ABŞ-ın Nümayəndələr Palatası 1915-ci il hadisələrini erməni “soyqırımı” kimi tanıyan 296 saylı qətnamə qəbul edib. Konqresdə bu məsələ işə bağlı müzakirələr ərəfəsində Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıc qətnamənin Türkiyə ilə Birləşmiş Ştatlar arasında siyasi münasibətlərə xələl gətirəcəyi barədə xəbərdarlıq edib. Qətnamənin müəllifləri Kaliforniya və Floridadan olan konqresmenlər Adam Şiff və Qus Bilirakisdir.
Böyük səs çoxluğu ilə (lehinə 405, əleyhinə 11) qəbul edilmiş qətnamənin məcburi hüquqi qüvvəsi yoxdur. Nümayəndələr Palatası 1984-cü ildə də analoji qərar qəbul edib.
Bir çox siyasi icmalçılar hesab edirlər ki, sözügedən qətnamə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında “Sülh çeşməsi” əməliyyatına başlamasından sonra Türkiyə hökumətinə təzyiqin gücləndirilməsi məqsədi daşıyır. Erməni lobbisinin qatı tərəfdarlarından biri olan konqresmen Adam Şiff Konqresdə açıq şəkildə bəyan edib ki, qətnamənin qəbul edilməsi Türkiyə ordusunun Suriyaya girməsi ilə əlaqədardır. ABŞ-da 200 minlik erməni icmasının maraqlarını təmsil edən və Los-Ancelesdə yaşayan bu konqresmen on illərdir ki, hökuməti qondarma “soyqırımını” tanımağa sövq edirdi, lakin NATO-nun müttəfiqi olan Türkiyə hökumətinin güclü mövqeyi qarşısında aciz qalmışdı.
Bir neçə konqresmen, o cümlədən Nümayəndələr Palatasının Texas ştatından olan üzvü Maykl Bercess belə bir sualla müraciət edib ki, Konqresin daha təxirəsalınmaz işləri, o cümlədən Amerika hökumətinin maliyyələşdirilməsinə dair müddəti noyabrın 21-də başa çatan məsələlər olduğu halda palatanın 100 il əvvəl baş vermiş hadisələrlə bağlı mütləq qaydada qətnamə qəbul etməyə tələsməsi nə ilə bağlıdır.
ABŞ Senatında senatorlar Robert Menendes və Ted Kruzun təqdim etdikləri 150 saylı analoji qətnamə də müzakirəyə çıxarılacaq.
Qondarma “erməni soyqırımı”nın Nümayəndələr Palatasındakı tərəfdarlarının XX əsrin əvvəllərində Anadoluda və Cənubi Qafqazda 2 milyondan çox türkü qətlə yetirmiş erməni quldur dəstələrinin vəhşiliklərini bir dəfə də olsun qeyd etməməsi təəccüblü deyil. Ermənipərəst konqresmenlər yaxın keçmişdə Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhalinin məhv edilməsi barədə də danışmaq istəmirlər.
Xatırladaq ki, 1988-1994-cü illərdə erməni təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğalını pisləyən və onların bu əraziləri dərhal və qeyd-şərtsiz tərk etməsini və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını tələb edən 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul edib. 2008-ci ilin martında BMT Baş Assambleyasında beynəlxalq ictimaiyyətin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə dəstəyini bir daha təsdiq edən 62/243 saylı qətnamə qəbul olunub.
Müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar BMT Təhlükəsizlik Şurasının bu qətnamələri əsasında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən onlarla yeni qətnamə qəbul ediblər. Lakin Ermənistan Azərbaycan torpaqlarının işğalını davam etdirir və BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton