Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının təşkilatçılığı ilə Kəngərli Rayon Bayraq Meydanında “Naxçıvandan dalğalanan müstəqillik rəmzi” adlı tədbir keçirilib. Tədbiri Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva açaraq çıxış edib.
Bildirilib ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız bizim milli qürurumuzdur.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev yoluna uyğun olaraq dövlət rəmzlərinin təbliğ edilməsi, hörmət və ehtiram göstərilməsi həmişə diqqət mərkəzindədir. “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust tarixli Sərəncamı ilə Naxçıvan şəhərinin ən hündür və ən gözəl yerində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
Diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu gün milli bayrağımız işğaldan azad edilmiş ərazilərdə qürurla dalğalanır. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımıza hörmət əlaməti olaraq muxtar diyarımızın bir çox bölgələrində yeni bayraq meydanları yaradılmışdır. 8 Noyabr – Zəfər Günündə Kəngərli rayonunda da yeni Bayraq Meydanının istifadəyə verilməsi dövlət atributumuz olan bayrağa böyük hörmət və ehtiramın təsdiqidir.
Mövzu ilə bağlı partiyanın Gənclər Birliyinin sədr müavini Kənan Məmmədov, partiyanın gənc üzvü Camal Əsgərov fikirlərini bildiriblər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib.
Sonda məktəblilərin ifasında bayrağa həsr olunmuş şeirlər səsləndirilib.
Babək İSMAYILOV