07 Dekabr 2024, Şənbə

Şənbə günü səhərin erkən saatlarıdır. Son illərdə bir sıra yerli və beynəlxalq tədbirlərə ev sahibliyi edən, ulu babalarımızın məğrurluq rəmzi sayılan Naxçıvanqala yenə geniş qapılarını tağbatağ açaraq eyni vaxtda onlarla insanı qarşılayır, öz qoynuna mehman edir. Biz də ənənəmizə uyğun olaraq növbəti əlamətdar hadisə- “Ailə təsərrüfatı məhsullarının satış yarmarkası” barədə təəssüratları öyrənmək üçün yolumuzu bu məkandan salırıq. Qala qapısından içəri daxil olan kimi ilkin müşahidələrimiz onu göstərir ki, kiçikdən-böyüyə hər kəs doğma diyarımızın bölgələrindən gətirilən, birlik, bərabərlik rəmzinə çevrilən ailə təsərrüfatlarının böyük zəhmət hesabına istehsal etdikləri ləziz təamlardan almağa can atır. 

 

Satış yarmarkasında bölgələr üçün ayrılmış, bir-birindən bənzərsizliyi və özünəməxsusluğu ilə seçilən pavilyonlar sıra ilə düzülüb, tanıtım lövhələri yerləşdirilib. İlk olaraq Culfa rayonundan gəlmiş zəhmətkeşlərin yaratdığı gözəlliyə doğru addımlayırıq. Piştaxtalarda xüsusi zövqlə qablaşdırılan məhsullar içərisində müxtəlif mürəbbələr, qovurmalar, şəfalı bitkilər, meyvə quruları, turşular, süd məhsulları, müalicəvi içkilər və Naxçıvan mətbəxinə xas adını sadalamadığımız neçə-neçə dadlı-tamlı təamları görmək olur. Öyrənirik ki, yarmarkada rayonun 41 ailə təsərrüfatçısı iştirak edir, onlar buraya ümumilikdə 250 növdə 6500 qablaşdırılmış məhsul çıxarıblar. Məhsul bayramının iştirakçısı, Culfa rayonunun Kırna kənd sakini Çiçək Bayramova ilə artıq bir neçə belə təmtəraqlı tədbirdə qarşılaşdığımızdan uzaqdan görən kimi təsərrüfatçını tanıyırıq. Yaxınlaşıb hal-əhval tuturuq. Deyir qızlarımla birlikdə əriştə, yarma, bulqur, çörək, südlü çörək, fətir, dastana, lavaş çeşidləri, mürəbbələr, lavaşa, cem, turşular, kompotlar, çaxırlar, gül suyu hazırlayırıq. Təsərrüfatçı ötən dövrdə quru meyvə sahəsində bir yenilik kimi ilk dəfə olaraq qovun və qarpız qurutmasını sınaqdan çıxarıb və uğurlu alınıb.

Ötən illər ərzində təsərrüfat fəaliyyətində bir sıra nailiyyətlər qazanan Çiçək xanım Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Avropa İttifaqı, Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” adlı layihə çərçivəsində muxtar respublikamızda keçirilən “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərində uğurla iştirak edib, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomu ilə təltif olunub. Bundan başqa 2018-ci ildə “Ailə təsərrüfatı məhsulları”, 2019-cu ildə isə “Kətə” festivallarında “Ən yaxşı məhsul” nominasiyası üzrə birinci yerə layiq görülüb. Ailə təsərrüfatının inkişafında fərqləndiyinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 7 mart tarixli Sərəncamı ilə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan Çiçək Bayramova minnətdarlıq hissi ilə danışır:  - Muxtar respublikada əmək adamlarının səmərəli fəaliyyəti üçün geniş imkanlar var, ailə təsərrüfatçıları daim diqqətdə saxlanılır. Belə təsərrüfatların inkişafı, bu sahəyə göstərilən dəstək bizi daha şövqlə çalışmağa sövq edir. Abad kəndlərimiz, rahat yollarımız var. Məhsullarımızı heç bir çətinlik çəkmədən bazara çıxara bilir, keçirilən festivallarda, yarmarkalarda iştirak edirik. İstehsal olunan məhsullarımızın nəfis şəkildə qablaşdırılması alıcı marağını, tələbatı daha da artırıb. İlbəil daha çox məhsulun istehsalına can atırıq. Əsas məqsədimiz ev şəraitində istehsal edilən konservləşdirilmiş meyvə-tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə nail olmaqdır. Son illərdə Naxçıvanda keçirilən belə tədbirlər biz təsərrüfatçılar üçün əsl stimul mənbəyinə çevrilib. Şəxsən mən özüm bu tədbirlər sayəsində istehsal etdiyim məhsulları geniş alıcı kütləsinə tanıdaraq böyük qazanc əldə etmişəm. Budəfəki yarmarkaya çıxartdığım 5 cür caxır, 9 növdə sirkə, müxtəlif turşu, kampot və mürəbbələrin artıq xeyli hissəsini sata bilmişəm. Deyim ki, bir sıra xəstəliklərin müalicəsində istifadə olunan gül suyu, cəviz sirkəsi, gilənar çaxırına böyük maraq vardır.  Var olsun dövlətimizi ki, biz təsərrüfat adamlarının əməyini lazımınca qiymətləndirir.

Müşahidələrimiz zamanı geniş alıcı kütləsinin toplaşdığı Ordubad rayonunun pavilyonu da diqqətimizi çəkir. Xüsusi zövqlə bəzənmiş piştaxtalardan birində məhsul seçimi edən iki nəfərə yaxınlaşıb həmsöhbət oluruq. Öyrənirik ki, Bakı şəhərindən anası İntizar xanımla Əshabi-Kəhfə ziyarətə gələn Ayna Rzayeva hərbi qulluqçudur. O, hazırda Laçın rayonunda xidməti vəzifəsini yerinə yetirir. Deyir ki, ziyarətgahda olanda, şəhərə gələnədək yolboyu diqqətimi çəkən əsas məqam hər yerdə hökm sürən təmizlik, səliqə-səhman oldu. Həftənin şənbə günüdür. Çox təqdirəlayiq haldır ki, insanlar bu gün evdə əyləşmək əvəzinə çıxıb yol kənarlarında, çalışdıqları idarələrin qarşısında ağaclara qulluq edir, təbiəti qorumağa can atırlar. Yarmarka keçiriləcəyini əvvəlcədən bildiyimiz üçün yolumuzu buradan saldıq. Ailə təsərrüfatı məhsullarının satışının təşkil edilməsi burada təsərrüfatçılıqla məşğul olanlara göstərilən diqqətdən xəbər verir. Naxçıvan nemətlərinin dadı dillər əzbəridir. Sədərəyin dəstənası, Ordubadın sucuğu, cəviz mürəbbəsi, quru meyvələrinin adı-sanı muxtar respublikadan kənarda da çəkilir. Elə biz də anamla bərabər bu məhsulların həm dadına baxdıq, həm də Bakıya aparmaq üçün satın aldıq. Buradakı qonaqpərvərliyə  də söz ola bilməz. Hansı stendə yaxınlaşırıq, “gəlin qonaq olun”,- deyirlər. Hərə öz əlindən gəldiyi qədər bizə köməklik göstərməyə çalışır. Bir sözlə, təmiz bir şəhərdə gəzir, hər addımbaşı hörmət, insanlıq görürsünüzsə, bilin ki, Naxçıvandasınız.

Naxçıvan şəhər stendi xeyli aralıdan meyvə cipsləri, sarımsaq, soğan tozları, qurudulmuş  borş  içliyi ilə diqqətimizi çəkir. Öyrənirik ki, şəhər sakini Kamran Kazımov bunları xüsusi diqqətlə hazırlayır. Deyir ki, soğan və sarımsaq tozlarını hazırlamaq üçün xeyli vaxt tələb olunur. Bunun üçün xüsusi qurutma cihazları almışıq. Bilirik ki, bu tərəvəzlər sağlamlığa çox xeyirlidir. Amma əsasən də uşaqlar bu tərəvəzin qatıldığı xörəyi yemək istəmir. Bu tozun fərqli xüsusiyyəti ondan ibarətdir ki, onu xörəyin tərkibinə qatanda iyi hiss edilmir. Müsahibim onu da qeyd edir ki, bu yeni bir istehsaldır.  Limonu və digər sitrus bitkilərini çips şəklində qurutmaqla bu şəkildə onları uşaqlara sevdiririk. Yarmarka vasitəsilə yeni məhsulları tanıtmaq imkanı qazanmışıq. Məhsullar maraqla qarşılanır, xeyli alıcı da toplamışıq. Yaradılan əlverişli şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm.

Müşahidələrimiz zamanı Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və “Nəqşicahan” Holdinq Şirkətlər Qurupunun dəstəyi, “YUGEN” Yaradıcılıq Agentliyinin təşkilatçılığı ilə muxtar respublikamıza səfər edən bolgerlər də tur proqramı çərçivəsində yarmarkada iştirak edtdiyinin şahidi oluruq. 60 ailə təsərrüfatçısı tərəfindən 15 növdə 5877 qablaşdırılmış məhsulun çıxarıldığı Babək rayonuna məxsus pavilyonun qarşısında onlardan biri bloger, peşəkar fotoqrafçı Fərqanə Quluzadə ilə söhbət edirik. Deyir ki, Azərbaycanın bir çox rayonlarında olsam da, Naxçıvana ilk dəfədir, səfər edirəm. Bu vaxta qədər Naxçıvan haqqında çox oxumuşam, çox eşitmişəm amma onu yaxından görmək bu günə nəsib imiş. Başdan-başa təbiət muzeyi olan bu torpağın insanları da gülərüz və mehribandır. Burada olduğumuz 5 gün müddətində bir-birindən maraqlı və yaddaqalan anların şahidi olduq. Ekskursiyalarımız çərçivəsində rəngarəng fotoşəkillər çəkərək öz şəxsi media hesablarımızda izləyicilərimizlə bölüşdük. Həqiqətən, Naxçıvan çoxlarının sevgi və rəğbətini qazanıb. Çox sevindirici haldır ki, bu diyar uzun illər blokada şəraitində yaşamasına baxmayaraq inkişaf edərək çiçəklənən dövrünü yaşayır. Bu gün də, səfərimiz çərçivəsində yolumuzu Naxçıvanqalada təşkil olunan “Ailə təsərrüfatları məhsullarının satış yarmarkası”ndan saldıq. Sizləri inandırım ki, buranın nemətləri tamamilə başqa dad-tamdadır. Qiymətlər də hər kəsin büdcəsinə uyğun olacaq şəkildə, sərfəlidir. Naxçıvanda şahid olduğum, gördüyüm hər bir şey xatirəmdə həmişəlik qalacaqdır. İnanıram ki, bundan sonra da Naxçıvan sevə-sevə, böyük həvəslə səfər etmək şansını ötürməyəcəyəm.

Turizm məkanları ilə həm yerli sakinlərin, həm də xarici qonaqların sevimli ünvanına çevrilən Şahbuz rayonunda son illərdə xeyli sayda ailə təsərrüfatları qurulub, zəhmətkeş şahbuzlular daxili bazarda məhsul bolluğu yaratmaq üçün səylə çalışırlar. Elə “Ailə təsərrüfatı məhsullarının satış yarmarkası”nda iştirak edən rayon təsərrüfatçılarının simalarındakı təbəssümdən bu məhsul bayramının onlar üçün də xeyir-bərəkətli, düşərli olduğu görünür. Yarmarkada rayonun 46 ailə təsərrüfatçısı iştirak edir, onların istehsal etdikləri 13 növdə 3876 qablaşdırılmış məhsul alıcı zövqünü oxşayır. Piştaxtalarda üzüm yarpağı, gavalı, heyva kompotları, müxtəlif turşular, ərik, tut, alça və iydə quruları, alça lavaşası, növbənöv şəfalı bitki quruları alıcıların böyük marağına səbəb olur. Öyrənirik ki, yarmarkada iştirak edən Şahbuz şəhər sakini Fəxrəntac Bağırova da muxtar respublikada uğur qazanan qadın ailə təsərrüfatçılarındandır. Cari ildə fəaliyyəti yüksək qiymətləndirilərək “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunan təsərrüfatçı piştaxtasına xüsusi zövqlə düzdüyü cürbəcür çeşidli məhsulları göstərərək deyir: - Şahbuzun dağları əsl şəfa mənbəyidir. Artıq uzun illərdir bu işlərlə məşğul olduğum üçün bu bitkilərin necə deyərlər dilinə yaxşı bələdəm, yığıb-qurutma, saxlama və istifadə qaydalarını gözəl bilirəm. Hər il torpaq oyanan dövrdən başlayaraq tez-tez ailə üzvlərimlə birgə dağlara, təpələrə üz tuturam. Yığdığımız ot bitkilərini günün altına sərir, oyan-buyana çeviririk ki, hər tərəfi qurusun. Məsləhət üçün deyim ki, faydalı otları səhərin erkən saatlarında yığmaq lazım deyil. Bunun üçün şeh qalxmağını gözləməlisən. Səhər saat 11-dən sonra yığılan otlar qaralmır, iyini və tərkibini də olduğu kimi saxlayır. Gördüyünüz bu otların hər birinin faydalı xüsusiyyətləri barədə öyrəndiklərimi alıcılara da izah edirəm. Məsələn, həmərsin böyrək iltihabını, qantəpər, əvəlik soyuqdəyməni aradan götürür. Yemişan çiçəyi qan-damar sistemi xəstəlikləri, gülxətmi astma-bronxial və öskürək üçün faydalıdır. Çobanyastığı iltihabın qarşısını alır, solmazçiçəyi öd və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Onu da bildirim ki, son illər Naxçıvanqala əkib-becərənlərin, məhsul bolluğu yaradanların sevimli məkanına çevrilib. Bu gün burada haraya baxsan, alın tərinin yaratdığı gözəllikləri görə bilərsən. Mən də hər il belə tədbirlərdə iştirak edir, dövlətimizin yaratdığı imkanlardan lazımınca bəhrələnirəm. Təsərrüfat adamları üçün yaradılan şəraitə, əməyimə verilən yüksək qiymətə görə dövlətimizə minnətdarlığımı bildirirəm.

Bloger Elçin Əmirovla Şərur rayonuna məxsus pavilyonun qarşısında alış-veriş məqamında həmsöhbət oluruq. “Çoxəsirlik tarixə malik olan Naxçıvan yaradıcı insanların, o cümlədən turistlərin marağında olan ideal məkandır”, - deyən müsahibimiz bildirir ki, Naxçıvan həqiqətən zəngin coğrafi mühiti, füsunkar təbiəti ilə buraya üz tutan hər kəsi özünə heyran qoyur. İlk dəfədir səfər etməyimə baxmayaraq heç bir yadlıq və özgəlik hiss etmirəm. Ekskursiya çərçivəsində Naxçıvanın bir çox görməli yerlərinə getdik. Qədim diyarın çoxəsirlik tarixini özündə yaşadan Möminə xatun türbəsi, Xan sarayı, Əlincəqala, zəngin təbiətin ən gözəl nümunəsi olan Batabat yaylağı, Ağbulaq İstirahət Mərkəzi başdan-başa təbiət möcüzəsidir. Hazırda iştirak etdiyimiz yarmarkanın təşkil olunduğu bu ünvanın - Naxçıvanqalanın da çox qədim tarixə malik olması haqqında xeyli məlumat əldə etdim. Görünən odur ki, Naxçıvanda aparılan yenidənqurma və abadlıq işləri sözün əsl mənasında şəhərlə yanaşı onun tarixi abidələrinin də simasını dəişib. Ümidvaram ki, növbəti səfərimdə bu diyara yaz mövsümündə gələ biləcəyəm.

Sərhəd bölgəmiz sayılan Sədərək rayonunda son illərdə xeyli sayda ailə təsərrüfatları formalaşıb. Yarmarkaya məhsul çıxaran Sədərək kənd sakini Həmzə İsmayılov beş ilə yaxındır ki, ailə təsərrüfatı yaradıb. O, 12 arı ailəsinə qulluq edir. Bununla yanaşı meyvə qurutma işini də gözəl bilir. Deyir ki, meyvələri öz bağlarından yığır, ehtiyac yarandıqda qonşulardan da satın alırlar. Təsərrüfat fəaliyyətini artırmaq üçün xüsusi olaraq meyvə qurudan aparat da alıblar. Müsahibimiz onu da bildirir ki, belə yarmarkaların təşkili həm məhsulları tanıtmaq baxımından həm də qazanc əldə etmək üçün çox yaxşı haldır: - Rayonumuzda hər cür imkan var. Kim istəsə öz ailə təsərrüfatını qurub qazanc əldə edə bilər. Dövlətimizin qayğısını hər an hiss edirik. Sədərəyi əhatə edən uca dağların başında sərhəddi qoruyan igidlərin sayəsində torpağımızı rahat şəkildə əkib-becərir, əmin-amanlıq içərisində yaşayırıq. Yarmarkaya gəldikdə isə meyvə qurularına maraq çoxdur, alıcı yetərincədir. Belə şəraiti yaradanlardan çox razıyıq.

Kəngərli rayonunun pavilyonu önündə qarşılaşdığımız bloger, fotoqraf Çinarə Ələkbərova deyir: Hər zaman arzu etmişəm ki, Naxçıvanı və naxçıvanlıları yaxından tanımaq fürsətim olsun. Çox şadam ki, hazırda iştirakçısı olduğum tur bu gözəl imkanı mənə verdi. Bu qədim məskənin zəngin tarixini özündə ehtiva edən bir-birindən maraqlı eksponatlar və abidələr özləri şahid olduqları tarixdən söhbət açır bizlərə. Hətta olduğum yerlərdən fotoları sosial şəbəkədə paylaşdıqda insanlar böyük bir maraqla qarşılayır Naxçıvanın hazırkı mənzərəsini. Bu naxçıvanlılarla yanaşı bizlərin də sevincinə səbəb olur. Çox şadıq, sevincliyik ki, Naxçıvan qısa zaman kəsiyində bu qədər inkişaf yolu keçərək qədimlik və müasirliyin çiyin-çiyinə adımladığı bir ünvana çevrilib. Bu gün isə “Ailə təsərrüfatı məhsullarının satış- yarmarkası”nda iştirak etməyimiz, düşünürəm ki, mənim kimi bir çox yoldaşlarımın marağına səbəb olur. Naxçıvanda olduğumuz bir-neçə gündə qonaqpərvərlik və səmimiyyət görürük.

“Ailə təsərrüfatı məhsullarının satış-yarmarkası”ndan qısa təəssüratlarımız bizə ulu babalarımızın dillər əzbəri olan “Ailə kiçik bir dövlətdir” fikrini xatırladır. Görünən odur ki, əgər bu kiçik dövlətin hər bir üzvü əl-ələ verib çalışsa, qazandığı uğurlarla həm özlərinin maddi vəziyyətini yüksəldər, həm də böyük, qüdrətli dövlətimizin daha da qüdrətlənməsinə, iqtisadiyyatının inkişafına əvəzsiz töhfələr bəxş edə bilərlər. Birlik, bərabərlik rəmzinə çevrilən “Ailə təsərrüfatı məhsullarının satış-yarmarkası”, buraya çıxarılan müxtəlif çeşidli məhsullar da bu istiqamətdə dövlətimizin həyata keçirdiyi tədbirlərin bəhrəsi, zəhmətkeş insanların timsalında dəyərli fikrin məntiqi nəticəsidir...

Məlumat üçün bildirək ki, “Ailə təsərrüfatı məhsullarının satış-yarmarkası”na muxtar respublika üzrə, ümumilikdə, 453 ailə təsərrüfatçısı tərəfindən 540 növdə 41 min 529 ədəd qablaşdırılmış məhsul çıxarılmışdı. Həmin məhsullar içərisində sərmayə kapitalı alan, evdar, eləcə də sağlamlıq imkanları məhdud istedadlı qadınların, eyni zamanda özünüməşğulluq proqramına cəlb olunan şəxslərin əl işləri də böyük alıcı marağına səbəb olmuşdu. Yarmarkada yerli sakinlərin, qonaqların mədəni istirahətinin təmini məqsədilə iaşə xidməti də təşkil edilmişdi.

Nail ƏSGƏROV

Ramiyyə ƏKBƏROVA

Məcid ƏKBƏROV

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR