“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları və könüllülərdən ibarət səyyar xidmət qrupu Şərur Rayon Mədəniyyət Şöbəsinin inzibati binasında olublar. Onlar dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin və AMEA Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması, eləcə də müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqələrdə vətəndaşların iştirakını təmin etmək məqsədilə qeydiyyatdan keçməkdə çətinlik çəkənlərə operativ köməklik göstəriblər.
Könüllülər təlimlər zamanı əldə etdikləri bilikləri xidmətdə tətbiq edərək Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşının müşayiəti ilə vətəndaşlardan müsabiqədə iştirak etmək üçün lazımi sənədləri qəbul edib, həmin sənədlərin düzgünlüyünü yoxlayaraq onların surətlərini şəxsi kabinetə yükləyib və qeydiyyatdan keçməklə müsabiqələrdə iştiraklarını təsdiq ediblər. Gün ərzində 7 nəfərə səyyar elektron xidmət göstərilib.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın həyata keçirdiyi xidmət müsabiqələrin sənəd qəbulunda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.
Onu da qeyd edək ki, layihənin birinci mərhələsində sənəd qəbulu zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılması, vaxt və maliyyə itkisinin qarşısının alınması məqsədilə rayonlarda yaşayan, elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın inzibati binasına gələ bilməyən 72 vətəndaşa da səyyar elektron xidmət göstərilib.
Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq səyyar dövlət qulluğu xidmətinin növbəti ünvanı bu gün Şahbuz rayonu olacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti