Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşü olub.
Prezident Arif Alvi dedi: Salaməleyküm, Zati-aliləri, mənim Qardaşım.
Prezident İlham Əliyev: Salam. Sizi bir daha görməyə çox şadam. Sizin Azərbaycana səfərinizi xatırlayıram, birlikdə yaxşı vaxt keçirdik.
Prezident Arif Alvi: Siz öz torpaqlarınızı geri qaytardıqdan sonra birinci dəfədir ki, görüşürük.
Prezident İlham Əliyev: Bəli, dəstəyiniz üçün çox sağ olun.
Prezidenti Arif Alvi: Mən həmişə demişəm ki, biz bunu Sizdən öyrənməliyik. Vaxtı düzgün seçmişdiniz. Dünya bunu qəbul etdi, bunu etmək lazım idi. Əslində bu, BMT-nin icra olunmamış qətnamələrinə əsasən atılmış bir addım idi.
Prezident İlham Əliyev: Demək olar ki, 30 il ərzində icra olunmamışdır.
X X X
Görüşdə iki ölkə arasındakı əlaqələrdən məmnunluq ifadə olundu. Artıq keçmişdə qalmış Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Pakistanın tutduğu qəti və prinsipial mövqeyi xüsusi qeyd edildi.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, xüsusilə burada hökumətlərarası komissiyanın rolu vurğulandı. Yaxın zamanlarda komissiyanın növbəti iclasının keçiriləcəyi bildirildi.
Həmçinin son dövrlərdə iki ölkə arasında həyata keçirilən yüksəksəviyyəli səfərlərin əhəmiyyəti qeyd olundu. Eyni zamanda, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı. Dünyada artan islamofobiya meyilləri ilə bağlı narahatlıq ifadə edildi.
Görüşdə ölkələrimiz arasında insanlararası təmasların artırılmasının və turizm, biznes dairələri, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edildi.
Pakistan Prezidenti tərəfindən bu ölkədə həyata keçirilən layihələrə görə Heydər Əliyev Fonduna bir daha təşəkkür ifadə olundu.