22 Dekabr 2024, Bazar

Sədərək rayonunda Vətən müharibəsi şəhidi Ərtoğrul Nadirlinin  şəhadətə qovuşduğu  gün anım tədbiri keçirilib. Mərasimdə iştirak edən rayon icra hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov bildirilib ki, yaşadığımız hər gün tarixə dönür. Tarixə yazılan günlərin isə hamısı yaddaqalan olmur. Amma bəzi günlər heç vaxt unudulmur, yaddan çıxmır, bir xalqın tarix yaddaşına əbədilik yazılır.  Xalqımız Vətən müharibəsində 44 gündə Zəfər dastanı yazdı. Xalqına arxalanan Müzəffər Sərkərdə dünyaya qüdrətli ordusu, yenilməz siyasi-diplomatik gücü ilə  meydan oxudu. İllərdi xəyalı ilə yaşadığımız həmin gün gəldi – tariximizin şanlı səhifələri igid Azərbaycan əsgərinin qəhramanlığı, şücaəti, qanı ilə yenidən yazıldı. Vətən müharibəsi başlayan gündən ordumuz torpaqlarımızı düşməndən qarış-qarış aldı. Hər qarış torpaq uğrunda onlarla igid canından keçdi. Onlar Vətəni canlarından əziz bilib onun bütövlüyü bərpa olunsun deyə günlərlə keçilməz yolları ac susuz keçib imkansızı həqiqətə çevirdilər.

Vurğulanıb ki, Sədərək elinin Vətən müharibəsində canından keçən igidlərindən biri olan Ərtoğrul Nadirli 31 mart 1997-ci il Sədərək rayonu Qaraağac kəndində anadan olub. 2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2015-ci ildə oranı bitirib, Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 24 iyun 2019-cu ildə Ali Hərbi Məktəbi bitirib leytenant rütbəsi alıb, Tovuz bölgəsinə göndərilib. Sonra Daşkəsən rayonuna xidməti vəzifəsinə yola salınıb. 27 sen­tyabrda Vətən müharibəsində iştirak etmək üçün Goranboy rayonuna ezam olunub. Murovdağ yüksəkliyinin alınmasında iştirak edib, şəhidlik zirvəsinə yüksəlib.

Şəhidin atası Hümbət Rzayev göstərilən qayğıya görə minnətdarlığını bildirərək deyib ki, yurdumuzda şəhid ailələrinə qayğı ilə yanaşılır, onların bütün problemləri vaxtında həll olunur. Şəhid atası diqqətə çatdırıb ki, Ərtoğrul döyüşlərdə göstərdiyi igidliyə görə dövlət başçımız tərəfindən “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə,” “Kəlbəcərin azad olunmasına görə” medalları,  3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Diqqətə çatdırılıb ki, Vətənimizin bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi xalqımızın ürəyində daima yaşayacaq. Onların igidliyi gələcək nəsillərə nümunə olacaq.

 Ramiyyə ƏKBƏROVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR