Mirzə Uluğbəy adına Özbəkistan Milli Universiteti Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə böyük Azərbaycan yazıçısı, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin 150 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirib.
Konfrans çərçivəsində Cəlil Məmmədquluzadənin Daşkənddə özbək dilində çap olunan “Poçta qutusu” kitabının təqdimatı da olub.
Konfransda Özbəkistanın elm və mədəniyyət xadimləri, yazıçılar, universitetin professor-müəllim heyəti, tələbələr iştirak edib.
Əvvəl iştirakçılar AMM-nin təşkil etdiyi sərgiyə baxıblar. Sərgidə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, AMM-nin Daşkənddə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı özbək dilində çap etdirdiyi kitablar nümayiş etdirilib. Sonda kitablar universitetə hədiyyə olunub.
Professor Həmidulla Baltabayev Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı haqqında məlumat verib.
Universitetin prorektoru Raxima Kərimova Azərbaycan-özbək ədəbi əlaqələrindən danışıb, son bir neçə ildə Özbəkistanda Azərbaycan ədəbiyyatı və mədəniyyətinə dair çoxlu kitabın çap edildiyini, bu işdə AMM- nin böyük rolu olduğunu vurğulayıb.
AMM-nin direktoru Samir Abbasov Azərbaycanla Özbəkistan arasında dostluq münasibətlərindən, həmçinin şair və yazıçılarımızın yaradıcılıq əlaqələrindən danışıb. O deyib ki, indiyədək Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə bağlı Daşkənddə özbək dilində 60-dan artıq kitab işıq üzü görüb. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si iki variantda - Alimcon Buriyevin tərcüməsində bir kitabda, Xalq şairi Camal Kamalın tərcüməsində isə ayrı-ayrı kitablarda çap edilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi Binnətova Cəlil Məmmədquluzadəni yazıçı, dramaturq, jurnalist, ictimai xadim kimi təhlil edib, milli mətbuatımızın inkişafında ədibin nəşr etdiyi “Molla Nəsrəddin” jurnalının yerindən və rolundan danışıb. O deyib ki, “Molla Nəsrəddin” jurnalının birinci nömrəsi 1906-cı ildə Tiflisdə işıq üzü görüb. Belə ki, jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. 25 il ərzində nəşrin 748 nömrəsi çıxıb.
Dosent Gülbahar Aşurova və filologiya üzrə fəlsəfə doktoru Obidjon Şofiyev “Molla Nəsrəddin” jurnalının ancaq Azərbaycanda deyil, Orta Asiyada da maraqla oxunduğunu diqqətə çatdırıblar.
Almaz Ülvi Binnətova böyük satirik yazıçının mis üzərində döyülmüş portretini və Bakıda “Molla Nəsrəddin” jurnalının latın qrafikası ilə nəfis şəkildə çap olunan birinci və ikinci cildlərini universitetə hədiyyə edib.
Sonda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Mirzə Uluğbəy adına Özbəkistan Milli Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Xəbərlər şöbəsi