Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının gənc əsgərləri hərbi andı qəbul ediblər.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, andiçmə mərasiminə hazırlıq barədə raport verildikdən sonra Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra hərbi andiçmə mərasimi açıq elan olunub.
Hərbi andı qəbul edən gənc əsgərlər ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini qanları və canları bahasına qoruyacaqlarına, Vətənimizə, xalqımıza layiqli əsgər olacaqlarına söz veriblər.
Mülki müdafiə alayının komandiri, polkovnik-leytenant Azadil Hüseynov, zabit İsmayıl Hənifəyev gənc əsgərləri hərbi andı qəbul etmələri və qarşıdan gələn tarixi qələbə - Zəfər Günü münasibətilə təbrik edib, xidmətlərində uğurlar arzulayıblar. Qeyd olunub ki, ötən il Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuz əzəli torpaqlarımızı düşmən tapdağından azad edərək xalqımıza unudulmaz qələbə sevinci bəxş etdi. 44 günlük Zəfər yürüşündə Naxçıvandan yollanan hərbi qulluqçular da əsl qəhrəmanlıq nümayiş etdirdilər.
Mərasimdə çıxış edən gənc əsgər Yalçın İsmayılov vurğulayıb ki, əsgəri borcu şərəflə yerinə yetirəcək, baş verə biləcək fövqəladə hallar zamanı zərərçəkən insanların xilas edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Digər çıxış edənlər bildiriblər ki, bu gün ordumuzun yüksək əhval-ruhiyyəli əsgərlərinin, güclü maddi-texniki bazasının olması düşmənə gözdağıdır. İnanırıq ki, bu gün Vətənə sədaqət andı içən əsgərlərimiz də hərbi anda sadiq qalacaq, intizamlı əsgərlər olacaq, silah və texnikanın sirlərini dərindən öyrənəcəklər.
Fövqəladə Hallar Nazirinin müavini, general-mayor Hikmət Kərimov Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar nazirinin təbrikini şəxsi heyətə çatdırıb.
Andiçmə mərasimi şəxsi heyətin tribunanın önündən təntənəli keçidi ilə başa çatıb.