06 Dekabr 2024, Cümə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyev demişdir: “Torpaqlarımızın azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, müstəqil Azərbaycanın xoşbəxt günü gəlib çatacaqdır”. Əminliklə demək olar ki, bu gün biz məhz həmin günü yaşayırıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çevirdi. Ümummilli liderin qoyduğu möhkəm təməl əsasında ölkəmiz ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaratdı. Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli “Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması haqqında” Sərəncamı isə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən haqq savaşında zəfər çalan Azərbaycan Ordusu təkcə ölkəmizdə deyil, bütün regionda yeni bir dönəmin əsasını qoydu. 30 ilə yaxın bir müddətdə erməni işğalında qalan torpaqlarımız məhz ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar hesabına azad edildi. Ərazi bütövlüyümüzün təmin olunması məqsədi daşıyan bu haqq savaşı Azərbaycan dövlətinin və xalqının mübarizə əzmini, hərbi, iqtisadi, siyasi qüdrətini nümayiş etdirdi. İllərdir, havadarlarının hərtərəfli dəstəyi ilə torpaqlarımızı işğalda saxlayan, beynəlxalq hüququn normalarına əməl etməyən ermənilər və onların “məğlubedilməz ordusu” cəmi 44 gün ərzində darmadağın edildi. Düşmən ordusu haqqında yaradılmış mif və nağılların təbliğat coğrafiyası o qədər geniş idi ki, hətta müharibədən sonra düşmən ölkənin əhalisi aylarla reallıqda nə baş verdiyini dərk edə bilmədilər.
Vətən müharibəsi, sadəcə, Azərbaycan Ordusunun arsenalında olan çoxsaylı müasir hərbi texnika və avadanlığın real döyüş şəraitində uğurlu nümayişi ilə yadda qalmadı. Bu müharibə həm də Azərbaycan əsgərinin, Azərbaycan xalqının Vətən, bayraq, torpaq sevgisi ilə düşüncələrdə iz saldı. Dövlət-xalq-ordu birliyi ordunun güc mənbəyinə çevrildi. Məhz bu Vətən sevgisi, həmrəylik nəticəsində düşmən döyüş meydanından silah-sursatını ataraq qaçmağa, təslim olmağa, aman diləməyə məcbur oldu.
Müharibənin ilk günlərindən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əməliyyatlar strateji yüksəkliklərin, Suqovuşan qəsəbəsinin və digər ərazilərin geri alınması ilə nəticələndi. Suqovuşan döyüşü İkinci Qarabağ müharibəsində ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. Hər gün sarsıdıcı zərbələr endirən, dayanmadan irəli gedən ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən bu dəfə bütün beynəlxalq konvensiyalara zidd olaraq “S-300”, “Smerç”, “İskəndər” kimi böyük dağıdıcı gücə malik raketlərlə Azərbaycanın döyüş zonasından kənarda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Tərtər, Qəbələ, Yevlax və digər dinc yaşayış məntəqələrini atəşə tutdu. Nəticədə, mülki əhali arasında tələfat olmuş, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər dağıdılmışdır. Bununla Azərbaycan xalqının və ordumuzun gözünü qorxutmağı düşünən düşmən yanıldı. Azərbaycan əsgəri mülki şəxslərə qarşı törədilən bu hərbi cinayətin qisasını düşməndən döyüş meydanında aldı. Tezliklə düşmənin hava hücumundan müdafiə vasitələrinin və radio-elektron mübarizə sistemlərinin məhv edilməsi Azərbaycan Silahlı Qüvvələrinin hava məkanında dominantlığına səbəb oldu. Artıq ordumuzun güclü həmlələri qarşısında tab gətirə bilməyən düşmən əsgərləri bu dəfə döyüş mövqelərini tərk edərək qaçmağa başladılar. Ordumuzun taktiki hərbi gedişləri zamanı düşmənin texniki və maddi təminatı tamamilə kəsildi. Digər ölkələrdən cəlb olunmuş muzdlulara, müharibə dövründə xaricdən daşınan hərbi sursatlara baxmayaraq, döyüşdən qaçanların sayı gündən-günə çoxalırdı. 44 gün ərzində havadarlarının vasitəsilə atəşkəsi bir neçə dəfə pozan, xarici ölkə liderlərinə hər gün yalvarıb-yaxaran erməni siyasi rəhbərliyi məğlubiyyətdən başqa heç nəyə nail ola bilmədi.
Vətən müharibəsində Ali Baş Komandan təkcə döyüş əməliyyatlarının aparılmasına nəzarət etmirdi, eyni zamanda Azərbaycanın haqq işinin dünya mediası tərəfindən düzgün, obyektiv işıqlandırılmasını təmin edirdi. Savaş müddətində Azərbaycanın haqq mübarizəsi ilə bağlı dünyanın ən məşhur media orqanlarına müsahibələr verən dövlət başçısı bununla həm də erməni lobbisinin yalan təbliğatını alt-üst edirdi. Təsadüfi deyil ki, illərdir, bu lobbi hesabına yanlış təbliğatla məşğul olan bir sıra məşhur media orqanları əməkdaşlarının hadisələrə qərəzli yanaşmaları cənab İlham Əliyevin obyektiv, sərrast, dəmir məntiqə əsaslanan cavabları ilə anındaca yerində oturdulurdu. Necə deyərlər, “Dəmir yumruq” təkcə döyüş meydanında deyil, həm də siyasi meydanda erməni yalanını ifşa edirdi.
44 gün ərzində, dövlət başçısının da ifadə etdiyi kimi, bir addım belə, geriyə addım atmayan ordumuz Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanı azad etməklə müharibəyə son qoydu. Strateji baxımdan alınmaz yüksəklikdə yerləşən Şuşa şəhəri Azərbaycan əsgərinin misligörünməmiş qəhrəmanlığı, taktiki bacarığı, əlbəyaxa döyüşü ilə azad edildi. On minlərlə fərarisi olan, ordusunun 80 faizi məhv edilmiş düşmən bu dəfə diz çökərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın azad olunması xəbərini dövlət başçımız xalqa bu cür çatdırdı: “Mən bu gün, eyni zamanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Beləliklə, Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu bir güllə belə, atılmadan Azərbaycana təhvil verildi.
Üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunduğu kimi, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi bərpa olunur. Dəhliz region dövlətlərinin istifadəsi üçün zəmin yaradacaq.
Ötən il dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı isə Azərbaycanın hərbi gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. Paradda nümayiş etdirilən texnikalar dövlətimizin başçısı tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğını nümayiş etdirdi. Hərbi paradda, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xüsusi təşəbbüsü ilə Bakıda salınan Hərbi Qənimətlər Parkı isə qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buraya gələn hər bir ziyarətçiyə Vətən müharibəsinin gedişatı barədə təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Tarixi Zəfərimizin bir ili tamam olur. Ötən bir ildə Azərbaycan dövləti işğaldan azad olunmuş yaşayış məntəqələri ilə bağlı çox mühüm tədbirlərə başladı. 2021-ci il iyunun 15-də Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalandı. İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların bölgüsü haqqında” Fərman imzaladı. Fərmana əsasən Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocavənd, Şuşa və Tərtər rayonlarının daxil olduğu Qarabağ iqtisadi rayonu və Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının daxil olduğu Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı. Ok­tyabrın 26-da isə Azərbaycan və Türkiyə liderləri Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etdilər. Həmçinin həmin gün dövlət başçıları Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular. Hansı ki bu yol Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər əraziləri ilə birləşdirəcək.
Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyi ilbəil möhkəmləndirilir, hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır.Elə bunun nəticəsidir ki, Vətən uğrunda apardığımız savaşda Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti də əsl qəhrəmanlıq göstərdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu möhtəşəm qələbədən sonra Naxçıvana ilk səfərində Naxçıvan Ordusunun gücünü belə qiymətləndirdi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
Böyük Zəfərə aparan yolun başlanğıcı həm də 2016-cı ilin dördgünlük Aprel döyüşlərindən, Naxçıvanda keçirilən uğurlu Günnüt əməliyyatından, Tovuz döyüşlərindən keçdi. Ölkə başçısı Naxçıvanda olarkən demişdir: “...Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi...”
Müharibələr itkisiz olmur. Bu müharibədə də şəhidlər verdik, qazilərimiz oldu. Lakin istər aktiv döyüşlərin getdiyi vaxt, istərsə də postmüharibə dövründə muxtar respublikaya gətirilən şəhidlərimiz elə hava limanında ən yüksək səviyyədə – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ehtiramla qarşılanaraq ailələrinə təhvil verildi. Şəhidlərin qarşılanma və dəfn mərasimləri müvafiq icra hakimiyyəti orqanları və çoxsaylı kütlə tərəfindən mütəşəkkilliklə həyata keçirildi. Digər tərəfdən şəhid ailələrinə, qazilərə, hərtərəfli dövlət dəstəyi göstərilir. Müharibədə iştirak etmiş hərbi qulluqçuların əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, onlar müxtəlif adlara layiq görüldülər, orden və medallarla təltif olundular. Ölkə başçısının bu il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etməsi, “Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncamı şəhidlərə və onların ailə üzvlərinə göstərilən ən yüksək diqqətin nəticəsidir.

Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Ərazilər minalardan təmizlənir, yeni yollar salınır, körpülər, tunellər tikilir, yeni elektrik stansiyaları qurulur, innovativ layihələr həyata keçirilir. Bir çox dünya ölkələri tərəfindən də maraqla izlənilən bu tədbirlər Azərbaycan dövlətinin iqtisadi gücünü, nüfuzunu göstərir. Bununla yanaşı, ordu quruculuğu prosesi də davam etdirilir, Silahlı Qüvvələrimizin arsenalı yeni silah və avadanlıqlarla təchiz olunur, müxtəliftəyinatlı hərbi təlimlərin keçirilməsi intensiv xarakter alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Ulu öndər Heydər Əliyev siyasi xətti ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. İqtisadi imkanlar artdıqca həyata keçirilən quruculuq işlərinin miqyası da genişlənir, yeni iş yerləri açılır. Eyni zamanda iqtisadi imkanlar imkan verdi ki, işğal altında olan torpaqlarımız azad olundu. Bu gün həmin ərazilərdə quruculuq işlərinin həyata keçirilməsinə başlanılıb, bu ərazilər də yaxın zamanlarda ölkə­mizin abad, məhsuldar və gözəl guşələrindən birinə çevriləcəkdir”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR