26 Dekabr 2024, Cümə axşamı

Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

                                                                        Heydər Əliyev

                                   Azərbaycan xalqının ümummilli lideri


İnsan hüquqlarının müdafiəsi sahəsində xüsusi diqqət cəlb edən məsələlərdən biri məhz uşaq hüquqlarının müdafiəsidir. Uşaq hüquqları ümumbəşəri dəyərlərdir. Elə bu səbəbdən də uşaqların fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi, hərtərəfli yetişməsinin bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsinin vacibliyi nəzərə alınaraq 1959-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsini” qəbul etdi. Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi. Bu sənəd dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989-cu il noyabr ayının 20-də BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu. 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 54 maddədən ibarət “Uşaq Hüquqları Haqqında Konvensiya” qəbul edilmişdir.

 

Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin təşəbbüsü ilə bir sıra beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minmişdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 19 may tarixdə Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu qəbul edilmişdir. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarının və azadlıqlarının, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Bundan başqa 1999-cu il 22 iyun tarixdə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun, 2004-cü il 13 yanvar tarixdə “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair Konvensiyaya qoşulma barəsində”, 2005-ci il 24 may tarixdə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir ki, bu sahədə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır.

Eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik ailələrimizin sağlam olmasına xidmət etməklə yanaşı, sağlam uşaqların dünyaya gəlməsinə, gələcək nəslin sağlamlığına xidmət edir. Hal-hazırda da ökəmizdə uşaq siyasətinin uğurlu nəticələrinə dair Dövlət Proqramları və digər qanunvericilik aktları qəbul edilir.

Naxçıvan Muxtar Respublikasında da uşaqlar dövlət qayğısı ilə əhatə olunur, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu gün muxtar respublika əhalisinin 36,80 faizi və ya 165652 nəfəri uşaqlardır. Muxtar respublikada uşaqların yaxşı təhsil almaları, layiqli vətəndaş kimi formalaşmaları istiqamətində bir çox işlər görülür, müasir avadanlıqlarla təchiz olunmuş yeni-yeni məktəb binaları tikilərək istifadəyə verilir. Eyni zamanda uşaqların təhsilləri ilə yanaşı, asudə vaxtlarının da səmərəli təşkili, fiziki cəhətdən sağlam böyüməsi də diqqət mərkəzində saxlanılır.  Bunun üçün muxtar respublikada müasir standartlara uyğun olimpiya idman kompleksləri,  üzgüçülük və şahmat mərkəzləri, uşaq-gənclər şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadionlar, peyntbol meydançası, ümumtəhsil məktəblərində müasir idman zalları istifadəyə verilmişdir. Bütün bu yaradılan şərait istedadlı uşaq, yeniyetmə və gənclərin təhsil, mədəniyyət, idman və digər sahələrdə uğurlar  qazanmalarına zəmin yaratmışdır. Həmçinin xüsusi qayğıya ehtiyacı olan habelə çoxuşaqlı ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsinə xüsusi önəm verilir.

Komitə tərəfindən xüsusi qayğıya ehtiyacı olan ailələrin övladlarının asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə yay tətili eləcə də əlamətdar günlərdə müxtəlif tədbirlər, görüşlər, ekskursiyalar təşkil edilir. Cari ildə Komitənin təşkilatçılğı ilə 255 uşaq Ağbulaq İstirahət Mərkəzində təşkil edilmiş “Yay məktəbi” də daxil olmaqla müxtəlif tədbirlərə cəlb olunmuşlar.

Uşaqların digər hüquqları ilə yanaşı, sağlamlıqlarının qorunması istiqamətində də bir sıra işlər görülmüş, mühüm addımlar atılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir. Görülən işlərin nəticəsidir ki, ildən-ilə  sağlamlıq imkanı məhdud olan uşaqların sayı azalmış, uşaq ölümü halları minumuma  endirilmişdir.

Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili, reabilitasiyası da səmərəli təşkil edilir. Belə ki, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-cı il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul edilmişdir.  Dövlət Proqramı”nın icrası çərçivəsində bu qəbildən olan uşaqların təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qarşısında qoyulmuş tapşırıqların icrasına uyğun olaraq Komitə tərəfindən aidiyyəti qurumlarla birgə muxtar respublikanın şəhər, rayon və kəndlərində 6 yaşadək sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları evlərdə monitorinqlər keçirilmişdir. Cari ilin avqust-sentyabr ayları ərzində keçirilmiş birgə monitorinqlər nəticəsində ümumilikdə, monitorinq qrupu tərəfindən muxtar respublika üzrə 112 sağlamlıq imkanları məhdud uşağın ailəsinə baş çəkilmiş və ümumilikdə 51 uşaq təhsilə cəlb edilmişdir.

Həmçinin görülən işlərin davamı olaraq Komitə aidiyyəti dövlət qurumları ilə birgə Dövlət Proqramının icrasının təmin edilməsi istiqamətində muxtar respublikada fəaliyyət göstərən uşaq müəssisələrində sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi ilə bağlı monitorinqlərini ötən tədris ilində olduğu kimi bu tədris ilində də davam etdirmiş, monitorinq zamanı 45 sağlamlıq imkanları məhdud uşağın təhsili, tədris prosesi, onlar haqqındakı müvafiq məlumatlar yoxlanılmış, həmçinin həmin təhsil müəssisələrində təhsil alan müvafiq kateqoriyaya aid uşaqların adlı siyahısı dəqiqləşdirilərək müvafiq qeydlər aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq “Gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 15 istedadlı uşağın adının bu kitaba yazılması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.

Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu yaradılmışdır. Uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınması məqsədilə cari ildə 26 uşaq müəssisəsində monitorinqlər aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2013-cü il 23 yanvar tarixli 11 mömrəli qərarı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil edilmiş, 36 mindən artıq uşaq haqqında fərdi məlumatlar banka daxil edilmişdir.

Muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da hər zaman diqqət mərkəzində saxlanılır, onlara qayğı ilə yanaşılır. Bayram və əlamətdar günlərdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanı məhdud, şəhid və xüsusi qayğıya ehtiyacı olan ailələrdən olan uşaqlar hədiyyələrlə sevindirilir, onlara bayram sovqatları verilir. Həmçinin cari ildə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sosial qayğıya ehtiyacı olan 118 uşaq məktəbli paltarı və dərs ləvazimatları, 87 uşaq isə qış geyimi ilə təmin edilmişdir.

Muxtar respublikamızda uşaqlara göstərilən dövlət qayğısının nəticəsində uşaqlar layiqli vətəndaş kimi böyüyür, vətəninə sadiq vətənpərvər övladlar kimi yetişirlər. Həyata keçirilən uğurlu dövlət siyasəti uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan,  cinayət məsuliyyətinə cəlb olunmuş uşaqların olmamasını şərtləndirmişdir. Həmçinin muxtar respublikada uşaq əməyindən istifadə hallarının olmaması bu sahədə aparılan dövlət siyasətin uğurlu nəticələrindən xəbər verir.

Yeni nəslin təlim tərbiyəsinə, mənəvi-psixoloji vəziyyətlərinə, vətənpərvərlik ruhunda yetişmələrinə, milli düşüncələrinin formalaşmasına göstərilən diqqət öz nəticəsini göstərdi. Nəticədə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız vətənpərvərlik ruhu ilə yoğrulmuş gənclərin qanı, canı bahasına işğaldan azad edildi. Artıq bugünkü uşaqlarımızın, gənclərimizin öz övladlarına qürurla çatdıracağı, gələcək nəsillərin isə fəxrlə öyrənəcəyi böyük bir qəhrəmanlıq, əsl vətənpərvərlik nümunəsi vardır. Heç şübhə yoxdur ki, bundan sonra da ölkəmizdə dövlətinə, dövlətçiliyinə, xalqına və rəhbərinə sadiq gənclər, ölkəmizin inşafına öz dəyərli töhfələrini verə biləcək, xalqımızı işıqlı gələcəyə aparacaq gənc nəsillər yetişəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR