Azərbaycan uzun illərdir ki, Ermənistan və onun tərəfdarları ilə informasiya müharibəsi aparır. Belə təəssürat yaranır ki, bu illər ərzində erməni təbliğatı nəinki “qədim qonşularımıza rəğbət bəsləyənləri”, həm də Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistana məxsus olması, qondarma “erməni soyqırımı”nın mövcud olması barədə yalanların və digər dezinformasiyanın təsiri altına düşmüş bitərəf şərhçiləri də özünün haqlı olduğuna inandıra bilib. Lakin Azərbaycan rəhbərliyinin fəaliyyəti, müxtəlif hökumət layihələrinin həyata keçirilməsi, Azərbaycan diplomatlarının səyləri, habelə Azərbaycan diasporunun bütün dünyada apardığı fəal iş sayəsində son illərdə vəziyyət əsaslı surətdə dəyişməyə başlayıb. Əgər bir vaxtlar hər hansı ermənipərəst ictimai xadim tribunaya çıxıb Azərbaycan, o cümlədən Dağlıq Qarabağ münaqişəsi haqqında yalan məlumatı rahat şəkildə yaya bilirdisə, indi daha belə imkan yoxdur və yalançıların çoxu bu və ya digər tədbirdə azərbaycanlıların sərt reaksiyası ilə üzləşir.
Əslən Azərbaycanın Dağlıq Qarabağ regionundan olan Arzu Məmmədova da xalqımızın məhz belə erməni təbliğatını ifşa edən gənc elçilərindən biridir.
Arzu Kaliforniya ştatında tanınmış rusiyalı jurnalist Vladimir Poznerin iştirakı ilə keçirilən tədbirdə şərh və sualla çıxış edərək ermənipərəst Pozneri sözün həqiqi mənasında çıxılmaz vəziyyətə salıb. Arzu bildirib ki, əslən Qarabağdandır. O, Azərbaycanı auditoriyaya tanıtmaq üçün deyib ki, ölkəmizdə bir çox xalqların və dini icmaların nümayəndələri sülh və həmrəylik şəraitində yaşayır və burada heç vaxt ayrı-seçkilik, o cümlədən yəhudilərə münasibətdə ayrı-seçkilik olmayıb. Dağlıq Qarabağ beynəlxalq miqyasda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisi kimi tanınıb. O deyib ki, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal, tam və qeyd-şərtsiz azad edilməsinə dair tələblər var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistanın özü Dağlıq Qarabağın müstəqilliyini tanımır. Azərbaycanlılar və ermənilər uzun illər Dağlıq Qarabağda yanaşı yaşayıblar. Bakının mərkəzindəki erməni kilsəsi indiyədək toxunulmamış qalır. Azərbaycan ərazilərini işğal etmiş Ermənistan etnik təmizləmə və Suriyadan erməni mənşəli qaçqınların işğal edilmiş ərazilərə köçürülməsi yolu ilə demoqrafiyanın dəyişdirilməsi prosesini davam etdirir. Qarabağ haqqında ətraflı və dürüst məlumat verilməsinin nə ilə nəticələnəcəyini başa düşən Pozner bir neçə dəfə Arzunun sözünü kəsməyə cəhd göstərərək, ondan öz sualını verməyi tələb edib.
Arzu Məmmədova deyib ki, beynəlxalq miqyasda qəbul edilmiş belə bir fakt var: jurnalistlər, xüsusən də Vladimir Pozner səviyyəli jurnalistlər öz sözlərində və mövqeyində qərəzsiz olmalıdırlar. “Ermənistanı dəstəkləməklə, qadınların və uşaqların qatillərini alqışlamaqla, siz, məcburi köçkün vəziyyətinə düşmüş minlərlə azərbaycanlının, o cümlədən mənim və ailəmin hüquqlarını tapdalayırsınız”, - deyən Arzu söz azadlığı ilə qərəzli fikirlər arasındakı sərhədi izah etməyi Poznerdən xahiş edib.