Argentinanın Buenos-Ayres şəhərindəki Beynəlxalq Münasibətlər Mərkəzində (BBMM) Azərbaycan multikulturalizmi modelinə həsr edilən dəyirmi masa təşkil olunub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildiriblər ki, dəyirmi masada alimlər və dövlət rəsmiləri iştirak ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycanın Argentinadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə BBMM-in əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İrina Kunina ölkəmizdəki etno-mədəni və konfessional müxtəliflikdən, multikulturalizmin Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi həyata keçirilməsindən, eləcə də “Bakı Prosesi”, mədəniyyətlərarası və dinlərarası dialoqda Azərbaycanın oynadığı qlobal roldan bəhs edən təqdimatla çıxış edib. Tədbirdə, həmçinin gələcək təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq istiqamətləri də müzakirə olunub.
Eyni məzmunlu tədbir Argentinanın Salvador Universitetində də təşkil olunub. Latın Amerikası ölkələrində silsilə şəklində davam edən Azərbaycan multikulturalizminin tədrisi, seminar və dəyirmi masalar ölkəmizin multikultural ənənələrinin dünyada tanıdılmasında mühüm rol oynayır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin bu istiqamət üzrə fəaliyyəti gələcəkdə də davam etdiriləcək.
AZƏRTAC