Zəngin təbii sərvətlərə, füsunkar təbiətə malik olan Zəngilan rayonu 26 il bundan əvvəl təcavüzkar Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilib. 1993-cü il oktyabrın 29-da rayonu bütün istiqamətlərdən mühasirəyə alan düşmən ikinci Xocalı soyqırımı törətməyə cəhd göstərsə də, ulu öndərimiz Heydər Əliyevin tapşırığına əsasən Araz üzərində qurulmuş su bəndinin bağlanması və beləliklə, çayın suyu azaldığına görə əhalinin maneəsiz bir şəkildə İran İslam Respublikasının ərazisinə keçməsi düşmənin bu xain planının qarşısını alıb.
İşğala məruz qalan ən sonuncu rayonumuz olan Zəngilan həm də Bakı-Culfa-Naxçıvan dəmir yolunun üzərində yerləşdiyi üçün mühüm strateji əhəmiyyətə malik idi. Bu yurd yerimizi işğal edən ermənilər qədim diyarla ana torpağımız arasında coğrafi məsafəni daha da artırmış oldular. Yəni digər rayonlarla bərabər, Zəngilanın işğalı da Naxçıvan Muxtar Respublikasını blokadada saxlamaqla bağlı məkrli siyasətin tərkib hissəsi idi.
Qarabağ savaşında Zəngilan rayonundan 235 nəfər şəhid və itkin düşüb, 127 nəfər sağlamlığını itirib. Bunlar cismani itkilərdir. Mənəvi itkilər isə bundan az deyil. Yurd itkisinin doğurduğu məhrumiyyətlərdən, göynərtilərdən indiyədək yüzlərlə soydaşımız dünyasını dəyişib.
İşğal nəticəsində, təqribi hesablamalara görə, ölkəmizə həmin dövrün rəqəmləri ilə 1 milyard 390 milyon ABŞ dolları məbləğindən çox ziyan dəyib. Həmçinin erməni vandalları tərəfindən 10 mühüm tarixi abidə dağıdılıb. Onlar arasında Məmmədbəyli türbəsi (XIII əsr), Şərifan sərdabəsi (XII əsr), Hacallı dairəvi bürcü (XIV əsr), Yenikənd sərdabəsi (XIV əsr), Bartaz Qız qalası (XIII əsr) və digər əhəmiyyətli abidələr də var idi. Arxeoloji abidələrdən ən böyüyü isə “Şəhri Şərifan” adı ilə tanınan orta əsr şəhərinin xarabalıqlarıdır.
Azərbaycanın bu dilbər guşəsi həm tarixiliyi, həm də coğrafi mövqeyi, torpağı, iqlimi ilə seçilir. Avropada birinci, dünyada ikinci olan Çinar meşəsi də məhz Zəngilanda idi. Ermənilər tarixi abidələrimiz kimi meşələrimizi də məhv edir, çinarları doğrayaraq xarici ölkələrə satırlar. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğunun artıq viran edildiyi öz təsdiqini tapıb.
Bu rayonumuzda 2270 metr hündürlüyündəki Şükrətaz dağı, çiyin-çiyinə dayanan Əsgülüm, Susənin zirvələrinə qədər uzanıb gedən dağ silsilələri, meşələr, ormanlar qızmar yay günlərində insanların istirahət guşələri idi. Dağ ətəklərinin can dərmanı olan zoğalı, əzgili, qaragiləsi, böyürtkəni, narı, alçası, armudu, fındığı, cəvizi sakinlərin həm də gəlir mənbəyi idi. Rayonda zəngin yeraltı sərvətlər vardır. Qızıl, qara mərmər yataqları, təbaşir çöküntüləri, əhəng xammalı, tikinti daşı və sair bu gün düşmən tərəfindən talan edilir...
Rayon 1930-cu ildə yaradılıb. Ərazisi 707 kvadratkilometr, əhalisi isə 35 mindən çox olub. Bölgənin iqtisadiyyatının əsasını kənd təsərrüfatı – üzümçülük, tütünçülük və heyvandarlıq təşkil edib. İşğal olunmazdan əvvəl Zəngilanda bir şəhər, bir qəsəbə və 83 kənd var idi.
Ümummilli liderimizin səyi ilə ötən əsrin 70-ci illərində Ağ oyuq hidrokompleksinin istifadəyə verilməsi Zəngilanın kənd təsərrüfatına yeni nəfəs gətirib. Bu səbəbdən suvarılan əkin sahələri genişlənib, məhsuldarlıq dəfələrlə artıb. Yeni təsərrüfat sahəsi olan üzümçülük böyük gəlir gətirməyə başlayıb. Arıçılıq, balıqçılıq təsərrüfatları yaradılıb. Tütünçülük, heyvandarlıq, taxılçılıq yeni təməllər üzərində intensiv qaydada inkişaf etdirilib. Bütün bunlar istehsal gücü 30 min tona çatan 2 şərab zavodunun, 1 milyon şərti banka istehsal edən konserv zavodunun, çörək zavodunun inşasına səbəb olub. Rayonda 2 toxuculuq kombinatı fəaliyyətə başlayıb, 1 çınqıl, 2 asfalt zavodu, mərmər, əhəng sexləri yaradılıb.
1969-1982-ci illərdə əhalinin gün-güzəranı xeyli yaxşılaşıb. Xüsusən sadə zəhmət adamları həyat, məişət şəraitini müasirləşdirib, yeni evlər, mülklər tikiblər. Rayon əhalisinə 200 çarpayılıq xəstəxana və şəhər poliklinikası xidmət göstərib. Eləcə də iki 50 və iki 25 çarpayılıq kənd xəstəxanaları, 46 feldşer-mama məntəqəsi, 5 kənd ambulatoriyası, 125 çarpayılıq Mincivan Dəmiryol Xəstəxanası əhalinin xidmətində idi.
Zəngilanda 66 məktəb, 300 nəfər kontingenti olan texniki-peşə məktəbi, eləcə də qiyabi orta məktəb, 28 uşaq bağçası fəaliyyət göstərib. Rayonun geniş mədəniyyət müəssisələri şəbəkəsi var idi: 50 kitabxana, 9 mədəniyyət evi, 39 klub, 7 səyyar avtoklub, 21 kinoqurğu, 3 tarix-diyarşünaslıq muzeyi, 4 musiqi məktəbi və sair.
Bu yurd yerimiz həm də öz qədimliyi ilə seçilir. “Zəngilan” toponimi də onun qədim türk yurdu olduğunu təsdiqləyir. Belə ki, oğuz-türk boylarından biri olan və tarixdə böyük dövlətlər yaratmış zəngi tayfalarının Azərbaycanla bağlılığı heç kəsə sirr deyil. Adları əski mənbələrdə “sanqi” şəklində qeyd edilmiş zəngilər, əsasən, Qərbi Azərbaycanda – İrəvan mahalı ərazisində yaşayıblar. Zəngibasar bölgəsi, Zəngi çayı, Zəngilər kəndi də bu soyun adını yaşadan toponimlərdəndir. Haqqında bəhs etdiyimiz Zəngilan rayonunun adı da həmin qədim oğuz boyunun adından götürülüb və “Zəngilan” şəklində müasir dövrümüzə gəlib çıxıb.
Bu gün ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını xüsusi diqqətdə saxlayan Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını üstün tutur. Dövlət başçısı ölkəmizin qəti mövqeyini, dəyişməz siyasətini belə ifadə edib: “... Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
2016-cı ildə Aprel, 2018-ci ildə isə Günnüt zəfəri bir daha sübut etdi ki, bəli, o gün uzaqda deyil. Biz Azərbaycan torpaqları üzərində ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcək və yenidən işğal olunmuş torpaqlarımıza, o cümlədən Zəngilana qayıdacağıq! O gün uzaqda deyil...
Rauf KƏNGƏRLİ