26 Dekabr 2024, Cümə axşamı

Dövrümüzün ən mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası mövcud tarixi zərurətdən yaranmış, milli tərəqqimizin inkişafına xidmət edən ümumxalq partiyası adını qazanmışdır. Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmlənməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizdə mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi kimi özünü göstərməkdədir. Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatının bütün mərhələlərində tarixi missiya daşıyıb. Partiyanın yaranması, inkişafı və güclənməsi ümumilli liderimiz, Ulu Öndər Heydər Əliyevin ideyaları, Onun nüfuzu, uzaqgörənliyi və dövlətçiliklə bağlı zəngin təcrübəsi və məsləhətləri əsasında həyata keçirilmişdir. 

 

1993-cü il, oktyabr ayının 3-də YAP-ın sədri ümumilli liderimiz, ulu öndər Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdir. Təsadüfi deyildir ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlanan dövrdə cəmiyyətimizin bütün ümidləri yenə də ümumilli liderimiz, dünya şöhrətli siyasətçi, Heydər Əliyevin dühası ilə bağlı olmuşdur. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli çağırışı ilə yenidən hakimiyyətə qayıdışı onun xilaskarlıq missiyasının davamı demək idi. Bu, həm də onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişi və cəmiyyətin aparıcı qüvvəsinə-iqtidar partiyasına çevrilməsinə zəmin yaratmış oldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirmişdir. Partiyanın ilk addımları Azərbaycanda siyasi sabitliyin bərpasına yönəldilmişdir. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.

Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdirmiş, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltmişdir ki, 2003-cü ildən bu inkişaf möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə yüksək ləyaqətlə davam etdirilərək regionun ən böyük siyasi partiyasına çevrilmişdir.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında dayanan vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir. YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosial yönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Odur ki, demokratik prinsiplər və ideyalara sadiq qalan partiya daim həmrəylik və əhalinin sosial mənafeyindən çıxış etmək baxımından ümumxalq partiyasına çevrilmişdir.

Son 18 ildə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, Onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olmuşdur. Azərbaycan keçən dövr ərzində kifayət qədər tarixi uğurlar əldə etmişdir. Bu uğurlar həm iqtisadiyyat, həm sosial sahədə, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun artması sahəsində əldə edilmişdir. Böyük fəxr hissi ilə deyə bilərik ki,  bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birlik və bu birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.

Umumiyyətlə, Yeni Azərbaycan Partiyasının rəhbəri kimi cənab İlham Əliyevin fəaliyyəti zamanı, yəni son 18 ildə Azərbaycanda bir sıra mühüm nəticələrə nail olunmuşdur. Bunlardan birincisi ondan ibarətdir ki, Azərbaycanda dayanıqlı əsaslara söykənən bir birlik yaranmışdır. Bu birlik həm xalq-iqtidar birliyi, həm də müxtəlif millətlərin və dinlərin birliyidir. Belə ki, Azərbaycanda bu gün hər bir xalqın nümayəndəsi kifayət qədər rahat yaşayır, öz dilində danışa bilir, öz dininə sitayiş edir və yaxud hər hansı bir siyasi partiyanın nümayəndəsi öz fikirlərini azad şəkildə ifadə edə bilir. Azərbaycanda belə bir birliyin əldə olunması çox ciddi bir uğurdur. Bu həm də Yeni Azərbaycan Partiyasının nüfuzunun artmasının, xalqın maraqlarına xidmət etməsinin, iqtidara qarşı olan müsbət ictimai fikrin və ən əsası, ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı, müzəffər ali baş komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə olan ümumuxalq məhəbbətinin daha da artmasının göstəricisidir.

Bu gün məhz bu uğurlu siyasətin nəticəsi kimi Azərbaycan dünyada kifayət qədər nüfuzlu, öz milli dəyərləri olan, qurub – yaradan, güclü və müstəqil bir ölkə kimi qəbul olunur.

Ölkəmiz bu gün Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən ölkələrdən biri olub, bütövlükdə bu gün Avropa Şurası, ATƏT, Avropa İttifaqında müstəqil və yaradıcı mövqeyi olan çox az saylı ölkələrdən biridir.

Ən mühüm məsələ isə 44 günlük Vətən müharibəsindən tam qalib çixmağımızdır. İşğal olunmuş torpaqlarımızın Müzzəfər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni vandallarının tapdağından azad olunması, milli qürurumuzun dirçəlməsi, xalqımızın zəfər sevinci ilə nəticələndi.

Bu gün Azərbaycan 21-ci əsrdə dünyada yeni reallıqlar yaradan, qalib bir xalq kimi, regionda daha çox hesablaşılan bir ölkə kimi qəbul olunur. Bu Yeni Azərbaycan Partiyasının rəhbəri,  Azərbaycan Prezidenti cənab İlham Əliyevin və eyni zamanda bu amallara xidmət edən hər bir azərbaycanlının əməyinin nəticəsidir.

Yeni Azərbaycan Partiyasının rəhbərliyi dünyada baş verən ən son yeniliklərə əsaslanaraq onları təhlil edir və məhz buradan gələn çağırışlara cavab vermək üçün qarşıda dayanan məqsədlərə çatmaq naminə yeni resursların tapılması istiqamətində uğurlu fəaliyyətlə məşğuldur. Bu kifayət qədər təqdirəlayiq haldır. Dövlət başçısının dediyi kimi, biz böyük tarixi uğurlar əldə etmişik və eyni zamanda bundan sonra hansı uğurlar əldə edəcəyimizlə bağlı düşünməliyik. Aparıcı partiya olaraq YAP-ın qarşısında dayanan əsas vəzifələrdən biri qarşıda duran bütün məsələlərin öhdəsindən layiqincə gəlməkdir. Əminik ki, partiya qarşısında bundan sonra duran vəzifələr də Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədə həyata keçiriləcək.

Eyni zamanda məqsəd partiyanın ənənəvi funksiyalarından bəhrələnmək və yeni çağrışlara cavab verməklə, siyasi səhnədə gənc və orta nəsildən olan şəxslərin siyasi cəhətdən daha da püxtələşməsi, onların yüksək davranış nümayiş etdirməsi kimi bir vəzifəni qarşıya qoymaqdır ki, bu da hazırki dövrdə çox mütərəqqi bir vəzifədir. Əminik ki, YAP-ın Sədri tərəfindən müəyyən edilən hədəflərə çatmaqla Ulu Öndər Heydər Əliyevin “Gələcəyin Partiyası olmaq” missiyasını böyük əzmlə davam etdiriləcək.

Bu gün ziyalı, vətənpərvər, sağlam siyasi əqidəyə malik  partiya üzvlərini öz sıralarında birləşdirən YAP-ın təməl prinsiplərinin formalaşması məhz Naxçıvan Muxtar Respublikasından başlanıb. Muxtar Respublika rəhbərliyinin yüksək diqqət və qayğısı nəticəsində YAP Muxtar Respublika təşkilatı bu yolda inamla addımlayır və partiya üzvləri müxtəlif sahələrdə fəallıq göstərərək, istər respublika miqyaslı, istərsə də beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edirlər. Muxtar respublikanın ən böyük ali təhsil ocağı olan NDU-da tələbə-gənclərin təhsili, onların intellektual inkişafı, vətənpərvərliyi, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsi və sağlam siyasi təfəkkürdə formalaşdırılması daim diqqətdə saxlanılır.

Qeyd etmək istəyirəm ki, bu gün Yeni Azərbaycan Partiyasına NDU-da üzv olan əməkdaşların 52 faizini qadınlar təşkil edir. Eyni zamanda NDU-nun tələbələrinin 55 faizini isə tələbə qızlarımız təşkil edir. Hətta ümumilikdə götürdükdə YAP-ın sıralarına qəbul olunan əməkdaş və tələbələrin 55 faizi qadınlarımızın payına düşür.

Bu gün qətiyyətlə deyə bilərik ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Partiya yarandığı gündən əzimkarlıqla, qətiyyətlə, planlı və ardıcıl şəkildə çalışması ilə dövlətimizin siyasi həyatında özünəməxsus yerin sahibinə çevrildi.

 Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev demişdir: “Yeni Azərbaycan Partiyasını yaradanlar Azərbaycan, millətimiz, dövlət haqqında düşünərək axtarışla məşğul olmuş, məsləhətlər aparmış, bu partiyanı yaradan insanlar şəxsi mənafe haqqında düşünməmişlər. Xalqa, vətənə, millətə xidmət etmək üçün YAP-ı bir vasitə kimi yaratmışlar”.

Azərbaycanı daim inkişafa aparan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir və yeni-yeni uğurlar arzulayıram.

                                                                       Xumar Məmmədova

                                     YAP NDU-nin ilk ərazi təşkilatı idarə heyətinin üzvü, dosent

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR