06 Dekabr 2024, Cümə

Təhsil millətin gələcəyidir

Muxtar respublikamızda təhsil sahəsində yeni layihələr hazırlanması və həyata keçirilməsi təhsilin inkişafı istiqamətində aparılan məqsədyönlü tədbirlər sırasındadır. Məhz belə layihələrdən biri də Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin direktoru Esmira Həsənovanın rəhbərliyi ilə hazırlanan “Təhsil kouçu” xidməti layihəsidir. Bu layihə təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib olub. Məktəbdə yaradılan müasir tədris şəraiti ilə tanış olmaq, eyni zamanda layihə ilə bağlı görüləcək işlər barədə ətraflı məlumat almaq üçün həmin məktəbə yollandıq. Məktəbin direktoru Esmira Həsənova ilə həmsöhbət olduq.

 

Müsahibim qeyd etdi ki, muxtar respublikamızda təhsilin inkişafı daim diqqət mərkəzində saxlanılır, məktəblərimiz müasir standartlara cavab verəcək formada yenilənib istifadəyə verilir. 2019-cu ilin sentyabr ayında məktəbimizin müasir maddi-texniki baza ilə təmin olunmuş yeni binası istifadəyə verildi. 1148 şagird yerlik 4 mərtəbəli binada 3-ü elektron lövhəli olmaqla, 60 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter, 2 şahmat, 2 müəllimlər otaqları, kitabxana, bufet və idman zalı vardır. Məktəbdə 1145 şagirdin təhsili ilə 86 müəllim məşğul olur.

Müsahibimin dediklərindən: –Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov məktəbin açılışı zamanı demişdir: “Naxçıvan şəhər 5 nömrəli tam orta məktəb nailiyyətləri ilə seçilən qabaqcıl təhsil ocaqlarındandır. Ali məktəblərə qəbulda muxtar respublikanın orta göstəricisi ölkə üzrə orta göstəricidən, 5 nömrəli məktəbin göstəriciləri də muxtar respublikanın orta göstəricisindən yüksəkdir”. Ötən 5 ildə məktəbi bitirən məzunlardan 306-sı ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunub. Bu il bizim məktəbin “Qızıl ili” olub. 49 nəfər ali və orta ixtisas təhsili müəssisələrinin tələbəsi adını qazanıb. 12 nəfər 500-700 intervalında bal toplayıb, onlardan 2-i “Qızıl” nişana, 2-i fərqlənmə attestatına layiq görülüb, 4-ü isə IX sinif şagirdi məktəbi fərqlənmə ilə bitirib. Həmçinin bu il Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə şagirdimiz Nazlı Hümbətovanın adı şahmat üzrə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb. Məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Quliyeva ölkə başçısının Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Şagirdlərimiz bir sıra muxtar respublika və beynəlxalq layihələrdə – “Sabahın tədqiqatçıları” layihəsində, “Kenquru” beynəlxalq riyaziyyat və məntiq olimpiadasında, digər fənn olimpiadalarında, yarışlarda uğurlu nəticələr əldə ediblər. Bu ilin 14-17 oktyabr tarixlərində Ağdam Olimpiya İdman Kompleksində keçirilən universial döyüş növü üzrə turnirdə şagirdimiz Rəhim Quluzadə 10-11 yaş qrupunda cüdo idman növü üzrə III yeri qazanaraq diplomla təltif edilib. Bir sözlə, məktəbimizin şagirdlərinin hər bir sahə üzrə əldə etdiyi nailiyyətlər bizi sevindirir.

“Təhsil kouçu” xidməti layihəsi barədə məlumat verən Esmira xanım qeyd etdi ki, məktəblilərdə öyrənməyə daha çox maraq oyatmaq, onların elmi dünyagörüşünü formalaşdırmaq, idrak fəaliyyətini gücləndirmək üçün bir sıra layihələr həyata keçirilir. Adıçəkilən layihə də istedadlı və intellektli şagirdlərin daha yaxından dəstəklənməsində, onların gələcək fəaliyyətlərinin stimullaşdırılmasında bir növ “mayak” rolunu oynayacaq.
Layihə çərçivəsində görüləcək işlərdən danışan müsahibim qeyd etdi ki, layihə tərəfdaşları olan Naxçıvan şəhər 1, 7, 8, 12 nömrəli tam orta məktəblərdə görüşlər təşkil olunacaq, layihənin davamlı və səmərəli olması üçün müxtəlif məktəblərdə kouçluk xidməti həyata keçiriləcək. Görüşlər əsnasında layihənin ilk həftəsindən etibarən hazırlanan sorğu anketləri ümumtəhsil müəssisələrinə göndəriləcək və təhsil kouçu olmaq istəyən müəllimlər müəyyənləşdiriləcək. Hər bir məktəb üzrə 5 müəllim olmaqla, 25 nəfər müəllim müəyyən ediləcək. Layihədə müəllimlər üçün nəzərdə tutulmuş təlimlərin bir ay müddətində keçirilməsi planlaşdırılır. Təlimləri onlayn şəkildə Təhsil İdarəçilər Assosiasiyasının rəhbəri Qoşqar Məhərrəmov 8 gün müddətində 15 saat, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova isə 18 gün müddətində 30 saat əyani formada keçəcək. Peşəkar İnkişaf və Keyfiyyət Mərkəzinin direktoru Ramil Süleymanov isə layihə müddətində ekspert olaraq müəyyən işlər görəcək. Əlavə olaraq beynəlxalq təcrübəni öyrənmək məqsədilə birgünlük beynəlxalq təlimçilərin onlayn təlimlərə qoşulması nəzərdə tutulur. Müəllimlərə təlimlərdən sonra sertifikat veriləcək, onlar öz məktəblərində bu layihəni həyata keçirəcəklər. Təlimlər may ayınadək davam edəcək.
Müsahibim bildirdi ki, layihədə əsas məqsəd şagirdlərin özlərini tanıması və idarəetmə qabiliyyətlərinin inkişaf etdirilməsi, təhsil və karyera cəhətdən düzgün istiqamələndirilməsidir. IX-X-XI sinif şagirdləri üçün nəzərdə tutulan layihənin nəticəsində həm məktəbin, həm də şagirdlərin nailiyyət səviyyələri artacaq, əməkdaşlıq və rəqabət mühiti yaranacaqdır. Həmçinin şagirdlər öyrənməyi sevəcək, məqsəd və vəzifələrini təyin edəcək, onların məsuliyyət hissi, özünəinamı inkişaf edəcək, gələcək karyera və təlim fəaliyyəti istiqamətləndiriləcək. Bu layihə məktəbimizin digər məktəblərlə əməkdaşlığının yaranmasında, ali məktəblərə qəbulda nəticələrin artmasında, yaradıcılığı və uğuru dəstəkləyən bir təhsil mühitinin yaradılmasında mühüm rol oynayacaq.
Bizim üçün qürurvericidir ki, 2020-2021-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında da Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri arasında 5 nömrəli tam orta məktəb fərqlənərək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən diploma layiq görülüb.
Məktəbdə bu il “Əməkdar müəllim” fəxri adına layiq görülən Aytən Quliyeva ilə həmsöhbət oluruq. 1997-ci ildən etibarən Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən Aytən müəllim deyir ki, bu ad hər müəllim üçün arzuolunandır. Muxtar respublikada təhsilə, elmə göstərilən qayğı yüksəkdir. Bu il övladım Fatimə Quluzadə 623 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Digər qızım Səkinə Quliyevanın adı “Qızıl kitab”a salınıb, hazırda Bakı Musiqi Akademiyasında təhsilini davam etdirir. Həmişə təhsil sahəsinə, gənclərə göstərilən qayğıya görə minnətdarlıq etmək imkanı gözləyirdim. Bu il Ali Məclis Sədrinin qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüşü zamanı muxtar respublikamızın rəhbərinə minnətdarlıq etmək imkanı tapdım. İndi də sizin vasitənizlə minnətdarlıq edirəm. Çalışacağam ki, bundan sonra da görəcəyim işlərlə layiq görülən bu adı doğruldum.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə icra olunan “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı XI sinif şagirdi Zümrüd Babazadə ilə həmsöhbət olduq. Zümrüd məktəbin bilik və bacarığı ilə seçilən, məktəbdaxili və muxtar respublika səviyyəli müsabiqələrin dəfələrlə qalibi olan şagirdlərindəndir. O dedi: – Ötən il “Sabahın tədqiqatçıları” layihəsində iştirak etmişəm. “Sabahın alimləri” X Respublika müsabiqəsinin final mərhələsində Biologiya kateqoriyasında “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan sarıçiçək, böyürtkən və cəviz bitkilərindən təbii boyaqların alınması” layihəsi üzə III yerin qalibi olub, diplom və medalla təltif edildim. Elmi rəhbərim AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Surə Rəhimova olub. Hazırda həkim olmaq istəyimi doğrultmaq və məqsədimə çatmaq üçün çalışıram.
Məktəbin riyaziyyat-informatika müəllimi, STEAM dərslərini tədris edən Leyla İbrahimova ilə həmsöhbət olduq. O bildirdi ki, ötən ilin dekabr ayından STEAM üzrə kursa yazılıb, bir ay müddətində lazımi biliklərə yiyələnib: – Bu sahə üzrə VI-VII siniflərin şagirdləri ilə işləyirik. STEAM otağına daxil olanda şagirdlərin gözü işıldayır, bu metodun tətbiqi müəllimlərimizin bir çoxunun diqqətini çəkir. Dərslərimiz praktik olduğuna görə şagirdlər üçün çox maraqlı keçir. Əsasən, proqram üzrə kollektiv şəklində işləyirik. Deyə bilərəm ki, bu tədris metodu dünyagörüşü, əl bacarığını artırır, təfəkkürü formalaşdırır, beyini dincəldir. İnanırıq ki, bu sahəni mükəmməl mənimsəyən uşaqların gələcəyi də parlaq olacaq.
Məktəbin direktoru Esmira Həsənovanın da qeyd etdiyi kimi, işləmək gözəldir. O yerdə ki işini sevirsən. İşini sevirsənsə, sənin qabağına heç kim çıxa bilməz. Burada gördüklərimizdən sonra bir daha aydın oldu ki, məktəb kollektivi öz işini sevərək, layiqincə yerinə yetirir. Heç şübhəsiz, bu gün gələcəyə vətənpərvər, bilikli, bacarıqlı gənclər hazırlayan Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin təlim və təhsildə qazandığı uğurlar bundan sonra da davamlı olacaq.

Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR