Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin universitetin Pedaqoji fakültəsi ilə birgə Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası tələbələrinin növbəti hamilik tədbiri keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, universitetdə vətənpərvərlik işi vətənpərvərlik tərbiyəsinin təşkilindən, Zəfər Günümüzün bir ili ərəfəsində keçirilən görüşü tələbələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolundan danışıb.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov tədbir iştirakçılarını Vətən müharibəsində qazandığımız tarixi qələbə və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Polkovnik vurğulayıb ki, tələbələr universitetlə birgə təsdiqlənmiş Tədbirlər planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzinin tədris bazasından istifadə edərək nəzəri və praktik məşğələlər keçəcək, hərbi texnika və silahlarla yaxından tanış olacaq, silahlardan praktik atışlar həyata keçirmək vərdişlərinə yiyələnəcəklər.
Xidmətin Həqiqi hərbi xidmətə çağırış və çağırışqabağı hazırlıq şöbəsinin rəisi, mayor Vüsal Əliyev təhsil müəssisələrində çağırışaqədərki hazırlıq rəhbərlərinin vəzifələrindən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi təhsil sistemindən danışıb.
Vətən müharibəsi qazisi baş leytenant Hüseyn Həsənov keçdiyi döyüş yolundan danışıb. Aldığımız medalları, dövlət təltiflərini şərəflə daşıyırıq, – deyən qazi öz döyüş yoldaşları adından göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Zəfər gününün birinci ildönümü ilə əlaqədar torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında göstərdiyi şücaət və qəhrəmanlığa görə baş leytenant Hüseyn Həsənov, Əyyub Sadıxov, gənclərə hərbi-vətənpərvərlik ruhunun aşılanmasındakı fəaliyyətlərinə görə Pedaqoji fakültənin dekanı Vəli Əliyev, Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri Oktay Rzayev təşəkkürnamə, hərbi-vətənpərvərlik tədbirlərində fərqlənən bir neçə tələbə fəxri fərmanla təltif edilib.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi