06 Dekabr 2024, Cümə

Tarixin izi ilə

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın sosial-iqtisadi inkişafı, onun tarixinin və mədəniyyətinin öyrənilməsi həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə görüşündə Naxçıvanın rayonlarının tarixinin yazılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Arxeoloji araşdırmalar göstərir ki, Naxçıvan Azərbaycanın və Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. 

 

Naxçıvanın qərbində yerləşən Şərur rayonu da qədim mədəniyyətlərin beşiyi, mühüm mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır. Şərurun çoxtəbəqəli yaşayış yerləri qədim tariximizin öyrənilməsi üçün dəyərli mənbədir. Son illər aparılan araşdırmalar bu bölgənin Azərbaycan tarixinin öyrənilməsi üçün, xüsusilə əhəmiyyətli olduğunu təsdiq edir.
Şərur rayonunun arxeoloji tədqiqinə XX əsin 20-ci illərindən başlanmışdır. 1926-cı ildə Azərbaycanı öyrənən və tədqiq edən cəmiyyətin təşəbbüsü ilə Naxçıvanda, o cümlədən Şərur rayonu ərazisində araşdırmalar aparılmışdır. XX əsrin 30-cu illərində Şərur rayonunun bir neçə abidəsində, o cümlədən Şortəpə və Oğlanqalada kəşfiyyat xarakterli tədqiqatlar aparılmış, bu ilkin araşdırmalardan sonra Şərur abidələrinin öyrənilməsi yalnız kəşfiyyat xarakterli araşdırmalarla məhdudlaşdırılmışdır. Şərur rayonunun Dizə kəndi yaxınlığında yerləşən Ovçulartəpədən aşkar olunan əmək alətləri Şərurda insanların 500-300 min il bundan əvvəl məskunlaşdığını təsdiq edir.

1983-cü ildə M.M.Hüseynovun, 1987-1990-cı illərdə isə Ə.Q.Cəfərovun rəhbərliyi ilə Qazma mağarasında aparılan qazıntılar Şərurun ən qədim insan məskənlərindən biri olduğunu bir daha təsdiq etdi. Araşdırmalar zamanı müəyyən olundu ki, Qazma mağarasının Paleolit mədəniyyəti Cənubi Qafqaz və Yaxın Şərq ölkələri ilə qarşılıqlı iqtisadi-mədəni əlaqələr şəraitində inkişaf etmişdir. 1988-1989-cu illərdə Oğlanqalada V.B.Baxşəliyevin rəhbərliyi, Maxta Kültəpəsində isə V.H.Əliyev və S.H.Aşurovun rəhbərliyi ilə arxeoloji tədqiqat işləri aparıldı. 1993-cü ildə V.B.Baxşəliyevin rəhbərliyi ilə Şərur rayonunun yüzdən artıq abidəsi qeydə alınaraq “Şərurun arxeoloji abidələri” monoqrafiyasında ümumiləşdirilmişdir. Lakin Şərur abidələrinin geniş tədqiqinə Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra başlanmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin Azərbaycanın tarixi abidələrinə, o cümlədən arxeoloji abidələrin öyrənilməsinə olan diqqəti Azərbaycan abidələrinin tədqiqi üçün əlverişli şərait yaratdı. Azərbaycanın bütün regionlarında tarixi abidələrin araşdırılmasına başlanıldı. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tarixi abidələrimizin bərpası və tədqiqi ilə bağlı verdiyi sərəncamların, xüsusilə böyük əhəmiyyəti olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və qorunması işinin təşkili haqqında” Sərəncam Naxçıvanın, o cümlədən Şərurun tarixi abidələrinin tədqiqində yeni mərhələnin başlanğıcını qoymuşdur. Tədqiqatlar nəticəsində Şərur rayonu ərazisində 200-dən artıq abidə qeydə alınmış, rayonun folklorunun və etnoqrafiyasının öyrənilməsi sahəsində mühüm addımlar atılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və yaxından köməkliyi ilə Naxçıvanın bir çox abidələrində araşdırmalar başlanmış, müxtəlif rayonların, o cümlədən Şərurun arxeoloji abidələrinin tədqiqi davam etdirilmişdir. Qeyd etmək lazımdır ki, 2008-ci ildə Azərbaycanda fəaliyyət göstərən 33 ekspedisiyanın 10-u, üç beynəlxalq ekspedisiyanın isə ikisi Naxçıvanda işləmişdir. Naxçıvanın müxtəlif bölgələrində yerləşən abidələrdən Qazma, Ərəbyengicə, Ovçulartəpə, I Maxta Kültəpəsi, Plovdağ, II Kültəpə, Şahtaxtı, Dizə kurqanları, Sumbatan, Oğlanqala, Meydantəpə və digərlərində araşdırmalar aparılmışdır. Bu abidələrimizin öyrənilməsi dövlət qayğısının ən parlaq ifadəsidir.
Naxçıvanda beynəlxalq ekspedisiyalar, əsasən, Şərur və Babək rayonları ərazisində işləmişdir. Bu heç də təsadüfi deyildir. Naxçıvanın digər bölgələrində yerləşən abidələri müəyyən dərəcədə tədqiq edilsə də, Naxçıvanın ən qədim bölgələrindən biri olan Şərurun abidələri geniş tədqiqatlarla öyrənilməmişdir. Aparılan araşdırmalar göstərir ki, erkən əkinçilik və maldarlıq mədəniyyətlərinin formalaşmasında, habelə Azərbaycanın Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrində bu regionda yerləşən abidələrin böyük əhəmiyyəti olmuşdur. Belə bir faktı, xüsusilə qeyd etmək lazımdır ki, Eneolit dövrünün sonu və Kür-Araz mədəniyyətinin başlanğıcını əks etdirən abidələr başlıca olaraq Şərur rayonu ərazisində toplanmışdır. Ovçulartəpə, Ərəbyengicə, Xələc bu abidələr sırasına daxildir. Bu abidələrin tədqiqi uzun illərdən bəri dünya tədqiqatçılarını düşündürən problemlərin həll olunması, xüsusilə Kür-Araz mədəniyyətinin mənşəyinin araşdırılması üçün olduqca əhəmiyyətlidir.
Belə abidələrdən biri də Ovçulartəpə yaşayış yeridir. İlkin araşdırmalar göstərir ki, Ovçulartəpədə aşkar olunan mədəniyyətin izləri qərbdə Şərqi Anadoluya, cənubda Urmiya hövzəsinə, şərqdə Mil düzünədək uzanır. Böyük bir regionda formalaşan qədim mədəniyyətlər arasındakı bənzərlik iqtisadi-mədəni əlaqələrin və kommunikasiya sisteminin inkişaf etdiyini göstərir.

2008-ci ildə Şərur rayonunda araşdırılan abidələrin biri də Ərəbyengicə yaşayış yeridir. Tədqiqatlar zamanı yaşayış yerindən Eneolit və Kür-Araz mədəniyyətinə aid maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Aşkar edilən arxeoloji materialların təhlili keramika nümunələrində Eneolitdən Kür-Araz mədəniyyətinə keçidi izləməyə imkan vermişdir. Ovçulartəpə və Ərəbyengicədən aşkar olunan arxeoloji materiallar Arazdan cənubda yerləşən Azərbaycan abidələri, xüsusilə Mərənd ətrafında aşkar olunan abidələr və Urmiya rayonunun abidələri ilə yaxın bənzərlik təşkil edir. Şərur abidələrində olduğu kimi, Urmiya və Mərənd abidələrində Eneolit təbəqələri Kür-Araz mədəniyyətinə aid maddi mədəniyyət qalıqları ilə örtülmüşdür. Faktlar Naxçıvan da daxil olmaqla Azərbaycanın cənub bölgələrinin Kür-Araz mədəniyyətinin əsas yaranma ocaqlarından biri olduğunu göstərir.
2014-2019-cu illərdə Qızqala yaşayış yerində aparılan araşdırmalar III minilliyin sonu və II min­illiyin əvvəlində Yaxın Şərq və Cənubi Qafqazdakı siyasi hadisələrlə bağlı olaraq Arpaçay vadisində və Şərur ovalığında yerləşən tayfaların müdafiə məqsədilə qalalar inşa etdiyini göstərir. Qızqalada aparılan araşdırmalar Orta Tunc dövrü Boyalı qablar mədəniyyətinin Naxçıvanda meydana çıxdığını deməyə imkan verir. Qızqalada aparılan arxeoloji araşdırmalar eradan əvvəl III minilliyin sonlarından başlayaraq Naxçıvanda şəhər-dövlətlərin yarandığını təsdiq etmişdir. 2008-ci ildə Oğlanqalada aparılan tədqiqat işləri Naxçıvan ərazisində dövlətçilik ənənələrinin uzun müddət davam etdiyini göstərdi. Tədqiqat zamanı Oğlanqaladan aşkar olunan mixi yazılar bu yaşayış yerinin mühüm inzibati və siyasi mərkəz olduğunu göstərmişdir. Aparılan araşdırmalar zamanı Oğlanqalanın ətrafında Dəmir dövrünə aid bir neçə yaşayış yeri və qəbiristanlığın aşkar olunması bunu bir daha təsdiqləmişdir. Araşdırmalar göstərir ki, eradan əvvəl II minilliyin sonlarından Oğlanqala ətrafında məskunlaşan qədim tayfalar I minilliyin əvvəllərində şəhər-dövlətin əsasını qoymuşlar. Şübhəsiz ki, müdafiə tədbirlərinin görülməsi Azərbaycanın qonşuluğundakı Assuriya və Urartu dövlətlərinin basqınları ilə bağlı olmuşdur. Bu dövrdə Naxçıvanda Qız qalası, Sədərək qalası, Çalxanqala, Qazançı qalası, Şahtaxtı qalası və digər mühüm müdafiə istehkamları da tikilmişdir.
Aparılan araşdırmalar zamanı Şərur rayonunda məskunlaşan qədim tayfaların ictimai quruluşu və həyat tərzi ilə bağlı xeyli maddi mədəniyyət nümunələri aşkar edilmiş, bölgənin tarixini ardıcıllıqla izləmək mümkün olmuşdur.

Şübhə etmirik ki, gələcək araşdırmalar zamanı Şərur ovalığında yeni abidələr aşkar olunacaqdır. Bu regionda yerləşən abidələrin tədqiqi yalnız Azərbaycan tarixinin öyrənilməsi üçün deyil, həmçinin Yaxın Şərq mədəniyyətlərinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Yaxın Şərq tarixinin bir sıra problemləri Naxçıvan abidələri araşdırılmadan həll edilə bilməz. Tarixboyu Şimalla-Cənub, Şərq-Qərblə arasında mühüm strateji məntəqə və körpü rolunu oynayan Naxçıvan qədim mədəniyyətlərin və tarixi hadisələrin də sirlərini özündə yaşatmaqdadır.

Vəli Baxşəliyev
AMEA-nın müxbir üzvü

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR