08 Oktyabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir keçirilib.

 

Noyabrın 5-də daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət edib, nümayəndəliyin kollektivi adından ulu öndərin məzarı önünə gül-çiçək dəstələri qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirib.

Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, məzarüstü abidəsi önünə güllər qoyulub, əziz xatirəsi anılıb.

Daha sonra Şəhidlər xiyabanına gələn Bəxtiyar Əsgərov daimi nümayəndəliyin kollektivi adından ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının məzarına güllər qoyub, torpaqlarımız uğrunda canını fəda etmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edib.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarımız bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və şəhidlərimizə dərin hörmət və sonsuz ehtiramlarını bildiriblər.

Tədbiri açan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd edib: “Bu gün bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, bütün türk dünyası, eləcə də, dünyada yaşayan qardaş və dost xalqlar bu tarixi günü, əlamətdar günü- müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılan Zəfər Gününü böyük şövqlə, görünməmiş sevinc göz yaşı, təntənə ilə qeyd edir. 2020-ci ilin Noyabrın 8-də 30 ilə yaxın doğma torpaq, vətən həsrətindən sonra qədim tarixə və yüksək bəşəri dəyərlərə malik Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edən və “Qeyrət qalası” kimi rəmzi adı özündə daşıyan doğma, əziz Şuşa şəhərimiz mübariz sərkərdə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi sayəsində, şəhidlərimizin, qazilərimizin müqəddəs qanı və canı bahasına mənfur erməni işğalçılarından azad edilmişdir. İlk növbədə, onu deyim ki, doğma Qarabağın tacı olan Şuşa şəhərinin qəhrəman vətən övladlarımız tərəfindən düşməndən azad edilməsi dünya hərb tarixində müqayisəsiz, unikal hərbi əməliyyat kimi həmişə yazılacaq və öyrəniləcək. Müstəqil Azərbaycanın hərbi və hərbi sənaye sahələrində əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr, xüsusilə, Vətən müharibəsində Şuşanın düşmən işğalından qurtarılması təkcə 2-ci Qarabağ müharibəsinin deyil, bütövlükdə, xalqımızın taleyində həlledici rol oynamışdır. Bütün bunlar tarixən süfrəmizin artığı ilə yaşamış, sonradan xalqımıza və insanlığa xəyanət etmiş qonşu Ermənistanın Azərbaycanla müharibədə öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərəncamı ilə isə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır”.

Keçən əsrin sonlarına doğru erməni faşistlərinin Azərbaycan torpaqlarına etdiyi növbəti hərbi təcavüzündən, törətdikləri vəhşiliklərdən, dinc sakinlərin başlarına gətirdikləri ağlasığmaz müsibətlərdən bəhs edən daimi nümayəndəliyin rəhbəri bildirib ki, 200 il əvvəl tarixi Azərbaycan torpaqlarına ermənilərin köçürülərək məskunlaşması prosesi əslində təkcə xalqımızın başına gətiriləcək soyqırımlar və faciələrin təməli deyil, həm də tarixin kobud surətdə təhrif olunması, insani dəyərlərin tapdalanması, mövcud olan və yazılmamış qanunların pozulmasına hazırlıq cəhdi idi. Keçən əsrin sonlarında ikinci dəfə müstəqillik qazanan ölkəmizin daxilində baş verən hakimiyyət böhranından istifadə edərək öz məkrli planlarını həyata keçirən ermənilər və onların havadarları xalqımıza qarşı növbəti terror və etnik təmizləmə siyasətinə əl atdılar. XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faiz ərazisini ard-arda işğal etmişdir. Ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1988-1993-cü illər ərzində bir milyondan artıq soydaşımız daimi yaşadıqları ata-baba yurdlarından, tarixi Azərbaycan torpaqlarından qovularaq 30 ilə yaxın müddətdə qaçqın və köçkün kimi ölkəmizin müxtəlif bölgələrində məskunlaşmışdılar. Ermənilərin xalqımıza qarşı keçən əsrin sonlarında törədilən soyqırımlar elə onların azərbaycanlılara, türklərə qarşı tarixən yürütdüyü mənfur siyasətin məntiqi davamı idi. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən “danışıqlar”, erməniləri açıq şəkildə himayə edən “Minsk qrupu” tərəfindən idarə olunan “nizamlama prosesi” nəticə verməmişdir və təbii ki, bu formatda nəticə verə də bilməzdi.

Bəxtiyar Əsgərov qeyd edib ki, 2019-cu ildən etibarən təlxək, sərsəm Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və bilərəkdən atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə, tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin ozamankı mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrinasına müvafiq olaraq, onların işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi və böyük həcmdə silah-sursat toplaması Ermənistanın yenidən Azərbaycana qarşı genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

“Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və haqqın, ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu”, - deyən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud şəkildə pozaraq, müxtəlif növ ağır silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuş, bunun nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olmuşdur. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlanmışdır. Vətən torpaqlarını ilk saatlardan etibarən bir-bir işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar. Belə ki, düşmən Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri ilə dünyada məşhur olan qədim Gəncə, ərazilərində xalqımız üçün strateji əhəmiyyətli obyektlər olan, döyüş bölgəsindən tamamilə aralıda yerləşən iyirmiyə yaxın şəhər və rayonları- Mingəçevir və Yevlax şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və s. ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutmuşdur. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini cəsarətlə yarıb keçdilər, nəhayət ki, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu Zəfərlə müstəqil və qüdrətli Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı, bir güllə belə atmadan, bir şəhid vermədən Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad edə bildi və dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiqləmiş oldu.

Birinci Qarabağ müharibəsindən bu günə al qanı ilə yeni tarix yazan şəhidlərimizin, qazilərimizin intiqamının alınması ilə qazanılmış böyük Qələbə, Zəfər, müzəffər Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla dünyaya səs salmış şanlı Azərbaycan Ordusu, əslində, öz qiymətli ömrünü, bütün şüurlu həyatını Azərbaycana, onun müstəqilliyinə, davamlı inkişafına həsr etmiş, yeni müstəqil Azərbaycanın memarının, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzusunu, istəyini, amalını reallaşdırmış oldu. “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük qələbə eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi yenidən təqdim etdi, tanıtdı. 30 ilə yaxın işğal altında qalan mədəniyyət beşiyimiz olan Şuşanın azad edilməsi böyük hərbi-siyasi, strateji və mənəvi məzmun daşıyırdı. Şuşanın azad edilməsindən bir gün sonra, noyabrın 9-da – ölkəmizdə xüsusi bayram olaraq qeyd edilən Dövlət Bayrağı Günündə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daha 71 kəndin, iki qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə Azərbaycan xalqına məlumat verdi. 2020-ci ilin 10 noyabr gecəsində isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev əziz xalqımızı böyük zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Prezident qeyd etdi ki, imzalanmış bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycanın siyasi maraqlarını təmin edən bir sənəddir. Bu bəyanat 30 ilə yaxın davam edən işğala birdəfəlik son qoyur.

Xalqımızın ilk andan etibarən dövlət başçısı ətrafında birləşərək ordumuza dəstək, birlik nümayiş etdirməsindən qürur, fəxarət hissi duyduğunu bildirən Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov diqqətə çatdırıb: “Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi 17 ildən artıq dövrdə iqtisadi, hərbi və bütün digər sahələrdə hərtərəfli inkişafa nail olaraq ölkəmizin beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun möhtəşəm qələbəsi xalqımızın dövlətimizin başçısı və ordumuzla həmrəyliyinin bariz nəticəsidir. İkinci Qarabağ savaşının aparıldığı 44 gün ərzində dünyanın müxtəlif informasiya kanallarına, agentliklərinə verdiyi müsahibələrdə cənab Prezident Azərbaycanın tarixi reallığını, əzəli torpaqlarımız uğrunda ədalətli mübarizəsinin mahiyyətini böyük məharətlə dünya ictimaiyyətinə çatdıraraq informasiya müharibəsində də böyük uğurlara imza atdı. Dövlətimizin başçısının səmimi və qətiyyətli müraciətləri xalqımızın birlik, vətənpərvərlik və səfərbərlik hislərini daha da artırdı. İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu Prezident İlham Əliyevin müzəffər ali baş komandanlığı ilə Ermənistanı döyüş meydanında darmadağın edərək onun yalançı mifologiyasına, işğal siyasətinə son qoydu. Ona görə də bu müharibə haqlı olaraq müasir tariximizin Zəfər salnaməsinə çevrildi. Bu Qələbə Azərbaycanı dünyada qaliblər sırasına çıxardı, xalqımızı daha güclü və daha qürurlu etdi-Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”.

“Bu gün Azərbaycan xalqının qazandığı Qələbə ədalətin təntənəsidir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Haqqın, ədalətin tərəfində olan Azərbaycan isə qalib ölkədir. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Şuşanın azad edilməsi uğrunda qəhrəmanlıq dastanı yazmış fədakar vətən oğullarımız müstəqil Azərbaycanın böyütdüyü, yetişdirdiyi cəngavərlərin əsl vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Hələ bir neçə il əvvəl Naxçıvanda strateji yüksəkliklərin və böyük bir ərazinin erməni işğalından azad edilməsi ilə nəticələnmiş, məğrur hərbçilərimizin uğurla həyata keçirdikləri “Günnüt əməliyyatı” taktikasının Şuşanın azad edilməsində də təkrarlanması və bunun uğurla nəticələnməsi dünya hərb tarixində ayrıca bir səhifə açmışdır. Müharibədə Naxçıvan Muxtar Respublikasının ayıq-sayıqlığı, illərdir gücünə güc qatmış, ən müasir silahlar və hərbi texnikalarla təchiz edilmiş Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun fədakarlığı, muxtar respublika Ali rəhbərliyinin tapşırığı ilə döyüş meydanına xüsusi təlim keçmiş əlavə potensial döyüşçülərin və silah-sursatın göndərməsi Milli Ordumuzun ən qısa zamanda məqsədinə nail olmasına güclü təkan vermişdir. Bu haqda Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə bəhs etmişdir. Böyük Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən bu yana müstəqil Azərbaycanda həmişə olduğu kimi, bu gün də dövlət siyasəti xalq tərəfindən dəstəklənir. Dövlət başçımız cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən qədirbilən xalqımız əsl əzəmət və milli birlik nümayiş etdirir. Əslində, Xalq-Ordu-Rəhbər birliyi bir dəmir yumruq kimi bizi Qələbəyə qovuşdurdu”, - deyən Bəxtiyar Əsgərov əlavə edib ki, tarixi ədaləti bərpa edən, ən böyük missiyası torpaqlarımızı düşmən tapdağından azad edərək xalqımıza sonsuz tarixi Qələbə sevinci bəxş edən Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun ən müasir silah-sursatla təchiz edilməsi bu müharibədə bizim imkanlarımızı bütün dünyaya göstərdi. Bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik informasiya vasitələrində, nüfuzlu dərgilərdə belə bir fikir qeyd edilirdi ki, hətta dünyanın hansısa aparıcı ölkəsi belə bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda duruş gətirməyə heç bir şansı olmayacaqdı. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni, müstəqil Azərbaycan dövləti elə bir güclü Ordu yaradıb ki, o, istənilən vəzifəni icra etməyə hər an hazırdır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ilbəil milli Ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və bu sahədə idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Bu gün illərdir erməni işğalından ən çox əziyyət çəkmiş, buna baxmayaraq, ulu öndər Heydər Əliyevin ideyalarının işığında, Prezident İlham Əliyevin və Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə inkişaf edən Naxçıvan Muxtar Respublikasının təmsilçiləri olaraq, bizlərə sonsuz həvəs və qürur hissi, dadlı Qələbə sevincini bəxş etmiş dünyaca tanınmış lider, Müzəffər Ali Baş Komandan b İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Yaşasın müstəqil Azərbaycan! Yaşasın Heydər Əliyev yolu! Yaşasın üçrəngli bayrağımızı dünyada ləyaqətlə və qürurla dalğalandıran Prezident İlham Əliyev! Yaşasın xalqımıza Qarabağ Zəfəri bəxş etmiş Azərbaycan Ordusu!.

“Bilirsiniz ki, biz hər il bu günlər həm də Bayraq Gününü təntənə ilə qeyd edirik”, - deyən Bəxtiyar Əsgərov vurğulayıb ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bayraq bir millətin şərəfi, namusu, varlığının, bir millət kimi mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycançılığın əsas atributu olan milli bayrağımız haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımız 70 il yalnız xalqımızın qəlbində yaşamışdır. Azərbaycan Respublikasının müqəddəs istiqlal rəmzi - üçrəngli milli, dövlət bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda, XX əsrin böyük siyasət və dövlət xadimi ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək qaldırılmışdır. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qaldırdığı vəsatət və tələblə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetində “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Azərbaycan Respublikası qanunu qəbul olunmuşdur. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən üçrəngli məğrur bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın müqəddəsliyini göstərir, ifadə edir. Bu gün ən yüksək zirvələrdə və tribunalarda dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü, əzəmətini və xalqımızın milli birliyini nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli "Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" Sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının açılış mərasimində demişdir: "Bu gün bu gözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəkdik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq”.

Bəxtiyar Əsgərov deyib ki, bu gün ölkəmizin hər guşəsində yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və dərin hörmətin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamı da bu baxımdan mühüm və böyük əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də imzalanmış “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” digər Sərəncama əsasən, hər il noyabrın 17-si qədim diyarda Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Bayraq millətin şərəfi, onun milli varlığının təsdiqidir. Xalqın və dövlətin simvolu olan bayraq hər zaman ucalarda tutulur. Dövlət bayrağına ehtiram göstərilməsi hər bir vətəndaşın müqəddəs borcu, dövlətin suverenliyinə olan sevgi və hörmətinin göstəricisidir”.

2010-cu ildən başlayaraq hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. İndi cəmiyyətimizdə Azərbaycan Respublikasının üçrəngli bayrağına ümummilli sevgi və ehtiram hissi yüksək səviyyədə formalaşmış, bayrağımız milli özünüdərk və həmrəylik simvolu kimi hər bir azərbaycanlının ürəyinə yol tapmışdır. Azərbaycan gəncliyi, ordusu, sosial statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bayrağımıza dövlətimizin atributu olaraq, qürur mənbəyi kimi baxır, onu ürəkdən sevir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi : “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

Bu gün tariximizin ən şanlı səhifələri Zəfər günlərimizlə, dövlət bayrağımızla bəzənir. Müzəffər Ordumuz tərəfindən uzun illər sonra işğaldan azad olunmuş torpaqlarımızda - Qarabağımızda, Zəngəzurumuzda üçrəngli bayrağımız vüqarla dalğalanır! Uğrunda canlar verdiyimiz şanlı bayrağımız bu gün Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər, Şuşa səmasında göz qamaşdırır! Bayrağımız bizim qürur mənbəyimiz, and yerimiz, iman yerimizdir. Onun daim ucalarda dalğalanması üçün bütün şüurlu həyatımızla, var qüvvəmizlə çalışmalı, müqəddəs amalımızla keşiyində qürurla dayanmalıyıq.”

Bu möhtəşəm Zəfər bayramı və qürurlu Bayraq Günü münasibətilə daimi nümayəndəliyin kollektivini bir daha təbrik edən Bəxtiyar Əsgərov sonda bildirib: “Bu gün Azərbaycan Qarabağına, Qarabağ Azərbaycanına qovuşdu, millətimizin, xalqımızın uzaqgörənliyi və müdrikliyi sayəsində tarixi Zəfərə imza atıldı, milli Ordumuz şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda törədilmiş soyqırımı aktları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yerini göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan ulu öndər Heydər Əliyev siyasi kursu, o kursun layiqli davamçısı Prezident İlham Əliyev qətiyyəti, siyasi iradəsi və güclü milli Ordumuz, onun əsgər və zabitləridir. Sevinirik ki, qalib olduğumuz Vətən müharibəsində azərbaycanlı kimliyi milli mənsubiyyəti, etnik çərçivələri aşaraq, Prezident İlham Əliyevin ifadə etdiyi kimi bütün Azərbaycan xalqını bir dəmir yumruq kimi birləşdirdi. 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin dəmir yumruğunu böyük xalqımız, ulu millətimiz və bütöv, müstəqil Azərbaycanımız üçün daha güclü, daha yenilməz birlik, bütövlük, əzəmət və qələbə rəmzinə çevirdi!”.

Tədbir digər çıxışlarla və bədii kompozisiya ilə davam etdirilib.

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR