Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hazırlanan “startup.nakhchivan.az” internet portalının təqdimatı olub.
“Naxçıvan” Universitetində keçirilən tədbirdə əvvəlcə Naxçıvan televiziyasının hazırladığı “Startap layihələri və innovativ inkişaf” filmi nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid tədbirdəki çıxışında muxtar respublikamızda elm və təhsilin yeni standartlar çərçivəsində innovativ inkişafına yaradılan şəraitdən danışaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı, ümumilikdə, təhsil sahəsində yeni islahatların tətbiqinin əsasını qoyub. Bu sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənib, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət edib, gənclər tərəfindən irəli sürüləcək yeni startaplar üçün münbit zəmin hazırlayıb.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə muxtar respublikanın təhsil tarixində yeni bir dövrün başlanğıcı qoyulub. Həmin sərəncamla, ümumilikdə, 109 ixtisas və 1 lisey 36 təşkilata hamiliyə verilib. Sərəncamda “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin – startapların həyata keçirilməsi nəzərdə tutulub”, – deyən Surə Seyid vurğulayıb ki, bu tarixi qərar kadr potensialının inkişafı ilə yanaşı, gənclərin istedadlarının üzə çıxarılması, ideyaların reallaşması və startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır.
Diqqətə çatdırılıb ki, “Startap Naxçıvan” hərəkatı muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaqla istedadlı gənclərin üzə çıxarılmasına, onların nailiyyətlərinin yeni sistemin tələblərinə uyğun qiymətləndirilməsinə, yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələrin aşkarlanmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək məqsədi daşıyır. İnnovativ təhsil mühiti müəllimlərə də öz üzərində işləməklə peşəkarlıqlarını artırmağa və sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradır.
Bildirilib ki, ötən dövr ərzində ali və orta ixtisas təhsili müəssisələrində layihələrin hazırlanmasına dəstək verən İnnovasiya laboratoriyaları yaradılıb, hami təşkilatlarla birgə maarifləndirici təbirlər həyata keçirilib, ekspert qrupları formalaşdırılıb, onların elektron məlumat bazası yaradılıb. Bununla yanaşı, startapla bağlı maarifləndirici bukletlər, tədris vəsaiti hazırlanıb. Startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdıran internet portalı da yaradılıb.
Vurğulanıb ki, “Startap Naxçıvan” hərəkatı gələcəyə hesablanmış dövlət proqramı olmaqla, kadr hazırlığı sistemində akademik hazırlığın təcrübə ilə əlaqəsinin vəhdətinə və kadrların gələcək karyera imkanlarına ən etibarlı təminatdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri əminliyini bildirib ki, sərəncamdan irəli gələn vəzifələrin icrası və “startup.nakhchivan.az” portalının istifadəyə verilməsi muxtar respublikada innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsində, gənclərin startap layihələrinin dəstəklənməsində və yeni biznes sahələrinin formalaşmasında əhəmiyyətli rol oynayacaqdır.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov çıxışında qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hələ 2014-cü il 20 iyun tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam ilə muxtar respublikada elektron təhsil infrastrukturunun inkişafı və təhsildə müasir texnologiyaların tətbiqi yeni müstəviyə keçirilib. Muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələri təmin edən müasir elektron təhsil sistemi istifadəyə verilib. Hazırda muxtar respublika üzrə 236 elm və təhsil müəssisəsi, 17 muzey “İnteraktiv təhsil sistemi”nə qoşulub, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil sistemi qurulub.
Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin bütün korpuslarına və tələbə yataqxanalarına optik kabel xətləri çəkilib, daxili kompüter şəbəkələri qurulub. Hazırda Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzi fəaliyyət göstərir. Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Texniki və Tibb kolleclərində də müvafiq infrastrukturlar yaradılıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamı artıq başlanmış işlərin konkret nəticələrə çevrilməsinə əhəmiyyətli töhfə olub. Sərəncamın icrası ilə əlaqədar nazirlikdə işçi qrupu yaradılıb, Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi ilə birlikdə hami təşkilatların təklifləri də nəzərə alınmaqla portalın funksional iş prinsipləri müəyyən edilib. Tərtib olunmuş alqoritmlər əsasında nazirliyin işçi qrupu tərəfindən proqram təminatı hazırlanıb. Portal, ümumilikdə, 20 moduldan və 9 verilənlər bazasından ibarətdir. Burada həm startapçılar, həm hami təşkilatlar, həm də investorlar üçün müvafiq imkanlar yaradılıb, bütün iş prosesinə mərkəzi nəzarət və idarəetmə mexanizmi qurulub. Həmçinin portalda rəsmi sənədlər, startap haqqında məlumatlar, startapçı olmaq üçün tələblər, layihələrin təqdimedilmə qaydaları və digər məlumat bölmələri nəzərdə tutulub. Burada qeydiyyatdan keçərək portalın aktiv istifadəçisi kimi forumların iştirakçısı olmaq, yeni layihəni təqdim etmək, məsləhət almaq, hami təşkilatların internet resurslarına keçid edib onlarla birbaşa interaktiv əlaqə yaratmaq, investor olmaq, hər hansı işin ən innovativ həlli və digər məsələlərlə bağlı imkanlar yaradılıb. Portalın arxivinin və bazalarının getdikcə genişlənəcəyi nəzərə alınaraq bu məqsədlə server alınıb, portala “startup.nakhchivan.az” domen adı verilib.
Rövşən Məmmədov çıxışının sonunda muxtar respublikada tələbələrin innovativ təşəbbüslərinin formalaşmasına göstərdiyi dəstəyə və yaradılan hərtərəfli şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şöbə müdiri, işçi qrupunun üzvü Hüseyn Əsgərli internet portalının texniki imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbir diskussiya şəraitində davam etdirilib, suallar cavablandırılıb və təkliflər səsləndirilib.
Rauf KƏNGƏRLİ