Naxçıvan Dövlət Universitetində “Jurnalistika” ixtisası üzrə tələbələrin “Jurnalist vətənpərvərliyi-gəncliyə” örnək adlı tədbiri keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib.
Çıxışlarda şəhidlərin əziz xatirəsini yad edən tələbələr işğaldan azad edilən hər rayon və kənd üçün öz arzu və istəklərindən doğan sözlər ifadə ediblər. Tələbələrin hazırladığı çıxışların video təqdimatlarla nümayiş olunması tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Jurnalist tələbələr bədii qiraət nümunələri səsləndirib, həmçinin musiqi bacarıqlarını da nümayiş etdiriblər. Tələbələr “Vətən yaxşıdır”, Azərbaycan”, “Anadır arzulara hər zaman Qarabağ” mahnılarını ifa ediblər.
Universitetin rektoru Elbrus İsayev tələbələrin bu cür təşəbbüsünü alqışlayıb, vətənpərvərlik və dövlətçilik ruhlu tədbiri gənclərin mənəvi tərbiyəsində mühüm amil hesab edib. Rektor gənclərə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən igidlərimizi heç vaxt unutmamağı, onların xatirəsini daim uca tutmağı tövsiyyə edib. Bu istiqamətdə jurnalistlərin üzərinə böyük yük düşdüyünü deyən - Elbrus İsayev gələcəyin jurnalistlərinə yaşadığımız günlərin ən fəal və layiqli təbliğatçısı olmağı arzulayıb.
Səadət Əliyeva NDU-nun Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri