06 Dekabr 2024, Cümə

“Şərq qapısı” – 100

Bu il milli mətbuatımızda xüsusi yeri və rolu olan “Şərq qapısı” qəzetinin 100 yaşı tamam olur.Muxtar respublikamızın güzgüsü sayılan bu mətbu orqan Naxçıvan mətbuatının əsasını təşkil edir. Həftədə 5 dəfə 1500 tirajla nəşr olunan qəzetin təsisçisi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetidir. Muxtar respublikanın dünənini təhlil edən, bu gününün salnaməsini yaradan qəzet fəaliyyətini uğurla davam etdirir. Qəzetin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultanova ilə qəzetin yaranması, fəaliyyəti, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı həmsöhbət olduq. Maraqlı müsahibəni sizə təqdim edirik:

Mehriban xanım, ilk öncə fürsətdən istifadə edib “Şərq qapısı” qəzetinin kollektivini, daha doğrusu kollektivimizi bu möhtəşəm yubiley münasibətilə ürəkdən təbrik edərdim.

–Çox sağ olun, təşəkkür edirəm.

İstərdim ki, bu mətbu orqanının yaranması, nə üçün məhz “Şərq qapısı” adlandırılması barədə oxucularımıza məlumat verəsiniz.

–Bizim əsryarımlıq milli mətbuat tariximizin bir əsri “Şərq qapısı” qəzeti ilə bağlıdır. Muxtar respublika nə dərəcədə ölkəmizin ictimai-siyasi həyatında, dövlətçilik, milli müstəqillik uğrunda mübarizə tarixində, müstəqillik ideyalarının pərvəriş tapmasında böyük rol oynayıbsa, bu mətbuat orqanı da milli mətbuat tariximizdə həmin rola, həmin nüfuza malikdir. 1921-ci ilin noyabrında Gənclər İttifaqının orqanı olan “Cavanlar həyatı” qəzeti nəşrə başladı, bununla Naxçıvanda qəzetçiliyin təməli qoyuldu, hələ XIX əsrin 90-cı illərindən meydana gələn qəzet nəşr etdirmək ideyası, nəhayət ki, gerçəyə çevrildi. O vaxt sovet ideologiyasının təsiri altında hər hansı bir təşkilatın qəzet dərc etməsi çox çətin idi. Gənclər İttifaqının bu qəzeti nəşr etməyini yenilikçi, mütərəqqi ideyalar, gələcəyə gəncliyin gözü ilə baxmaq məramı ilə əlaqələndirmək olar. 1921-ci ilin dekabrından “Füqəra səsi”, 1922-ci ilin aprel ayından “Şərq qapısı” adı ilə nəşr edilən qəzet müxtəlif tarixi mərhələlərdə ictimai-siyasi, ədəbi-mədəni proseslərin işıqlandırılmasında, millilik və maarifçilik ideyalarının təbliğində mühüm rol oynamışdır. “Şərq qapısı” adı  böyük əhəmiyyətə malik ifadədir. Necə ki, Naxçıvan Azərbaycan üçün Şərqin qapısı hesab olunur, Türkiyə və  İranla sərhəddə yerləşən bütün Şərqə, Asiya, Avrasiyaya açılan bir qapı funksiyasını yerinə yetirirsə. buradan adını alan qəzet də mətbuat sahəsində o dəyəri, o çəkini, o funksiyanı fəaliyyətində qoruyub saxlayır. Müxtəlif ictimai-siyasi formasiyalar dövründə nəşr olunubdur. Bu qəzet Sovet-totalitar rejimin ən qatı tüğyan etdiyi zamanlarda belə millilik amilimizi, azərbaycançılıq ideologiyasını yaşatmağa və tətbiq etməyə çalışıb. İkinci Dünya müharibəsi illərində həm arxa, həm də ön cəbhədə qətiyyətlə mübarizə aparıbdır. Bu mərhələdə qəzet həm qələmi süngüyə çevirmək missiyasını uğurla yerinə yetirib, həm də faktiki olaraq qəzetin o vaxtkı baş redaktoru Hüseyn Ağrılıdan tutmuş digər əməkdaşları əsl Vətən müdafiəçisi kimi ön cəbhədə alman faşizminə qarşı döyüşüblər. O çətin şəraitdə belə qəzet yenə də öz nəşrini dayandırmayıb. Sonrakı quruculuq, bərpa dövründə də uğurla fəaliyyət göstərib. Ümummilli lider Heydər Əliyevin  hakimiyyətə gəlişindən sonra, 1969-cu illərdən müstəqillik qazandığımız dövrə qədər qəzet qayğı ilə əhatə olunubdur. Onun nəşrinə xüsusi diqqət yetirilib, böyük formatda gündəlik nəşri təmin edilib. Onu da qeyd etmək lazımdır ki, qəzetin yubileylər tarixi çərçivəsində 50 illik yubileyi ümummilli liderin rəhbərliyi ilə ən yüksək səviyyədə qeyd olunub, “Şərq qapısı” SSRİ-nin o vaxtkı ali dövlət mükafatı “Şərəf” nişanı ordeni ilə təltif edilib. Bu faktın özü qəzetin dəyərindən, çəkisindən, nüfuzundan xəbər verir. Sonrakı dövrlərdə də qeyd etdiyimiz kimi azərbaycançılıq ideologiyası, sərhəd hərəkatı, milli həmrəylik, müstəqillik uğrunda vahid məram ətrafında birləşmək, ərazi bütövlüyümüzü nəyin bahasına olursa olsun qorumaq, Sədərək döyüşlərindəki o böyük şücaət, mübarizə bütün bunlar “Şərq qapısı”nın da gündəlik həyat tarixçəsindən, nəşri tarixçəsindən keçibdir. 1990-cı ildə bunu tədqiqatlar da təsdiq edir ki, məhz elə Azərbaycanın milli müstəqil mətbuatının əsası “Şərq qapısı” qəzeti ilə qoyulubdur. 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Soveti Moskva və Qars müqavilələrini əsas götürərək SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etdikdən sonra 20 yanvar hadisələrinə ən kəskin siyasi, real qiymət verən mətbuat orqanı məhz “Şərq qapısı” qəzeti oldu ki, həmin o tarixi qərarların dərci ilə yanaşı, qəzet öz müstəqil nəşrini də bəyan elədi. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müstəqil mətbuat orqanı kimi qəzetin 8 nömrəsi dərc olundu. Naxçıvanın gündəlik, çətin, ağır şəraitində öz ərazi torpaqlarını işğaldan qorumaq mübarizəsi, iqtisadi tənəzzüldən, böhrandan çıxış yolu tapmaq müstəqil nömrələrin əsas mövzusu, əsas ideyası idi.

Ulu öndər Heydər Əliyev Naxçıvana qayıdarkən ilk müsahibəsini də məhz “Şərq qapısı” qəzetinə vermiş, qəzetlə də bağlı çox dəyərli fikirlər söyləmişdi.

Bəli, ümummilli lider Heydər Əliyev ilk dəfə siyasi təqiblərdən, təzyiqlərdən, iftira və böhtanlardan uzaqlaşaraq öz doğma diyarı Naxçıvana gəldiyi, burada izdihamla qarşılandığı gündən başlamış “Şərq qapısı” qəzeti də onun fəaliyyətini addım ba addım izləmişdir. Ulu öndərin Naxçıvana gəlişindən dərhal sonra naxçıvanlılar Azərbaycana, eləcə də bütün dünyaya bəyan etdilər ki, bizim yeganə nicat yolumuz məhz ümummilli liderin ətrafında sıx birləşmək, milli həmrəylik, qətiyyət, iradə göstərməkdir. Yalnız belə yüksək siyasi təfəkkürə, qətiyyətə malik, vətənpərvər, xalqını, dövlətini taleyindən də üstün tuta və Azərbaycanın müstəqilliyini əbədi bərqərar edə bilərdi. Ümummilli liderin Naxçıvana gəlməsi ilə bütün ölkə, dünya ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin də nəzər nöqtəsi Naxçıvana yönəlmişdi. “Şərq qapısı” qəzeti isə bu proseslərin ən qaynar nöqtəsində olub. Paralel olaraq bu mətbu orqan  dünya mətbuatının, Moskva mərkəzi mətbuatının ulu öndərlə olan müsahibələrinin tərcüməsi və dərc olunmasına təşəbbüs göstərib, dahi rəhbərin heç bir mətbuat orqanının cəsarət edə bilmədiyi,  müstəqilliyimizlə, gələcək siyasi fəaliyyətilə bağlı tarixi çıxışlarını dərc edib. Naxçıvana qayıtdıqdan sonra “Daha susa bilməzdim” adlı ilk müsahibəsini də bizim qəzetə verib. O müsahibədə “Şərq qapısı”na çox yüksək dəyər verib:– “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”. Ümummilli lider dəfələrlə qəzetin nəşri, jurnalistlərin fəaliyyəti ilə maraqlanıb, ən ağır iqtisadi böhran vəziyyətində, ən gərgin bir vaxtda – erməni işğalı təhlükəsi ilə üz-üzə qaldığımız vaxtda belə qəzetin fəaliyyətini təmin edib, dayanmasına imkan verməyib. Həmçinin nazirliklərə tapşırıqlar, göstərişlər verib ki, maddi təminat baxımından dəstək göstərsinlər.

İnformasiya blokadasının yarılmasında ulu öndər Heydər Əliyevin böyük rolu vardır...

Düzgün olaraq qeyd edirsiniz, ümummilli lider Heydər Əliyev mətbuata, kütləvi informasiya vasitələrinə ideoloji sahə kimi böyük dəyər verirdi və hər zaman onlara açıq idi. Ulu öndərə qarşı atılan iftira-böhtanlar onun mətbuatda cavablandırdığı müsahibələr, atdığı addım və gördüyü işlərlə təkzib edilirdi, paralel olaraq ərazi blokadasından çox informasiya blokadası məsələsinə də böyük diqqət yetirirdi. Türkiyə və İranla ilk iqtisadi tərəfdaşlıq və əməkdaşlıq, Ümid körpüsünün açılması və digər tədbirlərin qəzet səhifələrində işıqlandırılması informasiya blokadasının yarılmasına xidmət edirdi. Həmçinin ümummilli lider xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra  hər bir sahədə olduğu kimi informasiya təminatı, KİV-in inkişafı , jurnalistlərin fəaliyyətinə dövlət qayğısının göstərilməsi və digər bu kimi məsələləri daim diqqət mərkəzində saxlayıb. Eyni zamanda Naxçıvan mətbuatının da inkişafına, formalaşmasına həssaslıqla, diqqətlə yanaşıb. Bunun ən bariz nümunəsi ulu öndər Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 75 illik yubileyində ölkə başçısı kimi qəzetə təbrik teleqramı ünvanlaması idi ki, bu ölkə mətbuatı tarixində də nadir hadisə idi. Ulu öndərin muxtar respublikaya səfərləri çərçivəsində jurnalistlərlə görüşü, “Əməkdar jurnalist” fəxri adının bərpası, senzuranın ləğvi, mətbuat orqanların borclarının dövlət hesabına ödənilməsi, maddi təchizatın gücləndirilməsi həm də muxtar respublika mətbuatına göstərilən qayğı idi.

Ötən dövrdə qəzet böyük inkişaf yolu keçib. Ali Məclis Sədrinin mətbuata göstərdiyi diqqət və qayğı burada böyük rol oynayıb....

Bəli, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədricənab Vasif Talıbov siyasi fəaliyyətə başlandığı dövrdən indiyədək mətbuatı daim diqqət mərkəzində saxlayıb. Qəzetin 75 illik yubileyində jurnalistlərlə görüşü, onlara problemlərinin aradan qaldırılacağını söz verməsi  və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni kompleksin yaradılması,  sonrakı illərdə qəzetin 80, 85, 90 illik yubileylərinin  yüksək səviyyədə qeyd edilməsi, media qurumlarının nümayəndələri ilə müntəzəm görüşlərində tapşırıq, tövsiyələrini  verməsi, 2005-ci ildə Mətbuat Şurasının yaradılması, bu şuranın Ümümdunya Mətbuat Şuraları Assosiasiyasının üzvü kimi fəaliyyət göstərməsi, “Şərq qapısı”nın indiki binasının istifadəyə verilməsi, qəzetlərin rəngli formatla nəşrə başlanması və sair mətbuata göstərilən ən böyük diqqət və qayğıdır. Bu gün muxtar respublikada hər hansı bir rayon qəzetini götürsək poliqrafik keyfiyyət, peşəkarlıq baxımından heç də ölkə mətbuatından geri qalmır. Vaxtilə ancaq problemlərdən, çatışmazlıqdan, nöqsanlardan yazılırdı,  həm də bununla paralel olaraq mövzu qıtlığı yaşanırdı. Biz özümüzü tam xoşbəxt hesab edə bilərik ki, bu gün muxtar respublikada sosial-iqtisadi inkişaf, quruculuq-abadlıq tədbirləri, ümummilli liderin strategiyasının düzgün, dinamik şəkildə həyata keçirilməsi baxımdan proseslər elə sürətlə, bir-birinin ardınca davam edir ki, jurnalistikanı ən operativ  sahə hesab etsək, nə qədər cəhd etsək də belə yenə də o tempi müəyyən dərəcədə nizamlayıb, izləyə bilmirik. Bu jurnalistin xoşbəxtliyidir ki, hər hansı bir diyarın pis günündən yox, uğurlarından, nailiyyətlərindən, inkişafından, tərəqqisindən yazmağa kifayət qədər mövzu tapa bilir.

“Şərq qapısı” qəzetinin elektron güzgüsü hesab edilən serqqapisi.az saytının fəaliyyəti barədə də məlumat verərdiniz

Yayılma arealı, geniş imkanları, operativlik, paylaşma, münasibət, yerləşdirmək baxımından elektron media günün zərurətidir, tələbidir. Bu baxımdan qəzetimizin saytı 2012-ci ildə yaradılmış, 2019-cu ildə yenilənmişdir. Bu gün yalnız kağız formatında deyil, elektron şəkildə istənilən şəxs “Şərq qapısı” qəzeti vasitəsilə muxtar respublikamızın gündəlik həyat ritmini, inkişaf tempini, yenilikləri ictimai-siyasi prosesləri dünyanın istənilən nöqtəsindən çox rahatlıqla izləyə bilir. Bu da muxtar respublika rəhbərinin mətbuatımıza olan böyük qayğısı və dəstəyidir ki, qəzetin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı 2021-ci il 1 iyun tarixli Sərəncamla təsdiq olunan “Tədbirlər planı”na əsasən qəzetin saytının daha da təkmilləşməsi işi hazırda tamamlanmaq üzrədir.

Mehriban xanım, gün keçdikcə “Şərq qapısı”nda gənc jurnalistlərin sıraları genişlənir. Onların fəaliyyətini necə qiymətləndirirsiniz?

Diyarımızda jurnalistikaya olan dövlət qayğısı və media siyasəti paralel şəkildə aparılır ki, bunun bir istiqamətini də gənc jurnalist kadr potensialının formalaşdırılması təşkil edir. Naxçıvan Dövlət Universitetində artıq 20 ildir ki, fəaliyyət göstərən Jurnalistika ixtisası bu sahədə mühüm rol oynayır. Bu ixtisasın məzunları bu gün jurnalistika sahəsinin ən aparıcı mövqelərində fəaliyyət göstərirlər, müxtəlif vəzifələrdə çalışırlar. Universitetdə Media Mərkəzinin fəaliyyəti ölkənin ali təhsil tarixində  analoqu olmayan hadisədir ki, burada ixtisas tələbələri üçün  hərtərəfli fundamental, praktik baza formalaşıb. Burada Media Mərkəzi adı altında radiojurnalistikanı öyrənmək baxımından “Nuhçıxan” radiosu, mətbəə-nəşriyyat işini öyrənmək üçün “Qeyrət”  mətbəəsi, televiziya jurnalistikasını öyrənmək baxımından Universitet televiziyası, qəzetçilik üslubunu öyrənmək baxımından “Yeni fikir” qəzeti, universitetin mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi jurnalist kadrların formalaşmasına ən böyük diqqətdir. Hazırda universitet televiziyası muxtar respublika üzrə yayımlanır. Bu özü həm böyük məsuliyyət, həm böyük etimad, həm də böyük təşəbbüs deməkdir ki, bütün bunlar gənc jurnalist tələbələrin çiyinləri üzərində formalaşır, inkişaf edir. Həmin jurnalist kadrlar orada yetişib, gəlib bizimlə bir sırada uğurla fəaliyyət göstərirlər. Burada Ali Məclis Sədrinin hamiliklə bağlı verdiyi tarixi sərəncamları xüsusilə qeyd etmək istərdim. Hazırda muxtar respublikanın digər KİV-ləri kimi “Şərq qapısı” qəzeti də Jurnalistika ixtisasının tələbələrinə hamilik edir. Mütəmadi olaraq tələbələrlə görüşlər, yaradıcılıq müzakirələri keçirilir, onların məqalələri “Estafet” rubrikası altında qəzetdə dərc olunur. Biz artıq o rubrikadan gələn bir tələbəni də özümüzlə əməkdaşlığa götürmüşük. Bir sözlə bu gün sıralarımızda ixtisaslı gənc jurnalistlərin çalışması qəzet üçün böyük uğur və nailiyyətdir.

Vətən müharibəsində qazandığımız möhtəşəm tarixi Qələbədən bir il ötür. Xalqımızın bu qəhrəmanlıq və şərəf tarixi “Şərq qapısı”nda necə işıqlandırıldı?

44 günlük Vətən müharibəsi nəinki “Şərq qapısı”nın, Azərbaycanın hərb və dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı. Dövlət müstəqilliyimizin əsas mayəsi, qayəsi olan ərazi bütövlüyümüzün təmin edilməsini, 30 ilə yaxın işğalda olan əraziləri xalqımıza qaytarılmasını kollektiv olaraq nəfəs qırpmadan izləmişik. Cənab Prezidentin müraciətlərini, hər bir kəndin, şəhərin, işğaldan azad olunma xəbərini müşayiət edərək silsilə yazılar, məqalələr dərc etmişik. Bu cür böyük tarixi Qələbə əldə etmək qurbanlarsız, şəhidlərsiz mümkün deyildi. Düzgün aparılan vətənpərvərlik ideologiyasının, gənclər siyasətinin bəhrəsi idi ki, Naxçıvan gəncləri heç yaşlarının da imkan vermədiyi, bir dəfə də ayaq basmadıqları, yuxularında belə təsəvvür etmədikləri  o doğma torpaqlarımız uğrunda bir azərbaycanlı kimi Dəmir yumruğa çevrilib müharibənin ən gərgin döyüş nöqtələrində, döyüşlərin başında gediblər. Kifayət qədər şəhidlərimiz olubdur. Muxtar respublikanın rəhbəri şəhidlərimizi özü şəxsən qarşılayıb, ailələrinə dərin ehtiramını bildirib, adlarının əbədiləşdirilməsi prosesi, şəhid ailələrinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması qazilərimizin səhhəti ilə maraqlanıb. Şəhidlərimizin  müxtəlif orden və medallarla təltifi, qazilərimizin sağlamlıqlarının bərpa olunması bütün bu proseslərin  rəhbərlik səviyyəsində mütəşəkkil aparılması qəzetimizi dəbu məsələlərə operativ münasibət bildirməyə sövq edib. Bu günkü bütöv Azərbaycanımızı, həyatımızı şəhidlərimizə borcluyuq. Qəzetdə yaratdığımız “Əfsanəyə dönən ömürlər” rubrikası altında hər bir şəhdimiz haqqında oçerk, hekayə, məqalələr dərc edilir, sayta yerləşdirilir. Arzumdur ki, şəhidlərimiz haqqında yazıları kitab şəklində də nəşr edək.

Artıq bir neçə ildir, qəzetin baş redaktorusunuz. 100 yaşlı qəzeti idarə etmək çətin deyilki?

Muxtar respublikamızın bugünkü inkişaf tempində, quruculuq, tərəqqi prosesində, bütün  dünyanın diqqət mərkəzinə çevrildiyi, qonaqlı-qaralı dönəmində, siyasi-iqtisadi tərəfdaşların muxtar respublikaya meylinin artdığı bir dövrdə baş redaktor olmaq mənim üçün ən böyük şərəf və fəxarət hissidir, məsuliyyət və eyni zamanda çətinlikdir. Bu məsuliyyəti daşımaq da böyük iradə və güc tələb edir. Mən buna kollektivimizlə nail oluram. Qəzet işi elə bir işdir ki, komanda, kollektiv əməyin məhsuldur. Orada adi bir foto, xəbərin operativ şəkildəişıqlandırılması, hansısa bir məqalə, müsahibə və reportajda ideyaların əhatə olunub oxucuya çatdırılması, oxucu zövqünə, tələbinə, müasir qəzetçilik standartlarına  uyğun tərtibat işinin düzgün həyata keçirilməsi, gündəlik ritmi tutub mövzunu qruplaşdırmaq, qaydalaşdırmaq böyük zəhmət, idarə, güc tələb edir, gərginlikdir, amma mənim üçün zövqdür, böyük fəxarətdir. Hər sabah gündəlik nömrəni ilk olaraq əlimə alanda dünənki prosesləri xatırlamaqla böyük sevinc, qürur hissi ilə yenidən yaşayıram. “Şərq qapısı” qəzeti xəritəsinin “ayrı-ayrı nöqtələrində yanan işıqları” kollektivimizin əməyini də orada görür və təsəvvür edirəm.  Ali Məclis Sədrinin dəfələrlə çıxışlarında qeyd etdiyi kimi mətbuat günümüzün salnaməsidir. Qəzetimiz məhz bu nöqteyi-nəzərdən fəaliyyətini davam etdirir. Ziyalılarla, kənar müəlliflərlə əməkdaşlıq bizim üçün əsasdır. Çox sevindiricidir ki, muxtar respublika ziyalıları tərəfindən mətbuata axın müşahidə olunur. Bu, qəzetin nüfuzunun, dəyərinin, oxunaqlılıq səviyyəsinin artması deməkdir.

Gələcəklə, qəzetlə  bağlı planlarınız nədən ibarətdir?

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamını çox böyük sevinclə qarşıladıq. Yubiley təmtəraqları çərçivəsindəyik. “Tədbirlər planı”na əsasən yubiley tədbirləri muxtar respublikamızın rayonlarında, ali təhsil ocaqlarında, yaradıcı və digər təşkilatlarda qeyd olunubdur. Müşahidə edirəm ki, ictimaiyyət, ziyalılarımız tərəfindən  adıçəkilən Sərəncam böyük rəğbətlə qarşılanır, yüksək qiymətləndirilir. “Şərq qapısı” qəzetinə verilən dəyər, yüksək münasibət özü təsdiq edir ki, bu Sərəncam muxtar respublikamızın jurnalistikasına, eyni zamanda yaradıcı mühitə, ziyalılığa, elmi-ictimai dünyagörüşə verilən yüksək qiymətdir. Bu bizim qarşımıza 100 illik yubileyə layiqli mətbu nömrələr nəşr etmək, gündəlik nömrələrdə o əhval-ruhiyyəni, auranı qoruyub saxlamaq baxımından böyük məsuliyyət qoyur.  Bu yubiley mətbuat tariximizə qızıl hərflərlə, “Şərq qapısı”nın tarixinə möhtəşəm səhifə ilə yazılacaq. Bundan sonra da zamanın nəbzini tutaraq muxtar respublikada aparılan siyasətin mahiyyətini təbliğ və təqdim etmək, tariximizin, milli dəyərlərimizin, turizm potensialının təbliği, aqrar və sənaye sahələrinin inkişaf proseslərini, ən peşəkar səviyyədə hazırlanmış jurnalistika nümunələrini oxucularımıza təqdim etməliyik. Oxucu məhəbbəti, oxucu nüfuzu, oxucu arenası bizim üçün ən böyük dəyərdir. Biz bu dəyəri, nüfuzu, sevgini, rəğbəti qoruyub saxlamalıyıq.

–Geniş və maraqlı müsahibə üçün çox sağolun, Mehriban xanım.

–Çox sağ olun.

 Güntac ŞAHMƏMMƏDLİ

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR