Bələdiyyə seçkiləri - 2019
23 dekabr 2019-cu il Azərbaycan Respublikasında bələdiyyə seçkiləri günüdür.
Hörmətli seçicilər
Azərbaycan Respublikasının Seçki Məcəl ləsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən növbəti bələdiyyə seçkiləri 23 dekabr 2019-cu il tarixə təyin olunmuş və Seçki Məcəlləsinin 213.2-ci maddəsinə uyğun olaraq 19 oktyabr 2019-cu il tarixdə “Azərbaycan” qəzetində dərc olunmuşdur.
Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər.
Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:
Əhalisi 500-dən az olan ərazilərdə – 5 bələdiyyə üzvü;
əhalisi 500-dən 999-dək olan ərazilərdə – 7 bələdiyyə üzvü;
əhalisi 1000-dən 4.999-dək olan ərazilərdə – 9 bələdiyyə üzvü;
əhalisi 5000-dən 9.999-dək olan ərazilərdə – 11 bələdiyyə üzvü;
əhalisi 10000-dən 19.999-dək olan ərazilərdə – 13 bələdiyyə üzvü;
əhalisi 20000-dən 49.999-dək olan ərazilərdə – 15 bələdiyyə üzvü;
əhalisi 50000-dən 99.999-dək olan ərazilərdə – 17 bələdiyyə üzvü;
əhalisi 100000-dən 299.999-dək olan ərazilərdə – 19 bələdiyyə üzvü.
Naxçıvan Muxtar Respublikası üzrə 170 bələdiyyəyə 1452 nəfər üzv seçiləcəkdir.
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir.
Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır.
Vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə maneolma, vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya onun səs verməsinə maneolma, seçki komissiyalarının işinə müdaxiləetmə və ya təsirgöstərmə, seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin nəticələrinə təsir məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Bələdiyyə üzvlüyünə namizədlərin
irəli sürülməsi qaydası
Seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları irəli sürə bilərlər.
Bələdiyyələrə təkrar və əlavə seçkilərdə bələdiyyə üzvlüyünə namizədlər bu seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür.
İrəli sürülən namizəd yalnız bir bələdiyyəyə namizəd irəli sürülməsinə razılıq verə bilər.
Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa çatmayıbsa, namizədin irəli sürülməsi haqqında bildiriş, müvafiq namizədlərin razılıq ərizələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası göstərilən sənədləri dairə seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir.
Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin imzaları toplanmalıdır.
Bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması qaydası
Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş:
əhalisi 99.999-dan çox olan ərazidə – 150 seçici imzası;
əhalisi 49.999-dan çox olan ərazidə – 100 seçici imzası;
əhalisi 19.999-dan çox olan ərazidə – 75
seçici imzası;
əhalisi 9.999-dan çox olan ərazidə – 50
seçici imzası;
əhalisi 4.999-dan çox olan ərazidə – 30
seçici imzası;
əhalisi 4.999-dan az olan ərazidə – 15
seçici imzası toplamalıdır.
Namizədlərin öz təşəbbüsü ilə və ya bilavasitə seçicilər tərəfindən irəli sürülməsi
Namizəd öz təşəbbüsü ilə və ya aktiv seçki hüququ olan seçicilər tərəfindən irəli sürülə bilər, o şərtlə ki, ərazisində namizədin dəstəklənməsi üçün zəruri olan imzaların yığıldığı və namizədin qeydə alınmasının nəzərdə tutulduğu müvafiq seçki komissiyasına bu barədə bildiriş göndərilsin.
Bələdiyyə üzvlüyünə namizəd yalnız bir bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürülə və qeydiyyata alına bilər.
Namizəd və ya namizədi irəli sürən seçicilərin təşəbbüs qrupu öz təşəbbüsü barədə müvafiq seçki komissiyasına yazılı bildiriş verir. Bildirişdə namizədi irəli sürən hər bir təşəbbüsçünün və namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi, bundan başqa, irəli sürülən namizədin əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda – fəaliyyət növü) göstərilməlidir.
Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar.
Bildirişlə birlikdə namizədin seçkili dövlət və ya bələdiyyə orqanında seçkili vəzifəyə seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyinə dair yazılı öhdəliyi olan ərizə də göndərilir. Bu ərizədə onun tərcümeyi-halına aid məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri (bu olmadıqda – fəaliyyət növü)) göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa, xarici ölkənin müvafiq qanununun adı göstərilməlidir. Namizədin ərizəsində Azərbaycan Respublikasının vətəndaşlığı haqqında məlumatla yanaşı, xarici ölkə vətəndaşlığının və başqa ölkələr qarşısında öhdəliklərinin olub-olmaması da göstərilməlidir.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası