Müzəffər Ordumuzun qüdrətini artıran mühüm amillərdən biri də xalq-ordu birliyidir. Naxçıvan Muxtar Respublikasında bu məsələ daim diqqətdə saxlanılır, dövlət orqanları da xalq-ordu birliyinin möhkəmlənməsinə töhfə verirlər. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 34 adda müxtəlif malların müvafiq qurumlara təhvil verilməsi həyata keçirilib.
Bu məqsədlə 330 kiloqram şampun, 355 közərmə lampası, 1600 ədəd milçək dərmanı, 2 pnevmatik qaz tapançası, 8 pnevmatik qaz tapançası balonu, 1800 pnevmatik qaz tapançası qırması, 1 ədəd əl qumbarası hissəsi, 49 müxtəlif çaplı silah mərmiləri Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna verilib. Müsadirə olunan mallardan 840 gips lövhə, 165 kiloqram şampun, 1000 ədəd milçək dərmanı, 2 qazla işləyən suqızdırıcı isə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına təhvil verilib.
Heydər Əliyev adına Hərbi Liseyə təhvil verilən mallar 450 kiloqram şokoladlı biskvit, 63 ədəd mineral su, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasına təhvil verilən mallar 55 kiloqram şampun, 500 ədəd milçək dərmanı olub.
Saxlanılan mallardan 361 ədəd müxtəlif kalibrli ov silahı mərmisi, 1 tapança, 2 tapança darağı, 165 tapança mərmisi, 7 elektroşok, 3 dəmir qandal, 2 dəyənək Daxili İşlər Nazirliyinə, 4 əleyhqaz Fövqəladə Hallar Nazirliyinə, 192 əzələ üçün istiotlu yapışqan Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına, 2 ədəd Tir silahı, 3900 Tir silahı mərmisi Atıcılıq Federasiyasına, 30 közərmə lampası Naxçıvan Dövlət Musiqili Dram Teatrına, 38 ədəd balıq toru Naxçıvan Balıqçılıq Təsərrüfatına təhvil verilib.
Xalq-ordu birliyinin təzahürü olaraq “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən isə 2500 taraş köpüyü Naxçıvan Əlahiddə Ümumqoşun Ordusuna hədiyyə edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin
mətbuat xidməti