07 Dekabr 2024, Şənbə

Mədəniyyətin təbliği və sakinlərin mədəni istirahətinin təşkili məqsədilə ötən ay muxtar respublikada müxtəlif məzmunlu tədbirlər keçirilmiş, müxtəlif sərgilər nümayiş etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə görkəmli qələm sahibi Hüseyn Cavidin anadan olmasının 139-cu ildönümü münasibətilə Hüseyn Cavid Poeziya Günü qeyd edilmişdir. Bundan başqa, Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə birgə sağlamlıq imkanları məhdud xüsusi istedadlı uşaqlar arasında “Əl-ələ daha güclüyük!” şüarı ilə yaradıcılıq müsabiqəsi təşkil olunmuş, qaliblər və fərqlənən iştirakçılar mükafatlandırılmışlar.

 Ali Məclis Sədrinin müvafiq Sərəncamına uyğun olaraq nazirliyin hamiliyinə verilmiş Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan tələbələri üçün “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan Nizami Gəncəvinin “Hikmət və nəsihətləri” kitabının müzakirəsi keçirilmiş, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun həmin ixtisaslar üzrə təhsil alan tələbələrinə açıq dərslər keçilmişdir.

Ay ərzində “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 1 yeni xalçanın pasportlaşdırılması ilə bağlı müvafiq iş aparılmış, reyestrə 33 xalça haqqında məlumat daxil edilmişdir. Həmin reyestr sisteminə daxil olan 4 xalça haqqında məlumatlar sosial şəbəkə hesablarında paylaşılmışdır.
Hesabat ayında Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyindəki uşaq musiqi məktəblərinin saz ixtisası üzrə müəllim və şagirdlərinə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərs təşkil olunmuş, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən aşığın əsərlərinin müzakirəsi keçirilmişdir.
Muxtar respublikada fəaliyyət göstərən 40-dan çox nazirlik, komitə və baş idarələrin, müəssisə və təşkilatların muzeylərlə tanışlığı təmin edilmiş, Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqların, rəsmi nümayəndə heyətlərinə nümunəvi muzey xidməti göstərilmişdir. Oktyabr ayında muxtar diyarımızda fəaliyyət göstərən muzeyləri 78 min 721 yerli, 32 min 9 əcnəbi olmaqla, ümumilikdə, 110 min 730 tamaşaçı ziyarət etmiş, muzeylərə 303 yeni eksponat daxil olmuşdur.
Aid təşkilatlarla birgə oktyabr ayında Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat və Naxçıvan Dövlət Tarix muzeyləri ilə muxtar respublikanın bir neçə ümumtəhsil müəssisəsi arasında interaktiv dərslər keçilmişdir. Ötən ay muxtar respublikanın tarix-diyarşünaslıq muzeylərində çalışan əməkdaşların kənd mərkəzlərində sakinlərlə görüşü olmuş, maarifləndirici söhbətlər aparılmışdır.
Ötən ay muzeylər tərəfindən müxtəlifmövzulardan bəhs edən 367 material hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.
“Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların bir neçəsinin 1-i onlayn olmaqla, ənənəvi müzakirəsi təşkil olunmuşdur. Ay ərzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) MKS-lər tərəfindən 6 tədbir keçirilmiş, 36 sərgi təşkil edilmişdir.
“Mütaliə günü” və “Nağıl günü” ilə bağlı muxtar respublikanın kitabxanaları tərəfindən 46 tədbir keçirilmiş, ümumilikdə, sağlamlıq imkanları məhdud 24 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Ötən ay nazirliyə Azərbaycan Respublikası Kitabxana Kollektorundan 85 adda 1922 nüsxə çap məhsulu daxil olmuş və aidiyyəti üzrə paylanmışdır. Ay ərzində kitabxanalara 263 adda 1891 nüsxə çap məhsulu daxil olmuş, 541 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 9 min 300, kitab verilişi isə 48 min 705 nüsxə olmuşdur. Bundan başqa, ötən ay elektron kataloqa 701 adda kitab işlənərək elektron kataloqdakı kitabların sayı 27 min 699-a, 40 kitab şəbəkəyə işlənərək bu qəbildən kitabların sayı isə 3 min 561-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan, ümumilikdə, 875 oxucu istifadə etmişdir.
Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz və Naxçıvan Dövlət Film Fondu tərəfindən, ötən ay, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 6 videomaterial hazırlanmış, sosial şəbəkələrdə paylaşım edilmişdir. Babək Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə Xalq artisti İlham Namiq Kamalla Babək Rayon Xalq Teatrı əməkdaşlarının onlayn görüşü olmuşdur. Dövlət Film Fondu tərəfindən Kazım Ziya adına Ordubad Rayon Xalq Teatrının hazırladığı “Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş kompozisiya”nın, həmçinin Culfa Rayon Mədəniyyət Şöbəsinin və Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Xalq yaradıcılığı günü” çərçivəsində nümayiş olunan xalq yaradıcılığı nümunələrinin videoçəkilişləri aparılmışdır.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı N.Qoqolun “Müfəttiş” əsəri əsasında hazırladığı tamaşanı teatrsevərlərə təqdim etmişdir. Bundan başqa, ötən ay M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla və Naxçıvan Dövlət Uşaq teatrları Nizami Gəncəvinin müvafiq olaraq “Yeddi gözəl”, “Sirlər xəzinəsi” əsərlərindəki “Fitnə” və “Ovçu ilə itin və tülkünün hekayəti”, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı isə K. Çapekin “Ana” əsəri əsasında hazırlanan tamaşaların, eləcə də Naxçıvan Dövlət Filarmoniyası konsert məşqlərini davam etdirmişdir.
Naxçıvan Dövlət Filarmoniyasının musiqi kollektivləri Mühasiblərin və auditorların VII Avrasiya forumunda, Hüseyn Cavid Poeziya Gününə həsr olunmuş tədbirdə və “N” hərbi hissənin əsgər və zabitləri qarşısında konsert proqramı ilə çıxışlar etmişlər. Nazirliyin tabeliyində olan müəssisələrdə çalışan gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Xudafərin” Gənclər Birliyinin üzvləri tərəfindən “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya hazırlanaraq nümayiş etdirilmiş, nazirliyin Gənclər Təşkilatının üzvləri arasında “Yaşa və öyrən – Xəzaniyyə” intellektual bilik yarışı keçirilmişdir.
Ötən ay müasir iş şəraiti ilə təmin olunmuş Babək rayonunun Araz kənd mərkəzindəki kənd kitabxana filialı, Şərur rayon Dərvişlər kənd mərkəzindəki kənd kitabxana filialı və kənd mədəniyyət evi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR