdə, hətta həyətlərimizdə belə, ata-babalarımızın əkdikləri ağaclar çarəsizlikdən kəsilib sobalarda insanların “xilaskarına” çevrildilər. Bu gün isə Naxçıvan varlığının heç bir dönəmində bu qədər yaşıllığa sahib olmamışdır. Ötən illər salınan bağlar, yaşıllıqlar, əkilən ağaclar bu gün muxtar respublikanın 20 faizdən artıq yaşıllıq sahəsi, bol oksigenidir. Yerli, keyfiyyətli meyvələr isə ixrac olunan məhsullar sırasındadır.
Bu gün muxtar respublikamızda hər yaş qrupundan olan əhali, eləcə də qadınlar üçün asudə vaxtın səmərəli keçirilməsinə hərtərəfli şərait yaradılıb. İdman və bədən tərbiyəsinin kütləviliyinin təmini, eyni zamanda cəmiyyətdə sağlam nəslin formalaşmasına səbəb olur.
Muxtar diyarımızda zərərli vərdişlərdən imtina və sağlam həyat tərzinin təbliği məqsədilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında keçirilən tədbirlər mütəmadi xarakter daşıyır. Gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafına xidmət edən “Marş irəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümünə Naxçıvan ev sahibliyi etdi. Ağbulaq İstirahət Mərkəzində idmançıların istirahətinin səmərəli keçirilməsi məqsədilə təşkil olunan ənənəvi “Yay məktəb”ləri bu il də davam etdirildi. Həmçinin muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə yeni startap layihələrinə start verilib. Bütün bunlar onu göstərir ki, insan sağlamlığı dövlət siyasətinin əsasını təşkil edir. Zərərli vərdişlərlə mübarizədə dövlət dəstəyinə arxalanaraq vətəndaşlar da əllərindən gələni əsirgəməməli, xüsusən də ictimai qınaq mexanizminin daim işlək vəziyyətdə olması üçün ciddi səy göstərməlidir. İnsanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, cəmiyyətin harmoniyasını pozan, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə, həyatı iflic edən zərərli vərdişlərə qarşı münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və qətiyyətli mübarizə aparmalıyıq.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR