01 Noyabr 2024, Cümə

Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş olub.

 

Prezident İlham Əliyevi salamlayan Prezident Vladimir Putin dedi:

- Hər vaxtınız xeyir, hörmətli İlham Heydər oğlu. Sağ olun ki, gəlməyə razılıq verdiniz. Çoxlu suallar yığılıb qalıb. Əlbəttə, Dağlıq Qarabağ probleminin nizamlanması ilə əlaqədar bizim üçtərəfli görüşümüz diqqət mərkəzində olacaq. Mən indicə öz həmkarlarımla - Sizin yaxşı tanıdığınız və iqtisadiyyat problemləri, nəqliyyat dəhlizlərinin açılması məsələləri ilə məşğul olan Rusiya hökumətinin Baş nazirinin müavini, müdafiə naziri, məlum olduğu kimi nizamlanma işinə əhəmiyyətli töhfə verən Sərhəd Xidmətinin tabe olduğu Federal Təhlükəsizlik Xidmətinin direktoru ilə söhbət edirdim.

Ümumiyyətlə, orada suallar çoxdur, lakin hər halda bizim ikitərəfli görüşümüzü ondan başlamaq istərdim ki, gələn il ölkələrimiz arasında diplomatik münasibətlər yaradılmasının 30 illiyi tamam olur. Şübhəsiz, bu elə bir hadisədir ki, onu müvafiq şəkildə qeyd etməli olacağıq. Bununla əlaqədar demək istərdim ki, bizim strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir. Bunu demək kifayətdir ki, pandemiya ilə bağlı bütün məsələlərə və bununla əlaqədar iqtisadiyyatda məhdudiyyətlərə baxmayaraq, hər halda bu ilin 9 ayı ərzində bizdə əmtəə dövriyyəsinin həcmi 11 faiz artıb. Bu, yaxşı göstəricidir. Rusiyanın 900 müəssisəsi Azərbaycanda işləyir. Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard dollar birbaşa investisiya qoyulub. Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biridir. Əlbəttə, humanitar əlaqələr bu fonda davam edir. Mən bizim görüşlərimizdə həmişə, ilk növbədə, bu barədə danışıram. Rus dilinin inkişafına, dəstəklənməsinə göstərdiyiniz diqqətə görə Sizə təşəkkür etmək istəyirəm. Sizdə 304, hətta mən bilən daha çox - 340 məktəbdə rus dili tədris edilir. Azərbaycan məktəblilərinin 34 faizi bu və ya digər şəkildə rus dilində oxuyur və bu dili öyrənirlər. Bu da yaxşı göstəricidir, Azərbaycan rəhbərliyinin, Azərbaycan xalqının yaxın və çoxtərəfli əlaqələr saxlamaq cəhdinə dəlalət edir. Bu əlaqələr həqiqətən çoxtərəfli xarakter daşıyır. Humanitar sahədə münasibətlər də, gənclərin əlaqələri də inkişaf edir. Bizdə bu cür ümumbəşəri səviyyədə dəstəklənən tədbirlər çoxdur. Bu, gələcəkdə münasibətlərimizin inkişafı üçün yaxşı şərait yaradır.

Dağlıq Qarabağ məsələsinin nizamlanmasına gəldikdə isə, bu barədə üçtərəfli formatda danışarıq. Bir azdan Ermənistanın baş naziri bizə qoşulacaq və biz bu diskussiyanı davam etdirəcəyik. Lakin mənə belə gəlir ki, burada bizim sülhməramlılar da müsbət rol oynayırlar. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə mərkəzi fəal iş aparır. Təəssüf ki, problemlər, insidentlər var. Təəssüf ki, hələ də insan tələfatı olur. Biz də bundan ötrü toplaşmışıq ki, baxaq, nəinki buna oxşar heç bir hadisə baş verməməsi, əksinə, vəziyyətin sakitləşməsi və regionda insanların rahat yaşamasına, ölkələrin inkişaf etməsinə imkan verəcək şərait yaradılması üçün nə edilib və hamı nə etməlidir.

Sizi görməyimə çox şadam. Xoş gəlmisiniz.

X X X

Prezident İlham Əliyev dedi:

- Çox sağ olun, hörmətli Vladimir Vladimiroviç.

İlk növbədə, dəvətə görə sağ olun. Yenidən görüşməyimizə şadam. Bu il ərzində biz çox fəal dialoq aparmışıq – həm görüşmüşük, həm də tez-tez telefonla danışmışıq. İkitərəfli münasibətlərimizin inkişaf dinamikası bizi çox sevindirir. Lakin mən əvvəlcə Kemerova vilayətində kömür şaxtasında baş vermiş faciə ilə əlaqədar Sizə şəxsən başsağlığı vermək istərdim. Təəssüf ki, xeyli insan həlak olub. Dünən Sizə teleqram göndərmişəm. Bu gün Azərbaycan xalqı adından bir daha Sizə, bütün Rusiya xalqına başsağlığı vermək istəyirəm.

Biz ikitərəfli formatda çox məsələləri həll etmişik və bu gün münasibətlərimizi strateji tərəfdaşların münasibətləri kimi səciyyələndiririk. Bu, sadəcə, söz birləşməsi deyil, həqiqətən belədir və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik. Sizin qeyd etdiyiniz kimi, əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Əlbəttə, münasibətlərimizin çoxlu sahələri ehtiva etməsi bizi çox sevindirir. Hazırda biz iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsini reallaşdırırıq.

Azərbaycanda rus dilinin, o cümlədən təhsil prosesləri vasitəsilə populyarlaşdırılması və qorunub saxlanması üzrə bizim fəaliyyətimizi qiymətləndirdiyinizə görə sağ olun. Sizə həm də ona görə təşəkkür etmək istərdim ki, Azərbaycan tələbələrinin Rusiyada təhsil almaları üçün gözəl şərait yaradılıb. Bu səfərdən əvvəl son məlumatları gözdən keçirdim, 15 mindən çox azərbaycanlı, Azərbaycan vətəndaşı Rusiyanın ali məktəblərində təhsil alır. Əslində, bu, bütöv bir ali məktəb deməkdir. Burada çox yaxşı təhsil verilir və bu, avtomatik olaraq ölkələrimiz arasında körpü olur. Bizim münasibətlərimizin inkişafı işində bu həftə çox əlamətdar olub. Mən bu həftə Rusiya Federasiyası hökumətinin sədrinin müavinini qəbul etmişəm, dünən axşam Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdim. Sizin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəniz Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında Rusiya tərəfin fəal iştirakı ilə əlaqələrin nizamlanması kimi çox mühüm bir missiya ilə bütün həftə ərzində Bakıda olub. Bu günlərdə, bu həftə Rusiyanın ixrac mərkəzi və “Roseksimbank”ın böyük biznes konfransı keçirilib. Bu konfransda Rusiyanın 30-dan çox şirkəti iştirak edirdi. Yəni, bu, bir həftə bizim qarşılıqlı fəaliyyətimizin istiqamətlərinin yalnız bir hissəsini səciyyələndirmək üçün kifayət qədər əlamətdardır.

Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan problematikası barədə ətraflı söhbət edəcəyik. Qeyd etməliyəm ki, keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar o vaxtdan bəri bir il ərzində Rusiya sülhməramlılarının məsuliyyəti zonasında ciddi insidentlər olmayıb. Silahlı toqquşmalar olmayıb, hər hansı ciddi hadisələr olmayıb, sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bununla belə, əlbəttə, bu, bizi bütün bunlara çox diqqətlə yanaşmağa, risklərə necə nəzarət etmək, onları necə minimallaşdırmağın mümkün olması barədə, o cümlədən üçtərəfli formatda söhbət aparmağa və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyə vadar edir. Biz bu məsələdə şəxsən Sizin rolunuzu, Rusiya Federasiya hökumətinin yüksəkvəzifəli nümayəndələrinin rolunu və əlbəttə, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolunu çox yüksək qiymətləndiririk və ümid edirik ki, gələn il bu iş davam etdiriləcək və yenə yaxşı nəticələr alınacaq.

Dəvət üçün bir daha çox sağ olun, təkcə Rusiyanın deyil, bütün dünyanın incisi olan bu diyarın gözəl təbiətinə heyran olduğumu bir daha bildirmək istərdim.

Vladimir Putin: Çox sağ olun.

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR