Qırğızıstanın paytaxtı Bişkek şəhərində ABŞ-ın Brigham Young Universitetinin Hüquq və Din üzrə Beynəlxalq Mərkəzi, Qırğızıstan-Rusiya Slavyan Universiteti nəzdində fəaliyyət göstərən UNESKO-nun Dünya Dinləri və Mədəniyyətləri Kafedrası və Dini Araşdırmalar üzrə Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Postsovet məkanında dünyəvilik, sekulyarlıq və din: tarixi, hüquqi və fəlsəfi dünyagörüşünün aspektləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, konfransda dünyəvilik və sekulyarlıq anlayışları, onların əsasları, dinin siyasi ideoloji konteksti, dövlət-din münasibətləri, radikallaşma və ekstremizm kimi mövzular müxtəlif hüquqi, tarixi və fəlsəfi prizmalardan müzakirə edilib, postsovet ölkələrinin bu sahələrdəki elmi və praktiki təcrübələrinə dair məruzələr dinlənilib.
Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Ukrayna, Belarus, Qazaxıstan və digər ölkələrdən nümayəndələrin qatıldığı konfransda Azərbaycanı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Rəhim Rəhimov təmsil edib.
R.Rəhimov “Dünyəvilik prinsipi və onun postsovet məkanındakı dövlətlərdə reallaşdırılması” mövzusunda keçirilən plenar sessiyada “Multikulturalizmin Azərbaycan modeli: nəzəriyyə və praktika” adlı məruzə ilə çıxış edib. Məruzədə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi uğurla həyata keçirilən multikulturalizm siyasətinin nadir xüsusiyyətlərindən bəhs olunub. Azərbaycanın multikulturalizm modelinin Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə həm dövlət siyasəti, həm də həyat tərzi olması konfrans iştirakçıları, xüsusən də Şimali Amerika və Avropadan olan nümayəndələr tərəfindən böyük maraqla qarşılanıb.
Rəhim Rəhimov məruzəsində akademik Kamal Abdullanın, professor Etibar Nəcəfovun və elmlər doktoru Rəvan Həsənovun elmi təhlil və fikirlərinə istinad edib.