Oktyabr 30-31-də İtaliyanın paytaxtı Roma şəhərində Mədəni Mülkiyyətin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin (İKKROM) Baş Assambleyasının 31-ci sessiyası keçirilib. Sessiyada Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədovanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Nazirlikdən bildirilib ki, Baş Assambleyanın sessiyaları iki ildə bir dəfə Roma şəhərində baş tutur və tədbirə üzv dövlətlərin hökumət nümayəndələri, eləcə də mədəni mülkiyyətin qorunması və bərpası ilə məşğul olan mütəxəssislər qatılır. Baş Assambleya İKKROM-un ümumi prinsiplərinin müəyyən edilməsi, iş və büdcə proqramının təsdiq edilməsi, maliyyə qaydalarının qəbulu, həmçinin Şura və Katibliyin fəaliyyəti ilə bağlı hesabatların və Nizamnaməyə dəyişikliklərin təsdiq edilməsi kimi mühüm funksiyaları yerinə yetirir.
Əsas mövzusu “Mədəni irsin dekolonizasiyası” olan builki Assambleyada İKKROM-un 2020-2021-ci illər üzrə İş və Büdcə Proqramları təsdiq edilib, həmçinin İKKROM-un Şurasına 12 yeni üzv seçilib.
Xəbərlər şöbəsi